Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan f...
22:41 17.03.2025
0
0
0
NAXÇIVAN :
18 Mart 2025, Çərşənbə axşamı
İlaxır çərşənbələrin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında bu çərşənbə, sadəcə, “İlaxır çərşənbə” adlanır. Ayin və ritualların zəngin olduğu bu çərşənbəni xalq olduqca təntənəli şəkildə qeyd etməyi sanki özünə borc bilir...
Naxçıvan inancları arasında İlaxır çərşənbənin ritual özəlliklərini daşıyan nümunələr olduqca çoxdur. İnanc, sınama, ovsun, falabaxma nümunələri isə bu baxımdan daha aktivdir.
Deyərlər ki, İlaxır çərşənbə gecəsi obaşa yaxın çayın suyu dayanar, söyüdlər başını əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər.
İlaxır çərşənbə Torpaq çərşənbəsi olduğundan, həmin gün qalanmış ocağın külündən götürüb suya tökərlər. Naxçıvanda yayılmış digər inancda isə deyilir ki, ilaxırda od qalanır. Səhər külü yığıb yağış yağan novdanın altına tökmək lazımdır. Tökəndən sonra arxana baxmadan getməlisən. Ərazidən toplanmış inanc örnəklərinin hər ikisində odla yanaşı, suyun da təmizləyici funksiya daşıması öz əksini tapmaqdadır.
İlaxır çərşənbənin əsas mərasimlərindən biri qulaq falıdır. Qız-gəlinlər bir yerə toplaşar, yavaş-yavaş qonşu evlərin həyətinə gedərlər. İçəriyə daxil olar, ürəklərində arzu tutarlar. Arzu tutmazdan öncə ayaq altına qıfıl qoyarlar. Təşrif buyurduqları ev sakinlərinin həyətində, ya da qapısının ağzında kiminsə olmasından xəbərləri olmaz. Ev əhalisinin dilindən səslənən hər bir sözlə mərasim iştirakçıları ürəklərində tutduğu arzularını yozarlar. Odur ki, ulularımızın tövsiyəsinə görə, İlaxır çərşənbədə evdə xeyirli sözlər danışmaq məqbul sayılar.
Torpaq qədim türklərdə insanı haqq dünyasına qovuşduran varlıq olmaqdan əlavə, onun xilasına xidmət edən kult kimi də düşünülmüşdür. Torpaq müqəddəsliyi ilə həm insana həyat verər, həm də onu haqq dünyasında ağuşuna alar. Hər mənada torpaq insana hamidir.
Xalqın yaxşıya, xeyrə olan inamını daşıyan alqışına qoşularaq deyirik ki, torpağımızın bar-bəhəri sizi sevindirsin! Torpaq çərşənbəmiz mübarək olsun!
Digər xəbərlər