NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

“Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” – elmi konfrans

...

Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfrans keçirilib.
"Şərq qapısı"  xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın iqlim gündəliyində müəyyənləşdirilən prioritetlərin elmi müstəvidə nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb. O, COP29-dan sonra dünyada bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi istiqamətində strateji addımlar atıldığını bildirib.
Vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə və yaşıl inkişaf gündəliyində fəal mövqeyini daha da gücləndirib.
AMEA rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qlobal iqlim proseslərində fəal rol oynayan ölkələrdən biri kimi mövqeyini möhkəmləndirib. O, Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsini də ölkəmizin bu istiqamətdə qazandığı beynəlxalq nüfuzun və COP29-dan sonra formalaşmış yeni mərhələnin mühüm göstəricilərindən biri kimi dəyərləndirib.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev çıxışında iqlim dəyişmələrinin təbii fəlakətlərin, sel və güclü yağıntıların, meşə yanğınlarının, su qıtlığının və digər risklərin artmasına səbəb olduğunu söyləyib. O, bu proseslərin səbəb və nəticələrinin obyektiv araşdırılması, müxtəlif elmi yanaşmaların müqayisəli təhlili və iqlim siyasətinin elmi əsaslara söykənməsinin vacibliyini qeyd edib. Həmçinin müasir iqlim dəyişmələrinin təsirlərinin öyrənilməsi üçün yeni texnologiyalardan, müasir laboratoriyalardan və etibarlı elmi məlumatlardan istifadəyə, eləcə də bu sahəyə investisiyaların artırılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iqtisadi inkişafla təbiətin qorunması arasında balansın yaradılmasının prioritetlərdən biri olduğunu bildirib, ekoloji risklərin qarşısının alınmasında elmi araşdırmaların və alimlərin rəyinin nəzərə alınmasının vacibliyini vurğulayıb. O, iqlim dəyişikliklərində antropogen amillərin mühüm rol oynadığını, enerji resurslarından həddindən artıq istifadənin və ətraf mühitin çirkləndirilməsinin təbii balansı pozduğunu söyləyib. Komitə sədri Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin yaratdığı ekoloji nəticələrin daha dərindən araşdırılmasına ehtiyac olduğunu qeyd edərək alimlərin bu istiqamətdə tədqiqatlar aparmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxışında Azərbaycanda davamlı inkişaf, inklüziv cəmiyyət və ekoloji sivilizasiya istiqamətində formalaşmış təcrübədən danışıb.
Daha sonra AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova “Qlobal iqlim dəyişiklikləri və yaşıl zəka: elm və innovasiyalar kontekstində dayanıqlı gələcək” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin “Azərbaycanın florası və bitkiliyinin müxtəlifliyinə iqlim dəyişmələrinin təsiri və onların mühafizəsi”, “Dəyişən ekoloji mühit və mikroorqanizmlər: davamlı inkişaf üçün yeni imkanlar”, “Yaşıl zəka, süni intellekt və şüur fəlsəfəsi”, “Yaşıl intellekt: elmin fənlərarası populyarlaşdırılmasının yeni drayveri”, “Azərbaycan folklorunda təbiət kultları: mifoloji təfəkkür və ekofolklorik yaddaş kontekstində”, “Azərbaycanın təbiəti və fauna müxtəlifliyi: müasir ekoloji şəraitdə mühafizə və davamlı inkişaf” mövzularında məruzələr dinlənilib.

Nəşr edilib : 10.09.2026 18:57