NAXÇIVAN :

06 Iyun 2026, Şənbə

Naxçıvanın unudulmuş izlərini yenidən canlandıran təşəbbüs

...

Bəzən elə şəkillər olur ki, tək bir anı yox, bütöv bir dövrü danışdırır. Unudulmuş küçələri, artıq yerində olmayan tikililəri, illərin toz basdığı xatirələri yenidən gün işığına çıxarır. Naxçıvanın keçmişinə aid fotoları sosial şəbəkələrdə paylaşaraq böyük maraq yaradan Yunis Xəlilovun təşəbbüsü də məhz belə bir missiyanı daşıyır: keçmişin izlərini bu günün yaddaşında yaşatmaq.    

Hər şey sosial şəbəkədə paylaşılan bir şəkillə başlayıb. Yunis Xəlilovun sözlərinə görə, “Facebook” hesabı kifayət qədər geniş auditoriyaya malikdir və son üç ay ərzində paylaşımları 5 milyondan çox baxış toplayıb. İlk paylaşdığı foto isə Naxçıvan sakinlərinin yaddaşında xüsusi yeri olan “Mamed əminin çayçısı”nın görüntüsü olub. Vaxtilə Hüseyn Cavid məqbərəsinin yaxınlığında, Bəhruz Kəngərlinin heykəli yerləşən ərazidə fəaliyyət göstərən, 1986-cı ildə tikilmiş bu məkan indi mövcud deyil.
Elə həmin foto da böyük maraqla qarşılanıb. Qısa müddətdə 140 min baxış toplayıb. Ardınca paylaşdığı digər fotolar da eyni marağı doğurub və bu onu işi daha sistemli şəkildə davam etdirməyə həvəsləndirib.
Beləliklə, o paylaşımlarını iki istiqamətdə formalaşdırıb: uzaq keçmişə aid –  XX əsrin əvvəllərini əks etdirən fotolar və yaxın keçmişi, xüsusilə 1990-cı illərdən sonrakı dövrü canlandıran şəkillər.
Bu fərqlilik auditoriyada da özünü göstərib. Gənclər yaxın keçmişin görüntülərinə heyrətlə baxır, yaşlı nəslin nümayəndələri isə öz gənclik illərini həmin fotolarda yenidən yaşayır, xatirələrini bölüşürlər. Paylaşımların yaratdığı rezonans zamanla gözlənilməz qapılar açıb.
Naxçıvan şəhərindən və bölgələrdən insanlar Yunis Xəlilovu evlərinə dəvət etməyə başlayıblar. Ona şəxsi fotoalbomlarını təqdim edib, illərlə qoruyub saxladıqları nadir materialları bölüşüblər. Artıq bu günə qədər 7-8 şəxsi albom toplanıb və onların böyük hissəsində indiyədək ictimaiyyətə təqdim olunmamış    fotolar yer alır.
Bu maraq təkcə ölkə daxilində yox, xaricdə yaşayan naxçıvanlılar arasında da böyük əks-səda doğurub. Ona yüzlərlə mesaj gəlir. İnsanlar hər gün keçdiyi küçələrdə, məhəllələrdə yaşadıqlarını, həmin yollarla məktəbə getdiklərini, o yerlərin onların uşaqlıq xatirələrinin ayrılmaz hissəsi olduğunu yazırlar.
Yunis müəllimin sözlərinə görə təşəbbüsün arxasında ciddi arxiv işi də dayanır. O, atası Fərman Xəlilovun fəaliyyət dövründən qalan lent materiallarını hazırlayıb, oradan şəkillər çıxarıb. Bununla yanaşı, Hüseyn Cavidin ev-muzeyinin fondundan, müxtəlif arxivlərdən, Naxçıvan Dövlət Milli Dram Teatrına və digər tarixi məkanlara aid fotolar əldə edərək paylaşmağa başlayıb.
Onun sözlərinə görə, bəzən onu tanımayan insanlar belə bu işə dəstək vermək üçün qapılarını açıblar. Hətta Ordubaddan 88 yaşlı bir sakinin “Bizdə də keçmişi əks etdirən albom var, gəl apar” çağırışı bu marağın nə qədər səmimi olduğunu göstərir.
Sonradan layihəyə ziyalılar, memarlar, rejissorlar da qoşulublar. Azərbaycan Respublikasının Əməkdar memarı Məmməd İbrahimov tərəfindən təqdim olunan materiallar xüsusilə diqqətəlayiqdir. Bir zamanlar Naxçıvan şəhərinin baş memarı olmuş memarın təqdim etdiyi eskizlər, qədim abidə komplekslərinə dair məlumatlar və Şüşəli bazar kimi tarixi məkanların təsvirləri bu arxivə yeni nəfəs verib.
Naxçıvan Film Fondu ilə əməkdaşlıq, Dövlət Arxiv İdarəsinin dəstəyi isə görülən işin miqyasını daha da genişləndirib. Hazırda 900-dən çox foto və yüzə yaxın videomaterial toplanıb.
Bu təşəbbüs getdikcə fərdi maraq çərçivəsindən çıxaraq kollektiv işə çevrilib. Yunis Xəlilov qeyri-rəsmi komanda formalaşdıraraq işi daha peşəkar şəkildə təşkil edib. Komanda kəndlərdə və şəhərin müxtəlif yerlərində yaşlı nəslin nümayəndələri ilə müsahibələr aparır, həmin söhbətləri yazıya köçürür, foto­albomları toplayır, köhnə şəkilləri bərpa edib rəngləndirir, videomaterialları arxivləşdirir.
Bu gün bu işə Naxçıvandan, Azərbaycanın digər bölgələrindən, eləcə də xaricdə yaşayan həmvətənlərdən böyük dəstək gəlir.
Müəllim və hüquqşünas kimi fəaliyyət göstərən Yunis Xəlilov üçün bu iş peşədən çox  ürəkdən gələn bir hobbidir. O bunu keçmişlə gələcək arasında qurulan virtual körpü kimi qiymətləndirir. Gələcək planlar isə kifayət qədər iddialıdır.
Komanda üçün əsas məqsədlərdən biri Naxçıvanın virtual xəritə saytının yaradılmasıdır. Burada müxtəlif illərə uyğun olaraq şəhərin xəritəsi təqdim olunacaq, tarixi məkanlar, həmin yerlərlə bağlı foto və videolar, eləcə də müsahibələrin linkləri yerləşdiriləcək.
Bundan başqa, toplanan materiallardan ibarət sərginin təşkili və köhnə ilə yeninin müqayisəli şəkildə təqdim olunacağı kreativ fotoalbomun hazırlanması da planlaşdırılır.
Maraqlıdır ki, müəlliflik məsələsi onun üçün əsas deyil. Bəzən şəkillərin başqa səhifələrdə onun adı göstərilmədən paylaşılması ilə qarşılaşsa da, buna xüsusi önəm vermir. Çünki onun əsas məqsədi bu materialların mümkün qədər geniş auditoriyaya çatması, Naxçıvanın keçmişinin daha çox insan tərəfindən tanınmasıdır.
Yunis Xəlilovun sözləri ilə desək, hələ paylaşılmamış, böyük maraq doğuracaq çoxlu foto və videomateriallar var.
Demək, Naxçıvanın yaddaş kitabının hələ açılmamış səhifələri çoxdur. Və görünür, həmin səhifələri bir-bir vərəqləmək qarşıdakı günlərdə də böyük maraqla davam edəcək.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 06.06.2026 16:26