"Euronews": Türkdilli ölkələr saxta xəbərlərlə müb...
22:40 07.12.2025
0
0
0
NAXÇIVAN :
07 Dekabr 2025, Bazar
Beş il bundan öncə, 2020-ci ilin sentyabrın 27-də üç əsas amil Azərbaycanı sonu şanlı, tarixi qələbə olan 44 günlük mübarək yola – zəfər yürüşünə çıxartdı. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının, milli həmrəyliyin, milli ruhun təntənəsinə çevrildi həmin gün. 1990-cı ildə Ulu Öndərin ətrafında sıx birləşərək öz taleyinin dönüşünə nail olmağı bacaran xalq 27 sentyabrda öz beynəlxalq hüquqlarını təmin etmək üçün atılmışdı meydana. O günədək də hər birimiz bir Vətən fədaisi, hər birimiz bir müsəlləh əsgər idik, əslində. Kimimiz siyasət, kimimiz iqtisadiyyat, ticarət, kimimiz də texnologiya, informasiya cəbhəsində mətinliklə dayanıb mübarizə, müharibə aparırdıq.
Xalqın birliyinin, milli həmrəyliyin ən güclü, ən təsirli nümayişi məhz xarici ölkələrdə respublikamızın mövqeyini ortaya qoymaq, haqq səsini dolğun şəkildə çatdırmaqdır. Bunun üçün isə, təbii ki, düzgün koordinasiyaya malik, hərtərəfli biliyə, savada malik gənclərdən ibarət diasporun fəaliyyəti əvəzsiz rol oynaya bilərdi. Təsadüfi deyildir ki, Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq məhz Azərbaycan diasporunun, lobbisinin formalaşdırılması istiqamətində ardıcıl, məqsədyönlü işlər apardı. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olan Ümummilli Liderimiz xarici ölkələrə çoxsaylı səfərlərində diasporumuzun nümayəndələri ilə görüşlər keçirdi, onların problem və qayğıları ilə yaxından maraqlandı. Bu görüşlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün mənəvi dayaq və güvənc rolunu oynamaqla onların fəaliyyətinə stimul verdi.
Dünya azərbaycanlılarının təşkilatlanması və ümummilli ideyalar ətrafında birləşdirilməsi yolunda həyata keçirilən mühüm tədbirlərdən biri görkəmli dövlət xadiminin “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil edilən qurultay oldu. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi olmaqla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda diaspor quruculuğunun təkmilləşdirilməsi işinə öz böyük töhfəsini verdi. Ümummilli Lider həmin qurultayda çıxışı zamanı dünya azərbaycanlılarının həmrəyliyini vacib vəzifə kimi önə çəkərək bunun üçün zəruri istiqamətləri diqqətə çatdırdı. Görkəmli dövlət xadiminin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi.
Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə diaspor quruculuğu istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində xaricdə Azərbaycanın səsi tam olaraq eşidilməyə başladı. Azərbaycan diasporunun onlarla ölkədə yaradılan Koordinasiya Şuraları, “Həmrəylik məkanı”na çevrilən Azərbaycan Evləri Azərbaycan haqqında müfəssəl informasiyanın verilməsində, təşkilatlanma prosesində mühüm rol oynadı. “Diaspor Gənclərinin Yay Düşərgəsi”, “Vətənə qayıdış”, “Gələcəyin diplomatı” kimi proqramlar diaspor gənclərinin yetişdirilməsi, onların ictimai-siyasi fəallığının artırılması və qlobal informasiya döyüşlərinə hazırlanmasına imkan verdi. Həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq ABŞ, Fransa, Almaniya və digər ölkələrdə fəaliyyət göstərən azərbaycanlılar artıq təkcə mədəni tədbirlərlə deyil, həm də siyasi platformalarda özlərini göstərdilər. Diasporların fəal gəncləri Qarabağ gündəliyini daim diqqətdə saxladılar, azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror və soyqırımı aktları, “erməni soyqırımı” iddialarının ifşasına xidmət edən “Xocalıya ədalət – Qarabağa azadlıq” və digər şüarlarla apardıqları kampaniyalar həm xaricdə, həm də Azərbaycanda yaşayan soydaşlarımızı milli ruha kökləməklə, əslində, elə Vətən müharibəsinə hazırladı. Azərbaycançılıq ideologiyasından yoğrulan Milli Həmrəyliyin özəlliyi, unikallığı onun coğrafiyadan, yaşadığı yerdən asılı olmayaraq damarında azərbaycanlı qanı axan hər bir soydaşımızı vahid amal ətrafında birləşdirməyidir. Bu baxımdan həm xaricdə, həm də daxildə Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına sadiqliyi, onun layiqli davamçısı Prezident İlham Əliyevə sonsuz inam və etibarı zəfər yürüşünə gedən yolun açarı kimi xarakterizə etmək olar.
Qarabağın azadlığını şərtləndirən, zəfər salnaməsinin yazılmasında mühüm və həlledici amillərdən biri məhz lider qətiyyəti, siyasi iradəsi idi. Əgər dünya hərb tarixinə, müharibələrin gedişatına, nəticələrinə nəzər salsaq görərik ki, münaqişələr, birinci növbədə, siyasi arenada həllini tapıb və daha sonra döyüş meydanında bu proses yekunlaşıb. Başqa sözlə, danışıqlar masası müharibənin ilk raundudur, əsl qələbəyə aparan yol məhz oradan keçir. Əlbəyaxa döyüşdə ilk zərbə vuran qazandığı kimi, müharibədə də ilk raundu qələbə ilə bitirən ümumi nəticədə böyük üstünlük əldə edir. Bu baxımdan, Vətən müharibəsi hələ 2020-ci ilin 27 sentyabr tarixindən çox-çox əvvəl Prezident İlham Əliyevin apardığı məharətli diplomatiya, siyasi iradə sayəsində siyasət meydanında qazanılmışdı. Bəli, Azərbaycan lideri bu illərdə həm ölkə daxilində sosial rifahı yaxşılaşdırdı, ictimai münasibətləri tənzimlədi, ideoloji işi gücləndirdi, vətənpərvər ruhlu gənclər yetişdirdi, həm də xaricdə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, TDT, MDB və digər beynəlxalq platformalardan respublikamızın haqq səsini dünyaya bəyan etdi. Prezident İlham Əliyev təkcə Ermənistan rəhbərliyi ilə deyil, “güclü silahlanmış” erməni lobbisinə, onun havadarlarına qarşı qətiyyətli mübarizə apardı. Aparılan uğurlu xarici siyasət nəticəsində dünyanın Türkiyə, Pakistan, İsrail, İtaliya kimi dövlətləri, eyni zamanda MDB, TDT, İƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlara üzv ölkələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması prosesinə birmənalı dəstək göstərdilər.
Bəli, artıq 1990-cı ildən fərqli olaraq 2020-ci ildə Ermənistan-Azərbaycan münaqişəsindəki nüfuz, güc, qüvvət böyük mənada respublikamızda idi. Prezident İlham Əliyev həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində artıq dünya birliyinə həqiqəti qəbul etdirmişdi və ölkələr Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də hərbi gücünə yaxşı bələd idi. Dalan vəziyyətində yaşayan, heç bir iqtisadi yüksəlişi olmayan, nəqliyyat imkanları kasad Ermənistandan fərqli olaraq, respublikamız Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP, Cənub Qaz dəhlizi, Trans-Xəzər Nəqliyyat Marşrutu kimi beynəlxalq əhəmiyyətli layihələrlə dünyaya səs saldı, regionun siyasi, iqtisadi mənzərəsini formalaşdırdı. Və dırnaqarası bir-iki qərb yönümlü siyasi dairədən, respublikadan başqa bütün ölkələr Azərbaycanın imkanlarını, gələcək perspektivlərini yüksək dəyərləndirərək onun haqlı mövqeyi ilə razılaşmaq məcburiyyətində qaldılar. Bəli, bəzi ölkələr istəməsələr də buna məcbur oldular. Bu məcburiyyəti yaradan, diqtə edən məhz Prezident İlham Əliyevin məharətli, praqmatik diplomatiyası, çoxvektorlu xarici siyasət donktrinası idi.
Zəfər yürüşünü şərtləndirən, qələbənin qazanılması prosesində əsas qüvvələrdən biri də, təbii ki, güclü, yenilməz ordu modelidir. Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa tapşırığı, nəzarəti ilə Azərbaycan Ordusu 20 ilə yaxın dövrdə ən müasir silah və texnika ilə təchiz edildi, dünyanın hərbi potensial cəhətdən aparıcı ölkələri ilə kontraktlar imzalandı, təcrübə mübadilələri aparıldı. Respublikamızın milli müdafiə sənayesi xeyli gücləndirildi, yerli istehsallı silahlar ordumuzun arsenalına daxil edildi. Bu xüsusda müdafiə sənayesinin inkişafı, ən yeni texnika və texnologiyalarla təminatla yanaşı, milli kadr potensialının artırılması, döyüş hazırlığının yüksəldilməsi də əsas prioritet məsələ kimi diqqətdə saxlanıldı, milli əzmə malik vətənpərvər ruhlu, yüksək döyüş qabiliyyətinə malik gənclik formalaşdırıldı. Bəli, ordunun özəyi onun şəxsi heyətidir. Müzəffər Liderin də dediyi kimi, nə qədər güclü texnika, texnologiya olsa da, bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. O sinəsini önə verərək döyüşür, o Vətən uğrunda gözünü qırpmadan şəhidlik şərbətini içir.
Bu mənada, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin milli ideologiya, Azərbaycançılıq siyasətinin əsas təntənəsi kimi, 44 gündə özünü ən bariz şəkildə göstərdi. Misilsiz Qələbədə XXI əsrin gənclərinin rolu mühüm, həlledici oldu. Ölkə başçısı da çıxışlarının birində bu məqama xüsusi toxunaraq deyib: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”. Bəli, vətənpərvər ruhda yetişən qətiyyətli Azərbaycan əsgər və zabiti 44 gün ərzində bir addım belə geri çəkilmədi, ancaq irəli, irəli sədaları ucaldı Vətən torpaqlarında. Düşmənin keçilməz sandığı Füzuli səddini yarıb keçən möhkəm iradəli oğullarımız dağlar aşıb, sıldırım qayalardan dırmanaraq Şuşa qalasına qalxdılar, mənfur düşməni əlbəyaxa döyüşdə məhv edib tarix kitablarından heç zaman silinməyəcək şücaətlik dastanı yazdılar.
Xalqın həmrəyliyi, liderin qətiyyəti və ordunun gücündən güc alan, qüdrətlənən müasir Azərbaycan dövləti, nəhayət ki, 200 illik tarixi ədalətsizliyə 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün ərzində son qoydu. Beynəlxalq təşkilatların bacarmadığını bacardı, BMT-nin 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrini icra etdi. Vətən müharibəsi dövründə cəbhədə şücaətlə döyüşən Azərbaycan əsgər-zabiti ilə yanaşı, arxada əzmlə, qətiyyətlə, həmrəyliklə dayanan, hər an hamılıqla cəbhəyə yollanmaq iradəsində olan xalq var idi. Prezident İlham Əliyev həm müharibəni koordinasiya edir, həm də informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Qırx dörd gün davam edən müharibə dövründə Prezident 11 ölkənin 26 KİV-nə müsahibələr verdi ki, bu müsahibələrdə beynəlxalq hüququn prinsipləri, tarixi həqiqətlər və siyasi reallıqlar öz əksini tapdı.
Bütün maddi, mənəvi, psixoloji, hərbi təzyiqləri, istehkamları, sədləri Azərbaycan xalqının həmrəyliyi, Liderinin qətiyyəti, ordusunun qüdrəti aşdı keçdi, nəinki Ermənistan, onun havadarları da ağ bayraq qaldırdı, təslim oldu. Çünki qarşılarında “Öldü var, döndü yoxdu”, “Ya Qarabağ, ya ölüm”, – deyən yenilməz qüvvə – hər zərrəsində bir can olan Azərbaycan var idi. Prezident İlham Əliyevin dediyi kimi: “İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Hər gün silahlarla dolu bir neçə yük təyyarəsi göndərilirdi, xarici ölkələrdən muzdlular göndərilirdi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdur, ya Qarabağın azadlığı, ya ölüm! Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək”.
Nail ƏSGƏROV
Digər xəbərlər