NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

Səfir: Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin 2 milyard dolları keçməsi hədəflənir

...

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin 2 milyard dolları keçməsi hədəflənir.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib.

“Azərbaycan və Gürcüstanın iqtisadi potensialı genişdir və siyasi rəhbərlik ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini qarşıya məqsəd qoyub”, - deyə diplomat vurğulayıb.

F.Quliyev yaşıl enerji sahəsində nəzərdə tutulan layihələrə də toxunaraq bildirib ki, gələcək təşəbbüslər çərçivəsində iki ölkəyə təxminən 6-7 milyard dollar həcmində investisiyanın cəlb olunması gözlənilir: “Bu investisiyalar xalqların rifahına xidmət edəcək”.

Diplomat Azərbaycan və Gürcüstanın coğrafi mövqeyindən səmərəli istifadə edilməsinin, nəqliyyat və iqtisadi imkanların inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, iki ölkənin beynəlxalq tərəfdaşlar üçün etibarlı tərəfdaş kimi mövqelərinin gücləndiyini bildirib. Səfir, həmçinin ikitərəfli münasibətlərdə ortaya çıxan məsələlərin dialoq və müzakirələr yolu ilə həllinə inamını ifadə edib.

Nəşr edilib : 19.10.2026 13:30