NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Yaşlılarımız bizim ən qiymətli xəzinəmizdir

...

İnsan ömrü ağaca, onun hər budağında yaranan yarpağa bənzəyir. Hələ kiçicik bir fidankən torpağa bərk-bərk bağlanan, illər keçdikcə böyüyən, şaxələnən, ömrünün  müəyyən dönəmlərində ətrafa xoş rayihə saçan çiçəklər açan  ağaclar da müəyyən zaman sonra yarpaqlarını tökməyə məcbur olur. Elə ömrünün uşaqlıq, cavanlıq, qocalıq çağlarını yaşayan insanlar kimi. Lakin ağac müəyyən zaman sonra yenidən şaxələnir, hər yarpaq yenidən tumurcuqlayır. Ömür isə təkrarsızdır, bənzərsizdir. Yenidən geriyə qayıtmaq, təəssüf ki, mümkün deyil. İllər axır, axdıqca ömrümüzə yeniliklər qatdığı kimi çox şeyi də özü ilə aparır. Payızın soyuq nəfəsini hiss etdiyimiz bu günlərdə elə ömrünün payızını, qışını yaşayan qocalarımızdan bəhs edəcəyik bugün. Şairin də dediyi kimi:

 Çənə əl üstündə, əl çomaq üstə,

Qocalar əyləşir tin başlarında,

Sinə bayatılı, könül şikəstə,

Ömür varaqlanır yaddaşlarında.

Əllərində çəlik, illərin yorğunluğunu gözlərində, xatirələrini üzlərindəki qırışlarda, həsrətini, niskilini ağarmış saçlarında yaşadan, hər sözü ayrıca bir elm olan qocalarımız – bu gün onların günüdür. Yaşlılarımız bizim ümid yerimiz, pənah yerimiz, qibləgahımız, milli-mənəvi dəyərlərimizi yaşadaraq gələcək nəsillərə ötürən, keçmişlə gələcək arasında körpü quran ən qiymətli xəzinəmizdir. Bu elə bir xəzinədir ki, daim o xəzinədən nələrsə götürür, istifadə edir, faydalanırıq. Onların zəngin təcrübələrinə hər zaman ehtiyacımız var. Hər bir çətinliyimizdə onlardan fikir alır, nəsihətləri ilə düzgün yol cızırıq.

Keçmişdən günümüzə miras qalan “Su kiçiyin, yol böyüyün”, “Qocaların biliyi cavanların biləyi”, “Ağsaqqalsız yer suyu sovrulmuş dəyirmana bənzəyir” kimi atalar sözləri yaşlı nəslin həyatımızda necə mühüm yerə sahib olduğunu xatırladır bizə. “Hədisi-şərif”də deyilən: “Bir gənc bir qocaya yaşlı olduğuna görə hörmət edərsə, Uca Allah da o yaşlananda ona hörmət edən insanlar xəlq edər” sözlərindən də göründüyü kimi, dinimizdə də hər zaman qocalara hörmət gənc nəsillərə təlqin edilmişdir.

Xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən biri böyüyə hörmət aşılanmasıdır. Min illərdir ki, təməli qoyulan bu qayğı mənəvi və müqəddəs borcumuzdur. Muxtar respublikamızda da ahıllara diqqət və qayğı daim ön plandadır. Bu gün ömrünün ahıl çağlarını yaşayan insanlar bir zamanlar xalqımızın rifahı, dövlətimizin müdafiəsi üçün canını ortaya qoyan veteranlarımızdır. Onlar daim isti münasibətə ehtiyac duyurlar. Ona görə də dövlətimiz ömrünün bu yaşlarına yetmiş ahıllarımıza hərtərəfli dəstəkdir.

                                          Türkanə ƏSƏDOVA

Nəşr edilib : 01.10.2024 17:53