Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Zəfər Günü münasibətilə “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə Culfa rayonunda yerləşən, xalqımızın yenilməzliyinin rəmzi olan Əlincə qalasındakı “Şəhidlər Zirvəsi”nə növbəti yürüş keçirilib.
İlk olaraq, “Şəhidlər Zirvəsi” layihəsinin rəhbəri Vaqif Şahsuvarov bildirib: "30 il işğal altında qalan torpaqlarımızı qəhrəman hərbçilərimiz işğaldan azad edib Zəfər Gününü bizə qazandırdılar. Əsası Naxçıvanda Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan Ordusu xalqı ilə birləşib, "dəmir yumruğ"a dönüb düşməni pərən-pərən saldı. Onlar məğlub olub geri çəkildi. Həmin şanlı qələbədən artıq beş il keçir. Biz başımızı dik tuturuq, çünki qalib Azərbaycanın övladıyıq. Şəhidlər öz qəhrəmanlığı ilə tarixə iz saldı unudulmaz bir səhifə yazdılar. Onların xatirəsi daim uca olacaq".
Daha sonra şəhid Göydağlı Ramazanın anası Zülfinaz Əliyeva öz fikirlərini bölüşərək deyib: "Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsində əməyi olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bu Zəfər Gününü bizə yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Dövlətimiz var olsun. Azərbaycan Bayrağı Şuşada, Laçında, Xocalıda dalğalandıqca şəhidlərimizin ruhu şad olur. Necə ki Azərbaycan var, şəhidlərimizin əziz xatirəsi də yaşayacaq".
Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan Məmmədov Ümman qeyd edib: "Bu gün şanlı zəfərimizin 5-ci ildönümü münasibətilə Naxçıvanın məğlubedilməzlik rəmzi olan Əlincə qalasında keçirilən tədbirdə iştirak etmək böyük qürurdur. Sevindirici haldır ki, Zəfər Günü ölkəmizin hər bölgəsində yüksək səviyyədə qeyd olunur və bu da xalqımızın birliyinin və qələbəmizin əzəmətinin göstəricisidir. 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son qoyuldu, işğal altında olan torpaqlarımız azad edildi və sonrakı əməliyyatlarda Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu gün xalqımız müstəqil, güclü və suveren Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşayır. Vətən müharibəsinin iştirakçısı olaraq bu böyük qələbəni bizə yaşadan Prezident cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu gün burada olmaq mənim üçün böyük fəxrdir. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə sağlamlıq versin. Döyüşlərdə göstərdiyim şücaətə görə ölkə başçısı tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. Həmçinin vaxtından əvvəl kapitan hərbi rütbəsini almışam".
Şəhid leytenant Yaqub Nəcəfovun anası Zeynallı Xuraman bildirib: "Suveren, müstəqil respublikanın vətəndaşı olmaq hər bir azərbaycanlı üçün böyük qürurdur və bu gün biz həmin qürurun ən yüksək anlarını yaşayırıq. Ölkəmizin hər yerində olduğu kimi, biz də bu müqəddəs Zəfər Gününü qeyd edirik, şəhidlərimizi ehtiramla yad edirik. Çox qürurluyam və bütün Azərbaycan xalqını bu möhtəşəm gün münasibətilə təbrik edirəm. Bu gün bizim xalq olaraq birliyimizin, gücümüzün, yenilməzliyimizin rəmzidir".
Şəhid atası Məhəmməd Nəcəfov da hisslərini bu sözlərlə ifadə edib: "Şəhid oğlum Yaqub Nəcəfov Şuşa uğrunda gedən döyüşlərdə, torpaqlarımızın azadlığı uğrunda, 9 noyabr tarixdə şəhid olub. O, Vətən sevgisini canından üstün tutdu, müqəddəs bir zirvəyə, şəhidlik zirvəsinə ucaldı. Bizim üçün hər zaman qürur mənbəyi olaraq qalacaq. Biz üç qəhrəman övladın ata-analarıyıq. Hər üç övladım Vətənə xidmət edib və biz onların hər biri ilə fəxr edirik. Onlar bizim deyil, bütün Azərbaycanın övladlarıdır. Valideyn olaraq borcumuz Vətənə layiqli övlad yetişdirmək idi və biz bununla fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Qoy Azərbaycan daim qalib olsun, bayrağımız hər zaman zirvədə dalğalansın!"
Heydər Əliyev adına Hərbi Liseyin kursantı Toğrul Seyidov bildirdi: "44 günlük Vətən müharibəsində şəhidlərimizin qanı bahasına azad olunan torpaqlar bizim üçün çox əzizdir. Bu torpaqların hər qarışında bir şəhidin qanı, əmanəti var. Gələcəyin zabiti olaraq söz verirəm ki, şəhidlərin, qazilərin canı, qanı bahasına azad edilən torpaqlarımızın hər qarışını göz bəbəyimiz kimi qoruyacağıq".
Zəhra VƏLİYEVA
Əhməd ƏHMƏDOV
Abasət RZAYEV
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə ll kurs tələbəsi
Digər xəbərlər