Dağların qoynundan boylanan cənnət
00:03 25.11.2024
0
0
0
NAXÇIVAN :
25 Noyabr 2024, Bazar ertəsi
Hər birimizin üzündə məğrur baxışın, hər birimizin gözündə sevincin, qəlbimizdə qələbəmizin verdiyi qürur hissinin dolub-daşdığı bu günlərdə dilimizdə yalnız bir söz var: Zəfər. O Zəfər ki minlərlə eloğlumuzun canı-qanı bahasına qazanılıb. O Zəfər ki neçə ana minbir əziyyətlə hələ körpəlikdən Vətən laylası ilə böyütdüyü övladından, neçə qadın arxasında dağ kimi dayanan, bu dağa təmənnasız söykənərək özünü daim güvəndə hiss etdiyi həyat yoldaşından, neçə övlad fəxarətlə qibtə etdiyi atasından ayrılıb. O Zəfər ki neçə illər tapdaq altında olan torpaqlarımıza adlarını qanları ilə həkk edən igid oğullarımızın bəzilərinin taleyinə şəhidlik, bəzilərinin taleyinə isə qazilik yazılıb. Bəli, bu Zəfər asan qazanılmayıb. Bu gün övladlarımız qorxusuz böyüyür boya-başa çatır, təhsil alır, həyatına davam edirsə, bu, torpaq altında əbədi uyuyan şəhidlərimizin hesabınadır. Bu gün övladlarımız Vətən eşqiylə alışıb yanır. Bunu şəhidlərimizin ziyarətinə gəlmiş balacalarımızın dilindən eşitmək bizim üçün çox qürurverici oldu.
Şəhid məzarları önündə dayanarkən diqqətimi balaca əllərilə məzar önünə qərənfil düzən, bu məzarları heyrətlə və bir o qədər də qürur dolu baxışlarla süzən balacalar cəlb edir. Yaxınlaşıb Vətənimiz, şəhidlərimiz və bu əlamətdar günlə bağlı fikirlərini soruşduqda balaca qızımız 8 yaşlı Fidan İbrahimli Vətənimiz Azərbaycan və Zəfərimizdən fəxarətlə danışdı: “Mən Vətənimizi çox sevirəm. Bu gün çox sevincliyəm. Bizim igid əsgərlərimiz torpaqlarımızı düşməndən azad ediblər və biz Zəfər qazanmışıq. Biz şəhidlərimizi heç vaxt unutmamalıyıq. Çünki biz onlara borcluyuq. Atam, anam, bacım və mən tez-tez şəhidlərimizi ziyarət edirik. Mən də Vətənimi qorumağa hazıram”.
Daha bir balaca əsgərimiz 7 yaşlı Atilla Qurbanlı deyir ki, igidlərimiz bizi qoruduqları üçün şəhid olublar. Mən də onlar kimi hərbçi olub gələcəkdə Vətənimizi qoruyacağam... Öyrənirəm ki, Atilla qazi ailəsinin nümayəndəsidir. Dayısı Vətənimiz uğrunda döyüşlərdə fəal iştirak edib.
Bəli, bu gün körpələrimizin hansından gələcəkdə kim olmaq istədiklərini soruşduqda düşünmədən əsgər, hərbçi, polis deyirlər. Bu, övladlarımızın igid qanı daşıdığından, mərdliyindən, qorxmazlığından, Vətənə olan sonsuz məhəbbətindən irəli gəlir. Nə qədər ki belə qorxusuz övladlarımız var, Vətənimiz daim güvəndədir.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər