Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
İynə, sap, qayçı, parça və metr. Bu ləvazimatlar bizə hansı peşədən xəbər verir? Bəli, dərzilərin yolyoldaşına çevrilmiş məhz bunlar vasitəsilə adi bir parçadan mükəmməl geyimlər ortaya çıxardıqları əsas ləvazimatlardır. Erkən orta əsrlərdən Avropada mövcud olmağa başlayan dərzilik peşəsi günümüzdə bir çox insanın iş məşğuliyyəti, həm də gəlir mənbəyidir.
Dərzilər həyatımızın hər bir dönəmində ehtiyac duyulan önəmli sənət sahibləridir. Zövqlü geyinmək arzusu yolumuzu hər zaman dərzi atelyelərinə salır. Onların əl əməyi ilə ərsəyə gətirdiyi rəngarəng libaslar zövqümüzü oxşayır. Dərzilik iti gözlər, bacarıqlı əllər, zirək davranış və güclü yaddaş tələb edən sənətdir. Bu sənət sahibləri, sözün əsl mənasında, “yüz ölçüb, bir biçirlər”. Qeyd edək ki, bu peşənin nümayəndələri daim yeniliklər öyrənməyə davam edir, geniş fantaziyaya, zövqə və estetikaya malik olurlar. Qədimlərdən dərzilik kişi sənəti kimi qəbul edilsə də, yaşadığımız dövrdə dərzi peşəsinin əsas nümayəndələri məhz qadınlardır. Bu günlərdə yolumuz kiçik, lakin öz xəyallarını, arzularını, peşəsinə olan sevgisini elə həmin atelyedə həyata keçirərək gözəl geyimlər ərsəyə gətirən dərzi, modelyer Sevda Qurbanovanın iş yerinə düşdü.
“Mənə görə dərzilik ruh, beyin və ürək işidir. İncəlik və zövq tələb edir. Rənglərin ahəngini yaratmaq üçün insanda həm də rəssamlıq qabiliyyəti olmalıdır. Dəbi izləməli, yeni bilgilər qazanmalı və bu haqda müştərilərə məlumat verilməlidir. Dərzi həm də yaxşı dinləyici olmalıdır. Doğru, dürüst, məsuliyyətli olmaq da şərtdir. Bəzən bu sənətə layiq olduğu dəyəri vermirlər. Valideynlər yaxşı oxumayan qız övladlarına “Heç olmasa, dərziliyə yiyələnər”, – deyirlər. Amma, əksinə, bu sənətdə uğur qazanmaq istəyirsənsə, qeyd etdiyim kimi, savadlı və bilgili olmalısan”.
Bunlar gecə-gündüz demədən, ömrünü-gününü, gözünün nurunu, əlinin zəhmətini iynəyə, qayçıya, parçaya hopduran Sevda Qurbanovanın sözləridir. 20 ildir, bu işlə məşğul olan Sevda xanım illər əvvəl əlinə batan iynələrin ağrı-acısına dözərək elə illərin verdiyi təcrübə ilə işinin əsl peşəkarına çevrilib. Bir zamanlar balaca əlləri ilə hazırladığı gəlinciklər üçün donlar bu günlərdə artıq qız-gəlinlərin gözəlliyinə gözəllik qatan ən ecazkar libaslara çevrilir.
Əslində, qadınlar bütün sənətlərə sahib zərif varlıqlardır. Hər bir qadın ən yaxşı ana olmaqla bərabər, həm də ən yaxşı müəllim, həkim, aşpaz, dərzidir. Qadınların edə bilməyəcəyi, öhdəsindən gələ bilməyəcəyi iş yoxdur. Boşuna deyilmir: “Qadın böyük qüvvədir”.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər