NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

...

Azərbaycan və İraq iki ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, xəbər, mədəniyyət və idman sahələrində mübadilənin genişləndirilməsi yollarını müzakirə ediblər.
"Şərq qapısı" "Iraqi News Agency"yə istinadən xəbər verir ki, müzakirələr Azərbaycanın İraqdakı səfiri Eldar Səlimovun İraq Media Şəbəkəsinin rəhbəri Əbdül Kərim Həmmadi ilə görüşü zamanı baş tutub.
Söhbət zamanı Həmmadi dövlətlər arasında möhkəm ikitərəfli münasibətlərin mövcudluğunu vurğulayıb və İraq vətəndaşlarının Azərbaycanın turizm, mədəni və tarixi potensialına böyük marağı olduğunu diqqətə çatdırıb.
"İraq Media Şəbəkəsi iki ölkə xalqları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verə biləcək Azərbaycan mediası ilə əməkdaşlığa açıqdır. Şəbəkəmizin vəzifələrindən biri İraq vətəndaşlarına məlumat çatdırmaq və onları Azərbaycanda ziyarət edə biləcəkləri müxtəlif məkanlar və görməli yerlərlə tanış etməkdir", –o qeyd edib.
Həmmadinin sözlərinə görə, İraq Media Şəbəkəsi həmçinin Azərbaycanda iraqlı idmançılar üçün təlim-məşq toplanışlarının təşkili imkanını nəzərdən keçirir və azərbaycanlı jurnalistlərin İraqda işləməsi üçün zəruri şərait yaratmağa hazırdır.
Öz növbəsində, Səlimov Azərbaycan və İraqın media təşkilatları arasında əməkdaşlıq haqqında sazişin imzalanmasında maraqlı olduğunu bildirib və media sahəsində informasiya mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, İraq və Azərbaycanın media təşkilatları arasında əməkdaşlığın möhkəmləndirilməsi hər iki ölkədə baş verən hadisə və prosesləri daha dolğun işıqlandırmağa imkan verəcək.

Nəşr edilib : 20.08.2026 20:06