"Euronews": Türkdilli ölkələr saxta xəbərlərlə müb...
22:40 07.12.2025
0
0
0
NAXÇIVAN :
07 Dekabr 2025, Bazar
2025-ci il Azərbaycan mətbuatı üçün xüsusi əhəmiyyətə malik bir tarixdir. Bu Azərbaycan tarixinin yeni yaşanan mərhələsidir. Niyəsi, daha doğrusu, səbəbi aydındır: bu il biz həm mətbuatımızın 150 illiyini, həm də xalqımızın qüdrətini, mənəvi birliyini, dövlət-xalq vəhdətini bütün dünyaya göstərmiş zəfərimizin 5 illiyini qeyd edirik. Qürurluyuq ki, tarixin iki böyük qovuşmasına şahidlik etmək nəsibimiz olub. Sirr deyil ki, bu gün Azərbaycan mediası son yüzilliyin ən güclü dövrünü yaşayır. Bizim üçün qalib ölkənin səsini dünyaya çatdırmaq həm şərəfdir, həm də məsuliyyət. Bu, xalqın söz gücü ilə qələbə ruhunun birləşdiyi, informasiyanın və ideologiyanın eyni məcrada ucaldığı böyük bir milli hadisədir.
Həm döyüş meydanında, həm də söz meydanında qalib lider: Prezident və media
Zəfərin beş ili milli qürurumuzun təntənəsi, dövlətçilik tariximizdə ən önəmli dönəmin LİDERİ Ali Baş Komandan İlham Əliyevdir. Onun rəhbərliyi ilə xalqımız 30 il həsrətində olduğu zəfərə qovuşdu: Ali Baş Komandanın ətrafında sıx birləşməklə. Ölkə Prezidenti təkcə döyüş meydanında deyil, həm də informasiya cəbhəsində də qələbə qazandı. 2020-ci ildə bütün gözlər cənab Prezidentin rəsmi sosial şəbəkələrində idi. Həmin dövrdə feyk xəbərlərin yayılması qaçınılmaz idi. Amma xalqımız Ali Baş Komandanına inanırdı. Onun qətiyyətlə dediyi “Biz haqq yolundayıq, biz qalib gələcəyik!” sözləri oğlunu müharibəyə göndərən hər bir anada, atada böyük inam və gələcəyə ümid hissini daha da gücləndirmişdi. Oğlu şəhid olan bir ana: “Mənim oğlumun nişanı da, toyu da, bayramı da onun bayrağıdır!” – deyərək oğlunun həyatını və şəhidliyə ucalmaq qismətini, xalqın ata-baba əmanəti olan Vətən uğrunda apardığı mübarizənin ayrılmaz bir parçası kimi qəbul etdi. Ali Baş Komandan ətrafında cəm olmuş xalq, həmrəylik və qətiyyətlə mübarizəyə davam edərək müstəqillik və ərazi bütövlüyü uğrunda verilən bu müqəddəs mübarizəni qazandı. Bütün bunlara səbəb Ali Baş Komandanın daim media vasitəsilə və sosial şəbəkələrdəki aktiv fəaliyyəti ilə xalqla iç-içə olması idi. Xüsusilə “Twitter/X” üzərindən etdiyi paylaşımlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş rezonans doğurdu və belə də olmalı idi. Cənab Prezidentin paylaşdığı “Qarabağ Azərbaycandır!” ifadəsi sosial mediada milyon dəfələrlə paylaşıldı və Azərbaycanın informasiya müharibəsində qələbəsinin təməlini qoydu. Bu paylaşımlar ölkənin haqq səsini dünyaya çatdırmaqda və düşmən təbliğatına qarşı mübarizədə böyük rol oynadı. Ali Baş Komandanın sosial şəbəkələrdəki aktivliyi həm də xalqın ruhunu yüksəltdi, böyük bir mənəvi güc yaratdı. Bu gün qürurla deyirik ki, məhz Ali Baş Komandanın yaxın keçmişdə verdiyi çoxsaylı müsahibələr regiona və dünyaya Azərbaycanın yeni reallıqlarını izah edən strateji bələdçi rolunu oynayıb. Hər bir müsahibə və açıqlama isə 150 illik Azərbaycan mediasına verilmiş əvəzsiz töhfə, o dövrün tarixidir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, son beş ildə Prezident İlham Əliyev 90-dan çox beynəlxalq və yerli media qurumuna müsahibə verib. Bu müsahibələrdə Qarabağ həqiqətləri, post-müharibə quruculuğu, regional təhlükəsizlik, Zəngəzur dəhlizi, enerji siyasəti və iqtisadi islahatlar kimi mövzular əhatəli şəkildə izah edilib; əsl siyasətçi baxışı ilə qarşıdakını inandıra bilib. Çünki Prezidentin hər bir kəlməsinin təməlində Əlahəzrət HƏQİQƏT dayanıb. Ali Baş Komandanın müsahibələrinin siyasi tariximizin şifahi salnaməsi, milli ruhumuzun daşıyıcısı və 150 illik dövlətçilik ənənəsinin avanqard ideoloji mənbəyinə çevrilməsi də bununla bağlıdır. Bu çıxışlar həm bu günümüzü izah edir, həm də gələcək nəsillər üçün tarixi dəyəri olan əvəzolunmaz faktları özündə ehtiva edir. Azərbaycanın jurnalist ordusunun ölkə başçısının ətrafında sıx birləşərək onun çıxışlarını tezis kimi qəbul etməsi də təbiidir. Yaxşı xatırlayırıq ki, müharibə zamanı heç bir dezinformasiya yayılmadan, igid oğullarımızın qəhrəmanlıqları və bu möhtəşəm qələbəni necə qanımızla qazandığımız yalnız döyüş meydanında deyil, həm də medianın vasitəsilə xalqımıza çatdırılırdı. Ali Baş Komandanımızın xalqa etdiyi müraciəti mediaya olan güvənimizin və informasiya mübadiləsinin nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Media, sadəcə, müharibənin gedişatını izləməklə öz vəzifəsini bitmiş hesab etmirdi, həm də xalqımızın birliyini, ordu ilə xalq arasındakı sıx əlaqəni və milli iradəni dünyaya çatdıran əsas platforma funksiyasını yerinə yetirdi. Xalqımız media vasitəsilə igid oğullarımızın hər bir qələbə anını, şəhidlərimizin qəhrəmanlığını, hər bir döyüşçümüzün adını və zəfərimizə necə yaxınlaşdığımızı izləyərək bu uğurun həm ruhən, həm də praktiki olaraq necə əldə edildiyini görürdü.
“150+5: Sözümüz zəfərlə ucaldı” – bu ifadə, həm mətbuatımızın inkişafını, həm də informasiya sahəsindəki uğurlarımızı simvolizə edir. Sözsüz ki, bu uğurlar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunub. Təbii ki, qazanılan hər bir zəfər də onun strateji qərarlarının nəticəsidir. Bu dövrün ən böyük qəhrəmanları isə şəhidlərimiz və döyüşən oğullarımızdır. Onların igidliyi, fədakarlığı və qəhrəmanlığı mətbuatımızın və xalqımızın zəfərini tamamlayan ən böyük amildir. Hər bir xəbər, hər bir məqalə və hər bir reportaj bu uğurları əks etdirir, sözümüzü zəfərlə ucaldır.
Beləliklə, 150 illik mətbuat tariximizin son 5 ili həm qələbələr, həm də qəhrəmanlıq ilə yazıldı – Ali Baş Komandanın rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı sayəsində.
Minalı yolda qəhrəmanlıq: Kəlbəcərdə həyatını fəda edən həmkarlarım
Vətən müharibəsi – 2020-ci il 27 sentyabr tarixdə başlayan və 44 gün davam edən bu tarixi döyüş Azərbaycan xalqının milli və mənəvi gücünü bütün dünyaya göstərdi. Sübut olundu ki, bu xalq öz tarixi köklərinə sadiqdir, milli-mənəvi dəyərlərini, ata-baba əmanəti olan torpaqlarını qorumağa qadirdir. Bu müharibə təkcə hərbi cəbhədə deyil, eyni zamanda informasiya cəbhəsində də böyük əhəmiyyət daşıdı. Azərbaycan jurnalistləri informasiya müharibəsinin ön sıralarında dayanaraq döyüşlərin gedişatını, xalqın fədakarlığını və qəhrəmanlıq ruhunu dünya ictimaiyyətinə çatdırdılar. Dünya da xalqımızın haqq mübarizəsinin şahidi oldu.
Bu gün və gələcək nəsil gənc jurnalistlər üçün nümunə odur ki, müharibə dövründə jurnalistlərimiz cəbhə xəttinə yaxın ərazilərdə təhlükə içində çalışaraq məlumatları dəqiqləşdirir, həqiqəti dünyaya çatdırırdılar. Belə demək mümkündürsə, onlar da döyüşçülərimiz kimi informasiya cəbhəsinin əsgərlərinə çevrilmişdilər. Hər xəbər, reportaj və canlı yayım həm peşəkar borc, həm də Vətən uğrunda mübarizənin bir hissəsi idi. Onlar, sadəcə, faktları demirdilər – xalqın iradəsini, birliyini, əzmini və qələbəyə olan inamını göstərirdilər.
Təsadüfi deyil ki, onların hazırladıqları materiallar yalnız Azərbaycanda deyil, bütün dünyada böyük rezonans doğururdu.
Lakin xüsusilə vurğulanmalıdır ki, qəhrəman jurnalistlərimiz müharibənin gedişində yox, zəfərdən sonra – 2021-ci ilin iyununda Kəlbəcərə çəkilişə gedərkən mina partlayışı nəticəsində şəhid oldular. Onlar azad edilmiş ərazilərin gerçəkliyini dünyaya göstərmək, işğaldan azad olunmuş torpaqlarda həyatın izlərini, insanların hekayələrini çatdırmaq üçün böyük fədakarlıqla çalışırdılar.
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan televiziyasının operatoru Sirac Abışov bu şərəfli missiyanı yerinə yetirərkən həlak oldular. Onlar azad olunmuş Kəlbəcərdə mina partlayışı nəticəsində şəhidlik zirvəsinə ucaldılar. Bu itki Azərbaycan mediasının tarixində dərin iz qoydu. Onlar təkcə jurnalist deyildilər, zəfərdən sonra da informasiya cəbhəsinin qəhrəmanları olaraq xidmətlərini davam etdirirdilər.
Onların göstərdiyi fədakarlıq Azərbaycanın təkcə hərbi deyil, informasiya müharibəsində də qalib xalq olduğunu bir daha sübut edir. Bu gün qələbə bayramını qeyd edərkən həmin qəhrəman jurnalistlərimizin xatirəsini əziz tutmaq, onların işinə verdiyi dəyəri vurğulamaq hər birimizin borcudur. Çünki onlar azad edilmiş torpaqların həqiqətlərini dünyaya çatdırmaq uğrunda canlarından keçən qəhrəmanlardır.
Hər bir şəhid jurnalistimizin xatirəsi əbədidir. Onların adları Azərbaycan tarixinin, zəfər yolunun unudulmaz səhifələrində yaşayır. Bu işıqlı xatirələr gələcək nəsillərə Vətənə sevgi, peşəyə sədaqət və fədakarlıq ruhu aşılayacaq.
Zəfərdən 5 il sonra: dünya mediasının səsi Qarabağda ucalır
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda təkcə ərazi bütövlüyü bərpa olunmayıb, həm də bu torpaqda Azərbaycanın media və informasiya siyasəti yeni bir dövrə qədəm qoyub. Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı olmaqla qalmayıb, həm də qlobal informasiya və media dialoqunun mərkəzinə çevrilib.
Şuşa bu gün dünya mediasının diqqətini cəlb edən bir məkandır. 2023-cü ilin iyul ayında keçirilən Qlobal Media Forumunda dünyanın müxtəlif nöqtələrindən media rəhbərlərinin, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gəlməsi də təbii idi. Bu, Azərbaycanın müharibə dövründə apardığı ədalətli və peşəkar informasiya mübarizəsinin dünya səhnəsində necə əks olunduğunu nümayiş etdirdi.
Bu gün azad edilən torpaqlarda Azərbaycanın media səsinin yüksəlməsi hər birimizi ürəkdən sevindirib. Qarabağda, o cümlədən Şuşada keçirilən forumlar, Azərbaycanın informasiya sahəsindəki liderliyini, həmçinin dezinformasiyaya qarşı mübarizənin qlobal əhəmiyyətini vurğulamaqla yanaşı, Qarabağda medianın azad səsinin yüksəldiyini və dünya mediasının da bu səslə birgə daha da gücləndiyini göstərir.
2024-cü ildə keçirilən II Qlobal Media Forumunda Prezident İlham Əliyev daha bir məsələ üzərində dayandı. Ölkə başçısı açıq informasiya siyasətini və Azərbaycanın media azadlığını vurğulayaraq Azərbaycanın Qarabağda qazandığı zəfərin media sahəsində də önəmli bir qələbə olduğunu diqqətə çatdırdı. Forumda müzakirə olunan mövzular arasında jurnalistikada etik qaydalar, süni intellektin rolu və yeni media reallıqları da diqqət mərkəzinə çəkildi.
Qarabağdan azad etdiyimiz torpaqdan yüksələn media səsi Azərbaycanın dünya mediasında daha da möhkəmlənən mövqeyini əks etdirir. Mediamız yüksək tribunadan həqiqət səsimizi dünyaya çatdırır. Bununla da qürur duyuruq ki, artıq yalnız siyasi və iqtisadi məsələlər deyil, informasiya mübarizəsi də beynəlxalq arenada Azərbaycanın güclü təsir vasitəsinə çevrilib.
Qalib xalqın jurnalisti: tarixi yazma missiyası
Düşünürəm ki, Vətənini, torpağını, şərəfli tarixini sevən hər bir jurnalisti dövləti üçün xoş xəbərlərin yayımı daha da qürurlandırır. Jurnalist yalnız xəbər vermir, o həm də tarix yazan, xalqın səsini gələcək nəsillərə çatdıran bir körpüdür, köklü vasitədir. Ona görə də bu gün biz jurnalistlər dövlətimizin qələbəsini qürurla yazmaqla yanaşı, onu gələcək nəsillərə çatdırmaq məsuliyyətini də daşıyırıq. Bu yazını hazırlayarkən Ali Məclisin 104 yaşlı rəsmi orqanı “Şərq qapısı” qəzetinin növbəti sayı çapa hazırlanır. Bu sayda qalib dövlətin qalib jurnalistləri kimi böyük qürur hissi ilə tarixin bu şanlı səhifəsində yerimizi alırıq. 150 illik yubileyimizi qeyd etdiyimiz bir ildə biz zəfərimizi gələcək nəsillərə nümunə qoyan insanların səsi missiyasını yerinə yetiririk.
Bu gün, sözsüz ki, qalib xalqın jurnalistləri kimi bu izləri qoymaqdan və xalqımızın uğurlarını dünyaya çatdırmaqdan qürur duyuruq. Bizim sözümüz, bizim hekayəmiz xalqımızın zəfərinin bir parçasıdır.
Xüsusilə diqqətə çatdırıram ki, mətbuatın 150 illiyi və zəfərin 5 illiyi bir-birini tamamlayan iki böyük anlamdır. Bu iki tarix sanki bir kitabın ardıcıl fəsilləridir:
birinci fəsil – xalqın 150 il ərzində yetişdirdiyi söz mədəniyyəti;
ikinci fəsil – həmin sözün qələbə ruhu ilə ucaldığı zəfər epoxası.
Bu gün artıq tam əminliklə deyə bilərik:
150+5 bizim milli yaddaşımızdır.
150+5 dövlət gücümüzün rəmzidir.
150+5 sözümüzün zəfərlə ucaldığı tarixdir.
Sara ƏZİMOVA
“Şərq qapısı” qəzetinin baş redaktoru
Digər xəbərlər