Hazırda Naxçıvan şəhərində Zəfər Gününə həsr olunm...
20:33 08.11.2024
0
0
0
NAXÇIVAN :
08 Noyabr 2024, Cümə
Bir yayı da geridə qoyduq… İndi artıq mövsümlərin ən işvə-nazlısı olan payızı qarşılayırıq. Bəli, bir payız da ömrümüzə belə qədəm qoyur… Al- əlvan rəngləri ilə sanki ana təbiətin qoynunda hana salıb xalı toxuyan, bağ-bağatların barını-bəhərini sovuşduran, ağacların canlarından həyat nişanəsi olan yaşılı çıxarıb, onlara ömrün xəzan çağını xatırladan sarı don geyindirən qızıl payızın ilk sevincini yaşayırıq. Niyə də yaşamayaq? Nə üçün hər fəslin varlığımızda buraxdığı acılı-şirinli xatirələri, pis-yaxşı anları əsən küləyin vıyıltısında, yağan yağışın zümzüməsində, buludlardan ələnən qarın ahəngində yad etməyək, xatırlamayaq? Axı hər fəsil öz gəlişi ilə həyatımıza fərqli ab-hava bəxş edir, nostalji duyğular yaşadır. Qış öz sərtliyi, soyuqluğu ilə insan ömrünün təlatümlü xatirələrini yada salır, yaz öz təravəti, gümrahlığı ilə ruhumuza hopmuş süstlüyü alıb aparır. Yay öz istisi, hərarəti ilə bizləri yorsa da, bir-birindən maraqlı hadisələri həyatımıza qonaq edir, fərqli xatirələri gözümüzdə canlandırır. Məsələn, ömrümüzün ən xoş xatirələri ilə yaddaqalan tələbəlik illəri kimi… Payız isə əsən küləyində, yağan yağışında, çiskinində, dumanında hər birimizə ülvi duyğular bəxş edir.
… Kimisi topa-topa buludlardan torpağa çilənən nur damlaların paklığında ömrünün gənclik çağlarını xatırlayır, o illərin xiffətini çəkir, kimisi küçələrə səpələnmiş, saralmış yarpaqlarda həyatın enişli-yoxuşlu yollarında qazandıqlarını və ya itirdiklərini yada salır. Bir sözlə, hər mövsüm özündə fərqli təbiət qanunlarını birləşdirdiyi kimi, həm də müxtəlif həyat hekayələrinə yoldaşlıq edir. Bu hekayələrin, yaşanmışların, olub-keçənlərin hər birimizdə öz yeri olsa da, bəzi hadisələr vardır ki, onların ürəyimizdə, mənəviyyatımızda tutduğu yer də, məqam da eynidir, dəyişməzdir. Həmin hadisələri göz önünə gətirəndə nəinki bir fərd kimi, ailə kimi, hətta bütöv bir xalq olaraq eyni qüruru yaşayır, eyni sevinci bölüşürük. Məsələn, xalqımızın zəfər payızı kimi…
Artıq dörd ildir ki, xalqımız təqvimə qədəm qoyan hər payızı, Zəfər payızı kimi qeyd edir. Bu mövsümün ilk ayı olan sentyabr isə xalqımız üçün, sözün həqiqi mənasında, əlamətdar hadisələrlə yadda qalır. Sentyabr həm Qarabağ zəfərinə gedən yolun başlanğıcı, həm də Zəfər payızının ilk ayıdır. Xalqımız nə az, nə çox, düz 30 il idi ki, mübariz ordumuzun bu zəfərini gözləyirdi. 30 il Qarabağ insan ömrünün xəzan çağını xatırladan acılı xatirələrlə ömür sürdü. Əgər buna ömür sürmək, yaşamaq, var olmaq deyilərsə. Düşmən tapdağı altında qalan torpaqlarımız, viran olmuş ev-eşiklərimiz uzun illər öz sahiblərinin həsrətini çəkdi. Xocalıya arzuladığımız ədalət, Şuşa üçün xiffətini çəkdiyimiz xoş növraqlı günlər, Ağdamın, Cəbrayılın, Füzulinin ağ taleli çağları yalnız 30 il sonra bizimlə – doğma həmvətənlərimizlə qovuşdu. Həsrətlə, qisas yanğısı ilə ötüb keçən bu illərin çərxi-fələyi yalnız küləkli bir payız səhərində, heç gözləmədiyimiz anda xalqımızın, bütöv Azərbaycanın arzularına sarı döndü. Bəli, 2020-ci ilin sentyabrında, daha dəqiq desək, sentyabr ayının 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ savaşı uzun illər Azərbaycan xalqının, başda dövlətçilik siyasətimizin beynəlxalq kürsülərdə söylədiyi həqiqətlərin əməldə təcəllisi kimi düşmən üzərində öz sözünü dedi, öz gücünü göstərdi. Bütün dünya ölkələri gördü və dərk etdi ki, Azərbaycan xalqı bu döyüşlərə yalnız əks-hücum əməliyyatı ilə qatıldı. Çünki bu zamana qədər dövlətimiz yalnız və yalnız sülhə, xalqlar arasında dostluq münasibətlərinin qurulmasına can atırdı. Düşmən ölkə buna razı olmasa belə…
Qarabağ zəfəri yalnız ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərimizi, zabitlərimizi yox, elə bütün soydaşlarımızı “dəmir yumruq” kimi bir amal uğrunda birləşdirdi. Payız öz gəlişi ilə ana torpağı 30 illik yuxusundan oyatdı, elimizə, obamıza dirilik gətirdi, xalqımıza qürur verdi, şərəf bəxş etdi. Bu yerdə Xalq şairimiz Nəbi Xəzrinin misraları nə gözəl səslənir:
Ellərə car çəkən payızın səsi
Düzlərə sərt əsən küləklərdədir.
Mehriban baharın isti nəfəsi
Ancaq ürəklərdə, ürəklərdədir.
Al-əlvan rəngləri ilə rəssamlara ideya, şairlərə ilham verən qızıl payız xalqımız üçün qəhrəmanlıq dastanının yazıldığı tarixdir artıq. Sentyabrın 27-si – payızın daxil olduğu təqvimdən cəmi 6 gün ötmüşdü ki, ordumuz xain düşmən üzərində qəti və dönməz addımı atdı. Qışın nəfəsinin yavaş-yavaş təbiəti dondurmağa, ana torpağı uzun qış yuxusuna hazırladığı bir zamanda üçrəngli bayrağımızın Şuşa qalasına sancılması ilə hər şeyi anladıq, dərk etdik. O gündən etibarən xalqımız üçün hər payız küləyi, yağışı, çiskini, dumanı ilə, sözün həqiqi mənasında, zəfər payızı oldu, ömürünü başa vurub soyuq torpaq üzərinə düşən hər saralmış yarpaq gözümüzdə zəfər rəmzinə çevrildi…
Gəl, xalqımın zəfər payızı. Gəlişinlə yurdumuza əmin-amanlıq gətir, toy-büsat yetir. Bir zamanlar öz qədəmlərinlə şanlı ordumuza qalibiyyət, xalqımıza başucalığı bəxş etdiyin kimi bundan sonra da yüz illər boyu Vətənimizə qazandırdıqlarınla öyün. Səsin yetdiyi qədər, ünün çatdığı qədər böyük zəfərimizdən danış, Şuşada səslənən azan sədalarından, Kəlbəcərdə, Laçında dalğalanan üçrəngli bayrağımızdan, Xankəndidə, Xocalıda yenidən yurd-yuva salıb, ev-eşik quran həmvətənlərimizdən danış. Şəhid analarımızın, şəhid atalarımızın sınmayan əqidəsindən ürəkdolusu danış. Əsən küləyinlə aləmə səs sal, yağan yağışınla ürəklərimizə sərinlik ver, çiskininlə, dumanınla gözümüzdə Vətənin dörd bir tərəfini canlandır. Gəlişinlə Xəzərin sahillərində varlığına meydan verdiyin xəzrinlə, gilavarınla bizlərdən ağsaçlı Qafqaza salam apar, qocaman Təbrizinə əmin-amanlıq ver, Qərbi Azərbaycan torpaqlarına – o qərib məmləkətə laylalar oxu, ninnilər pıçılda…Və ağızdolusu söylə, de ki, Qarabağ Azərbaycandır!
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər