NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

NDU-nun çinli müəllimi Xiaofen Zhang: Naxçıvanın dinc mühiti və insanlarının səmimiyyəti məni valeh etdi

img

Son illərdə Naxçıvan Dövlət Universiteti ilə Çin Xalq Respublikasının ali təhsil və elm müəssisələri arasında əməkdaşlıq əlaqələri genişlənir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2026-2027-ci tədris ilində NDU-da ilk dəfə Tərcümə (Çin-Azərbaycan dilləri) ixtisasının yaradılması və həmin ixtisas üzrə tədrisə başlanılmasıdır. 2026-cı ilin iyul ayında isə NDU ilə Çinin Urumçi Peşə Universiteti arasında elm, təhsil və innovasiya sahələrində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumunun imzalanması əlaqələrin inkişafına yeni imkanlar açıb.
Bu əməkdaşlıq çərçivəsində Naxçıvana gələn mütəxəssislərdən biri də çinli müəllim Xiaofen Zhangdır. 40 yaşlı müəllim Çinin Qansu əyalətinin Tianshui Normal Universitetinin əməkdaşıdır. NDU-da Çin dilini tədris etmək təklif aldıqda bunu yeni ölkə tanımaq və yeni təcrübə qazanmaq üçün yaxşı fürsət kimi dəyərləndirib: “Universitet tərəfindən mənə Naxçıvanda Çin dilini tədris etmək imkanı təklif edildikdə bunu dünyanı daha yaxından kəşf etmək və zəngin təcrübə qazanmaq üçün gözəl fürsət kimi dəyərləndirdim. Mən də dünyanı gəzmək, yeni yerlər görmək və fərqli mədəniyyətlərlə tanış olmaq istəyirdim. Çində belə bir qədim deyim var: “Min kitab oxumaqdansa, min mil yol getmək yaxşıdır”. Yəni insan yalnız oxumaqla kifayətlənməməli, həm də dünyanı gəzib görməlidir”, – deyə Xiaofen Zhang bildirib.
Naxçıvana gəlməzdən əvvəl bu şəhər haqqında internetdə müəyyən araşdırmalar aparsa da, real mənzərə onun ilkin təsəvvürlərindən xeyli fərqlənib. Xüsusilə təhlükəsizlik, şəhərin təmizliyi və insanların münasibəti onda xoş təəssürat yaradıb: “Buraya gəlməzdən əvvəl bəzi dostlarım Naxçıvanın təhlükəli ola biləcəyini demişdilər. Ancaq gəldikdən sonra buranın kifayət qədər təhlükəsiz, təmiz, sakit və dinc bir yer olduğunu gördüm. Naxçıvanın məhz bu dinc mühiti və insanlarının çox səmimi, istiqanlı olması mənim ən çox sevdiyim cəhətlərdən biri oldu”, – deyə o təəssüratlarını bölüşür.
Xiaofen Zhangin diqqətini çəkən məqamlardan biri də Çin ilə Naxçıvan arasında məişət və təhsil infrastrukturu mühitinin fərqliliyidir: “Çindəki universitet kampusları geniş ərazini əhatə etdiyi üçün orada tələbələr üçün müxtəlif qidalanma mərkəzləri, idman kompleksləri və yataqxanalar daha çoxdur. Naxçıvanda isə tələbələrin böyük hissəsi öz evlərindən universitetə gəlir və ya kirayə evlərdə yaşayırlar. Çində isə vəziyyət fərqlidir, orada tələbələrin günü daha çox kampus daxilində keçdiyi halda, burada gənclər şəhər mühiti ilə daha sıx təmasdadırlar”, – deyə müəllim qeyd edir.
Tədris prosesinə və tələbə psixologiyasına gəldikdə Xiaofen Zhang iki ölkənin gəncləri arasında maraqlı müqayisələr aparır: “Çindəki tələbələrlə buradakı tələbələr arasında da müəyyən fərqlər var. Naxçıvanda tələbə mühiti daha fəal, səmimi və açıq dialoqa söykənir. Çində buraya nisbətən dərslərə bir az tələbkar yanaşılır.
Həmçinin Naxçıvandakı tələbələrin yardımsevər, həyat dolu və səmimi olmaları mənim çox xoşuma gəlir”.
Yeni yaradılmış Çin dili ixtisası üzrə tədrisin təşkili zəruri resursların və maddi-texniki bazanın formalaşdırılması da mərhələli şəkildə davam edir. Xiaofen Zhang universitetdə yaradılan şəraitdən danışarkən mövcud imkanlardan səmərəli istifadə olunduğunu vurğulayır: “Tədris prosesində Naxçıvan Dövlət Universitetinin təqdim etdiyi imkanlardan yararlanırıq. Yeni yaradılmış Çin dili bölməsində resurslarımız mərhələli şəkildə zənginləşsə də, mövcud imkanları ən effektiv şəkildə dəyərləndiririk. Hazırda lövhə, proyektor və digər zəruri avadanlıqlarla təmin olunmuş auditoriyalarda dərslərimizi uğurla davam etdiririk”, – deyə o bildirir.
Xiaofen Zhangin Naxçıvana gəlişi və burada Çin dilinin tədrisində iştirakı yalnız akademik əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyət daşımır. Bu eyni zamanda Azərbaycan və Çin xalqlarının mədəniyyətini, düşüncə tərzini və həyat təcrübəsini bir-birinə daha yaxından tanıtmaq üçün yeni imkanlar yaradır. Naxçıvan Dövlət Universitetində Çin dili üzrə yeni ixtisasın fəaliyyətə başlaması isə tələbələrin fərqli mədəniyyətləri öyrənməsinə, dil biliklərini inkişaf etdirməsinə və beynəlxalq əməkdaşlıq imkanlarından yararlanmasına xidmət edir.
Bir vaxtlar yalnız internet vasitəsilə tanımağa çalışdığı Naxçıvan bu gün çinli müəllim üçün canlı təəssüratların, səmimi münasibətlərin və yeni təcrübələrin məkanına çevrilib. Onun fikirləri isə göstərir ki, xalqlar arasında qarşılıqlı anlaşmanın yolu təkcə rəsmi əməkdaşlıqdan deyil, həm də gündəlik ünsiyyətdən, səmimi münasibətlərdən və bir-birinin mədəniyyətini yaxından tanımaqdan keçir.

Elnurə CƏFƏROVA

DAHA ƏTRAFLI