NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

İcra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilib

...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edir.
Nazirliyin yerli icra və probasiya qurumlarında mövcud vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il aprel ayının 20-dən may ayının 20-i saat 18:00-dək aparılacaq. 
Müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən istənilən ixtisas üzrə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Namizədlər ərizələrini nazirliyin rəsmi saytında – “www.njustice.gov.az” saytının “Qulluğa qəbul” bölməsində yerləşdirilən ərizə formasını doldurmaqla nazirliyin elektron ünvanına göndərə və ya şəxsən müraciət etməklə təqdim edə bilərlər. Kağız daşıyıcıda müraciətlər nazirliyin Naxçıvan şəhəri, İslam Səfərli 1 ünvanında yerləşən inzibati binasında iş günləri və iş vaxtı ərzində qəbul ediləcək.
Qeyd edək ki, müsabiqə test imtahanı və söhbət mərhələlərindən ibarətdir. Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçiriləcəkdir. Test imtahanının vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə əlavə məlumat veriləcək.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və söhbətdə iştirak etmək istəyən şəxslər “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri nazirliyin İnsan resursları bölməsinə təqdim etməlidirlər.
Müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən “Yaddaş kitabçası”nı , eləcə də dövlət icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair informasiyanı https://justice.gov.az/az/activities/13 linkinə keçid edərək "Dövlət icra məmurları" bölməsindən əldə etmək mümkündür. 
Əlavə məlumat əldə etmək istəyən şəxslər (036) 545-00-69 nömrəli telefona zəng etməklə məlumat əldə edə bilərlər.
Ətraflı:https://njustice.gov.az/metbuat-xidmeti/xeberler/naxcivanda-dovlet-icra-memuru-vezifesine-qulluga-qebulla-bagli-musabiqe-elan-edilir

Nəşr edilib : 20.04.2026 16:29