İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olu...
17:33 20.04.2026
0
0
0
NAXÇIVAN :
20 Aprel 2026, Bazar ertəsi
20 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şahbuz rayonunda “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəyalə Baxışlı açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxışında bildirib ki, cəmiyyətin formalaşmasında, eləcə də gənc nəslin milli dəyərlər və ənənələr əsasında tərbiyə olunmasında qadının rolu danılmazdır. Tarixboyu qadınlarımız və qızlarımız milli-mənəvi dəyərlərimizə bağlılıqları ilə seçiliblər. Qeyd olunub ki, qadın ailədə, xüsusilə qız övladlarının tərbiyəsində mühüm rol oynayır. Ailənin möhkəm və davamlı olmasının əsas şərtlərindən biri valideynlərin, xüsusilə anaların gənclərə ailə qurmağa hazırlıq prosesində düzgün istiqamət verməsidir. Gənclərə sağlam həyat tərzi aşılanmalı, ailənin mahiyyəti izah edilməli və onların ailə məsuliyyətinə hazır olmaları təmin edilməlidir. Aytən Məmmədova vurğulayıb ki, keçirilən bu cür tədbirlərin əsas məqsədi erkən və qohum nikahlarının qarşısının alınması, qadın hüquqlarının müdafiəsi, ailə dəyərlərinin inkişaf etdirilməsi və ictimai məlumatlılığın artırılmasıdır. O qeyd edib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sayı daim diqqət mərkəzində saxlanılır. Belə ki, Şahbuz rayonu üzrə 61-i oğlan, 31-i qız olmaqla, ümumilikdə, 92 sağlamlıq imkanları məhdud uşaq qeydiyyatdadır. Bu səbəbdən erkən nikah və qohum evliliklərinin qarşısının alınması məqsədilə ailələr, məktəblər və ictimai təşkilatlarla sıx əməkdaşlıq aparılır. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva “Qidalanmanın reproduktiv sağlamlığa təsiri” mövzusunda təqdimatla çıxış edərək iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, düzgün və balanslı qidalanma insanın ümumi sağlamlığı ilə yanaşı, reproduktiv sağlamlığın qorunmasında da mühüm rol oynayır. Sağlam qidalanma orqanizmin normal fəaliyyətini təmin edir, hormonal tarazlığın qorunmasına və reproduktiv sistemin düzgün işləməsinə müsbət təsir göstərir. Gültəkin Əliyeva qeyd edib ki, gündəlik qida rasionunda vitamin və minerallarla zəngin məhsulların yer alması, zərərli qida vərdişlərindən uzaq durulması reproduktiv sağlamlığın qorunmasına xidmət edir. O həmçinin düzgün qidalanma vərdişlərinin formalaşdırılmasının gələcək nəsillərin sağlam inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici broşürlər paylanılıb.
Digər xəbərlər