NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Gözün aydın, Naxçıvan!

...

Zəngəzura bir addım

Bu gün Naxçıvanın gözü işıqlı, nəfəsi rahatdır. İllərdir, sərhədlərin arxasında qalan, Vətəninə qovuşmaq üçün yol gözləyən qədim diyarımız bu müjdəni ən böyük sevinc kimi qarşılayır: Zəngəzur dəhlizi açılır!
Vaşinqtonda imzalanan tarixi sənədlər Azərbaycan diplomatiyasının parlaq qələbəsidir. Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və milli maraqlarımızdan geri addım atmayan siyasəti nəticəsində rəsmi İrəvan Azərbaycanın şərtlərini qəbul etdi. Etməyə bilməzdi.
Artıq Naxçıvana gediş-gəliş tam maneəsiz təmin olunacaq. 42 kilometrlik dəmir yolunun çəkilişi və bütün infrastruktur xərcləri ABŞ tərəfindən ödəniləcək. Bu təkcə yolun açılması deyil – bu, illərin ayrılığının bitməsi, ruhların, qəlblərin qovuşmasıdır. Bu, düzgün müəyyənləşdirilmiş, sabaha hesablanmış siyasətin yeni qələbəsi və 2020-ci ildə qazanılmış zəfərin məntiqi davamıdır.
Vaşinqton görüşündə əldə olunan razılaşmalara əsasən:
Azərbaycan və Ermənistan arasında birgə bəyanat imzalandı;
Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin açılması barədə Memorandum qəbul olundu;
Sülh sazişinə gedən yol xəritəsi razılaşdırıldı;
Ermənistan ATƏT-in Minsk Qrupundan imtina etdi.
Bu, tarixə qızıl hərflərlə yazılacaq bir gündür. Çünki bu dəhliz təkcə Naxçıvanın deyil, bütöv Azərbaycanın nəfəs yolu, iqtisadi gücünün artması, Türk dünyasına qapının geniş açılması deməkdir. Gözləyirdik və gördük. Çünki bu torpaq bizimdir. Bu yol bizimdir. Bu tarix bizimdir.
Və bu yolun sonunda bir Lider dayanır – sözündə, əməlində, qərarında dəmir kimi möhkəm olan Ali Baş Komandan. Qarabağı azad edən iradə, bu yolun da açarını daşıyır. Biz onu tanıyırıq. Biz ona güvənirik.
O, hər zaman deyirdi: “Biz istədiyimizə nail olacağıq”. Və biz inanırdıq – necə ki Şuşaya bayraq sancıldısa, bu yol da bir gün bütöv Azərbaycanın nəfəs yolu olacaq. Səngərlər təkcə torpaqda yox, ürəklərdə də qazılır. Bu iradə, bu ruh, bu birlik heç kimə və heç nəyə uduzmaz.
Biz hazırıq. Biz inanırıq. Biz güvənirik.
Bu yol bizim olacaq.
Bu Qələbə yenə bizim olacaq.
Və Naxçıvan artıq gözləmir. Naxçıvan çağırır.
Gözün aydın, Naxçıvan! Artıq Vətənə yolun açıqdır…

Sara ƏZİMOVA
jurnalist

Nəşr edilib : 08.08.2025 10:58