Azərbaycan Respublikasının neft sənayesi işçilərin...
14:15 19.09.2026
0
0
1
NAXÇIVAN :
19 Sentyabr 2026, Şənbə
Hər bir xalqın tarixində onun milli iradəsini, dövlətçilik ənənələrini və müstəqil yaşamaq əzmini təcəssüm etdirən mühüm günlər vardır. Belə tarixlər yalnız müəyyən hadisənin təqvimdə qeyd olunması ilə məhdudlaşmır, bütövlükdə, xalqın keçdiyi tarixi yolun, üzləşdiyi sınaqların və əldə etdiyi nəticələrin yaddaşda yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan üçün 20 sentyabr – Dövlət Suverenliyi Günü də məhz belə tarixi günlərdəndir. Bu tarix Azərbaycanın dövlətçilik tarixində uzun illər davam edən mürəkkəb proseslərin mühüm nəticəsini – ölkənin bütün ərazisində dövlət hakimiyyətinin, Konstitusiyanın və qanunların qüvvəsinin bərpasını ifadə edir.
20 sentyabrın tarixi-siyasi mahiyyətini daha dərindən anlamaq üçün Azərbaycanın müstəqillik tarixinin keçdiyi yola nəzər salmaq zəruridir. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə həm müstəqil dövlət institutlarını formalaşdırmaq, həm də ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi-siyasi təhdidlərlə mübarizə aparmaq məcburiyyətində qaldı. 1991-1993-cü illərdə siyasi və iqtisadi böhran, idarəetmə problemləri, ictimai-siyasi sabitsizlik və hərbi qarşıdurma dövlət quruculuğu prosesini ciddi şəkildə çətinləşdirdi.
Məhz belə mürəkkəb tarixi şəraitdə xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın müstəqil dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət idarəçiliyi möhkəmləndirildi, qanunçuluğun və hüquq qaydasının bərqərar olunması istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində ən mühüm tarixi xidmətlərindən biri müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbuluna rəhbərlik etməsi oldu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi və institusional əsaslarını müəyyənləşdirdi. Konstitusiyanın preambulasında dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması Azərbaycanın ali niyyətlərindən biri kimi təsbit edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin dövrdə müəyyənləşdirilən strateji istiqamətlər Azərbaycanın sonrakı uğurlarının təməlində dayanan amillərə çevrildi.
Beləliklə, Azərbaycanın sonrakı Zəfərinin və suverenliyinin tam bərpasının tarixi əsaslarını yalnız 2020-ci və ya 2023-cü illərin hadisələri ilə məhdudlaşdırmaq olmaz. Bu tarixi nəticəyə aparan yol müstəqil dövlətçiliyin möhkəmləndirilməsindən, güclü dövlət institutlarının yaradılmasından, milli iqtisadi potensialın artırılmasından, ordunun gücləndirilməsindən və Azərbaycanın beynəlxalq mövqelərinin ardıcıl şəkildə möhkəmləndirilməsindən keçib.
2020-ci il bu baxımdan Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan bir sıra əraziləri azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin gedişində həlledici hadisələrdən biri oldu. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Bəyanatla hərbi əməliyyatların dayandırılması razılaşdırıldı və Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.
2020-ci il Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda tarixi mərhələ oldu. Bununla belə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam şəkildə həyata keçirilməsi üçün Qarabağda mövcud olan separatçı idarəçilik strukturlarının və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aradan qaldırılması məsələsi gündəmdə qalırdı.
2023-cü il aprelin 23-də Laçın rayonunda Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılması bu baxımdan mühüm hadisə oldu. Həkəri çayı üzərində yaradılan nəzarət məntəqəsi Azərbaycanın dövlət sərhədinə nəzarət imkanlarının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Bu addım 2020-ci ildən sonra formalaşan yeni reallıqlar çərçivəsində Azərbaycanın öz ərazisində dövlət idarəçiliyini və sərhəd nəzarətini gücləndirməsinin göstəricilərindən biri idi.
Nəhayət, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 23 saat davam edən əməliyyat sentyabrın 20-də başa çatdı. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında qeyd edildiyi kimi, həmin əməliyyat nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası təmin edildi və ölkənin dövlət suverenliyi tam bərpa olundu. Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünün bərpası ilə başlayan tarixi proses 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası mərhələsinə çatdı.
Bütün bunlar göstərir ki, 2020-ci ilin Zəfəri və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası Azərbaycanın dövlətçilik tarixində bir-birini tamamlayan iki mühüm mərhələdir. Birinci mərhələ ərazi bütövlüyünün bərpasını, ikinci mərhələ isə həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusion hüquqi sisteminin tam şəkildə bərqərar olmasını təmin etdi.
20 sentyabrın tarixi əhəmiyyəti bununla məhdudlaşmır. Dövlət suverenliyinin bərpası Azərbaycanın qarşısında yeni inkişaf mərhələsinin başlanmasına imkan yaratdı. Bu mərhələnin əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın əldə etdiyi Zəfərin real nəticələrini nümayiş etdirir. Yeni şəhərlər və kəndlər salınır, yollar və nəqliyyat infrastrukturu qurulur, məktəblər, xəstəxanalar, sosial və mədəni obyektlər inşa edilir, yeni iqtisadi fəaliyyət sahələri yaradılır. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı təmin edilir.
Dövlət Suverenliyi Gününün təsis edilməsi də məhz bu tarixi prosesin rəsmi yaddaşa daxil edilməsinin ifadəsidir. 20 sentyabr yalnız müəyyən hərbi hadisənin ildönümü deyil. Bu tarix müstəqil dövlətçiliyin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və dövlət hakimiyyətinin vahidliyinin bir-biri ilə necə bağlı olduğunu göstərən mühüm tarixi simvoldur.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Prezidentin 28 dekabr 2024-cü il tarixli Sərəncamında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müasir dövlət quruculuğunun əsaslarının formalaşdırılması, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, 2020-ci il Vətən müharibəsində tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpa edilməsi vahid tarixi ardıcıllıq çərçivəsində təqdim olunur.
20 sentyabrın ictimai yaddaşda möhkəmləndirilməsi Azərbaycanın müasir dövlətçilik tarixinin gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu tarix xalqımızın müstəqillik uğrunda mübarizəsini, şəhidlərimizin və qazilərimizin fədakarlığını, dövlətin qarşısında duran tarixi vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsini xatırladır.
Bu ardıcıllıq Azərbaycanın müasir tarixinin mahiyyətini ifadə edən mühüm dövlətçilik salnaməsidir. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm dövlətçilik təməlləri üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yeni tarixi reallıqların müəllifinə çevrilib. Ərazi bütövlüyünün və suverenliyin bərpası, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması, Böyük Qayıdışın təmin edilməsi və ölkənin sosial-iqtisadi inkişafının davam etdirilməsi bu mərhələnin mühüm nəticələrindəndir.
Bu gün 20 sentyabr Azərbaycan dövlətçiliyinin keçmişinə nəzər salmaqla yanaşı, gələcək qarşısında duran vəzifələri də xatırladır. Suveren dövlətə sahib olmaq böyük tarixi nailiyyətdir, lakin həmin suverenliyi davamlı və dayanıqlı inkişafın əsasına çevirmək bundan sonrakı nəsillərin də məsuliyyətidir. Bu məsuliyyət dövlət institutlarının daha da möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması, iqtisadi və sosial inkişafın davam etdirilməsi, azad edilmiş ərazilərin dirçəldilməsi, Böyük Qayıdışın uğurla davam etdirilməsi və milli həmrəyliyin qorunması ilə birbaşa bağlıdır.
Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqil dövlət kimi keçdiyi mürəkkəb yolun yaddaşda yaşadılması, əldə edilmiş tarixi nəticələrin dərk olunması və suverenliyin gələcəkdə də möhkəmləndirilməsi ideyasının ifadəsidir. 20 sentyabr bu mənada Azərbaycanın Zəfərdən suverenliyə uzanan tarixi yolunun rəmzi, dövlətçilik salnaməmizin mühüm səhifəsi və gələcəyə inamımızın ifadəsidir.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər