NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Muxtar respublikamızda gələcəyin dünya çempionları yetişir

...

Hövsan Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş kikboksinq turnirinə yekun vurulub. 28 klubdan 300-dən çox idmançının qüvvəsini sınadığı nüfuzlu yarışda Naxçıvanın “Ləvənt Bulut” döyüş klubunun yetirmələri öz əzmkar çıxışları ilə növbəti dəfə uğura imza atıblar.

Turnirin ən həyəcanlı hissəsi sayılan qala gecəsində “low-kick” və “K1” növləri üzrə rinqə çıxan 6 idmançımız döyüşlərdə qalib gələrək çempionluq kubokunu Naxçıvana gətiriblər. Yarışın idman baxımından əhəmiyyəti ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından da rolu böyük olub. Turnirdən qələbə ilə qayıdan komandanın üzvləri və məşqçisi yarış barədə öz təəssüratlarını bizimlə bölüşüblər.

70 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Əli Yasinov bildirib ki, onun çəkisində çox təcrübəli və güclü rəqiblər olub: “Turnirin hər mərhələsi çətin keçsə də, mənim üçün ən böyük motivasiya yarışın daşıdığı ad olub. Biz Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnirdə iştirak etdik və böyük uğura imza atdıq. Bu qələbə təkcə bizim yox, həm də məşqlərdə üzərimizdə əməyi olan məşqçilərimizin də qələbəsidir”.

26 kiloqram çəki dərəcəsində yarışan Samir Əliyev isə deyib ki, yaş və çəki baxımından komandanın kiçik üzvlərindən olsa da, rinqə çıxarkən heç bir həyəcan hiss etməyib: “Çünki arxamda məşqçimin və komanda yoldaşlarımın dəstəyini hiss edirdim. Bakıda Hövsan İdman Kompleksində tribunalardan gələn səslər, yarışın ab-havası məni daha da ruhlandırırdı. Rəqibim çox güclü idi, amma rinqdə daha sürətli olmağa çalışdım və zərbələrimi dəqiq vurdum. Qalib elan olunub kuboku mənə təqdim edəndə çox sevindim. Naxçıvana çempion kimi qayıtmaq, valideynlərimi və doğmalarımı sevindirmək mənim üçün ən böyük xoşbəxtlikdir”.

Məşqçi Nurlan Sadıqov isə deyib ki, Bakıda iştirak etdikləri turnirdə  Naxçıvanın idman ənənələrini layiqincə təmsil ediblər: “Milli Qəhrəman Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş turnirdə rəqabətin çox ciddi olacağını əvvəlcədən bilirdik. 28 güclü klub arasında fərqlənmək heç də asan deyil. Tələbələrimlə uzun zamandır, gərgin məşqlər edirdik, daha çox taktiki hazırlıqlar üzərində çalışırdıq. Rinqə çıxan idmançılarımızın hər biri tapşırıqları dəqiqliklə yerinə yetirdi. Qala gecəsindəki döyüşlər psixoloji cəhətdən də böyük dözümlülük tələb edirdi. Uşaqlar həm “low-kick”, həm də “K1” növlərində əsl xarakter nümayiş etdirdilər. Turnirə 6 idmançı ilə qatılmışdıq, 6 kubokla geri dönmək bizim üçün qürurvericidir. Qarşıda bizi beynəlxalq yarışlar gözləyir. Çalışacağıq ki, beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edək”.

Gənclərin bu əzmi bir daha sübut edir ki, muxtar respublikamızda sağlam, vətənpərvər və gələcəyin dünya çempionları olacaq güclü bir nəsil yetişir.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 08.06.2026 16:40