Dağlıq ərazilərə qar, digər yerlərə yağış yağır...
11:57 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Son dövrlərdə muxtar respublika ərazisində müşahidə olunan intensiv yağıntılar və qeyri-sabit hava şəraiti kənd təsərrüfatı sahəsində həm əlverişli, həm də müəyyən risklər formalaşdırır. Mövzu ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin baş məsləhətçisi Bəhruz Qasımov ilə həmsöhbət olduq.
O bildirdi ki, yaz aylarında yağan yağışlar xüsusilə dənli bitkilərin inkişafına müsbət təsir göstərir. Torpaqda rütubət ehtiyatının artması suvarmaya olan tələbatı azaldır, bu isə, əsasən, dəmyə əkin sahələri üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, son yağıntılar nəticəsində torpağın üst və alt qatlarında nəm balansının bərpa olunması müşahidə edilir ki, bu da taxıl və buğda sahələrində bitkilərin normal inkişafına əlverişli şərait yaradır. Bu cür təbii rütubət təminatı məhsuldarlığın artmasına da birbaşa müsbət təsir göstərir.
Bununla yanaşı, mütəxəssis qeyd edib ki, yağıntıların normadan artıq olması kənd təsərrüfatı üçün arzuolunmaz nəticələr də doğura bilər. Belə ki, həddindən artıq yağışlar torpaqda su basmalarına səbəb olur. Bu isə bitkilərin kök sistemində oksigen çatışmazlığı yaradır. Nəticədə, bitkilərin inkişafı zəifləyir, vegetasiya prosesi ləngiyir, bəzi hallarda isə əkin sahələrində ciddi itkilər qeydə alınır. Bundan əlavə, yüksək rütubət səviyyəsi müxtəlif göbələk mənşəli xəstəliklərin yayılması üçün əlverişli mühit formalaşdırır ki, bu da xüsusilə taxıl sahələrində riskləri artırır.
Nazirliyin əməkdaşı vurğulayıb ki, yağıntıların təsiri meyvə bağlarında daha həssas şəkildə hiss olunur. Xüsusilə çiçəkləmə mərhələsində müşahidə olunan davamlı yağışlar tozlanma prosesinə mənfi təsir edir. Bu isə ərik, alça və badam kimi erkən çiçəkləyən meyvə ağaclarında məhsuldarlığın azalmasına səbəb ola bilər. Qeyd edək ki, rütubətli hava şəraitində ağaclarda göbələk xəstəliklərinin yayılması sürətlənir, meyvə və yarpaqlarda çürümə halları artır. Eyni zamanda torpağın həddindən artıq su ilə doyması kök sisteminin fəaliyyətini zəiflədir və kök çürüməsi riskini yüksəldir.
Mütəxəssis təsərrüfatçılara aqrotexniki tədbirlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsinin vacibliyini xüsusi olaraq diqqətə çatdırıb. Bildirib ki, güclü yağıntılardan sonra torpağın səthinin, təxminən, 10-12 santimetr dərinlikdə yumşaldılması kök sisteminin oksigenlə təmin olunmasına kömək edir və torpaqda hava mübadiləsini yaxşılaşdırır. Bununla yanaşı, hava şəraiti sabitləşdikdən sonra meyvə ağaclarının göbələk xəstəliklərinə qarşı müvafiq preparatlarla müalicə olunması tövsiyə edilir.
Sonda o qeyd edib ki, kimyəvi mübarizə tədbirlərinin düzgün seçilməsi və tətbiqi də mühüm əhəmiyyət kəsb edir. Xüsusilə mis və kükürd tərkibli preparatlardan istifadə olunması göbələk xəstəliklərinə qarşı effektiv nəticə verir və bitkilərin sağlamlığının qorunmasına xidmət edir. Beləliklə, müşahidə olunan yağıntılar kənd təsərrüfatı üçün həm mühüm imkanlar yaratsa da, düzgün idarə olunmadığı təqdirdə müəyyən risklər də doğura bilər. Bu baxımdan, fermerlərin və təsərrüfat sahiblərinin hava şəraitini diqqətlə izləməsi, mütəxəssis tövsiyələrinə əməl etməsi və aqrotexniki tədbirləri vaxtında həyata keçirməsi xüsusi əhəmiyyət daşıyır.
Əhməd ƏHMƏDOV
Digər xəbərlər