Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layih...
20:55 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
“Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən və Azərbaycan xalqının zəfər salnaməsinə çevrilən Vətən müharibəsinin başlanmasının 5-ci ili tamam olur. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq “dəmir yumruq” əks-hücum əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə cəmi 44 günə 30 ilə yaxın davam edən işğala son qoydu.
Bu savaş ilk gündən Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, ordumuzun yüksək döyüş qabiliyyətinin, hərbçilərimizin rəşadətinin, xalqımızın mübarizliyinin, milli həmrəyliyinin təcəssümünə çevrildi. 44 gün davam edən müharibə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğal altında qalması ilə razılaşa bilməzdi və bu savaşda öz təsdiqini tapdı. Qazandığımız tarixi zəfər isə Azərbaycanın yüksəlişinin, Prezident İlham Əliyevin inkişaf siyasətinin, Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsinə çevrildi”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülkər Bayramova deyib.
Deputat qeyd edib ki, Azərbaycanın tarixinə qələbə səhifəsi yazmış dövlətimizin başçısına xalqın inam və etimadı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azərbaycanın suverenliyi artıq tam təmin olunub: “Bu yolda canını qurban vermiş bütün şəhidlərimizin ruhu şaddır. Uğurlarımızın zirvəsində dayanan tarixi zəfərimiz ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatlar, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi. İndi Azərbaycan Bayrağı işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə, yüksəkliklərdə dalğalanır. Bu zəfərin müəllifi Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgərlərimizə, zabitlərimizə və bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən respublikamızda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılır, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərilir”.
“Şəhid ailələrinə, qazilərimizə dövlətin xüsusi diqqət və qayğısı isə cəmiyyətdə olduqca yüksək qiymətləndirilir, Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur”- deyə Ülkər Bayramova əlavə edib.
Digər xəbərlər