NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

YAP Naxçıvan Şəhər Təşkilatının XII Konfransı keçirilib

...

Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XII Konfransı keçirilib. 

Tədbirdən əvvəl konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli konfransı açıq elan edib. Konfransın gündəliyi və reqlamenti təsdiq olunub. Daha sonra “Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının fəaliyyətinə dair hesabat” məruzəsi ilə çıxış edən Elman Cəfərli qeyd edib ki, 34 il əvvəl – 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən YAP Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında elə bir tarixi yol keçib ki, bu yol müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm tarixi mərhələ olub. YAP-ın yaradılması ilə müstəqillik tarixinin əsl dövlət quruculuğu mərhələsi başlayıb. 

Qeyd olunub ki, hazırda ölkədəki 750 minlik, muxtar respublikadakı 54 minlik Yeni azərbaycançılar ordusunun 18 min 782 nəfəri 152 ərazi ilk təşkilatı üzrə 1993-cü il noyabrın 5-də təsis edilmiş YAP Naxçıvan Şəhər Təşkilatında birləşiblər. Üzvlərin 10 min 483 nəfərini qadınlar, 6291 nəfərini 18-29 yaşlı gənclər təşkil edir. Hesabat dövründə partiya sıralarına 2403 nəfər üzv qəbul olunub ki, onların da 2070 nəfərini gənclər, 1461 nəfərini qadınlar təşkil edib. Ərazi partiya təşkilatı sədrlərindən 57 nəfərini qadınlar, 15 nəfərini gənclər təşkil edir.

Hesabat dövründə partiya xətti ilə tarixi və əlamətdar günlərlə bağlı 156 tədbir keçirilib ki, bunlardan da 1/3-i elmi-praktik konfranslar olub. Tədbirlərin zirvəsini Ümummilli Lider Heydər Əliyevin doğum və partiyanın təsis günlərinə həsr olunmuş təntənəli tədbirlər, o cümlədən Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans təşkil edib. 2025-ci il dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ilin yekun tədbirində il ərzində partiyada yüksək fəallıq nümayiş etdirmiş 25 nəfər fəal mükafatlandırılıb. 

2025-ci il sentyabrında Çin Kommunist Partiyasının dəvəti ilə YAP nümayəndə heyətinin bu ölkəyə edilən səfərində heyətin tərkibində Naxçıvan Şəhər Təşkilatının sədri, bu ilin iyul ayında eyni ölkəyə baş tutan oxşar məzmunlu səfərdə isə təşkilat sədrinin müavini də təmsil olunub.

2026-cı il iyulun 29-dan avqustun 3-dək YAP Mərkəzi Aparatı və Naxçıvan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən “Heydər Əliyev məktəbi” layihəsində 31 nəfəri Naxçıvan şəhərindən, qalanları isə muxtar respublikanın rayonlarından olmaqla, bütövlükdə, 62 nəfər iştirak edib. 

Son bir ildə Naxçıvan Şəhər Təşkilatında sosial media fəalları və gənc könüllülərlə fəal işə başlanılıb, sosial şəbəkələrdə partiya siyasətinin və dəyərlərinin təbliğatı işi xeyli genişlənib, fəalların müxtəlif elektron resurslarda və mediada ictimai-siyasi mövzuda yüzlərlə məqaləsi işıqlandırılıb.  

Hesabat dövründə baş vermiş əsas siyasi hadisələr 2024-cü ilin fevral ayında keçirilmiş prezident, sentyabr ayında parlament və 2025-ci il yanvar ayında keçirilən bələdiyyə seçkiləri olub. Hər üç siyasi kampaniyada Naxçıvan şəhərində partiyanın inamlı qələbəsinə nail olunub: prezident seçkilərində partiyanın namizədi, YAP Sədri İlham Əliyev 96,4 faiz səs toplayıb. Parlament seçkilərində YAP-ın namizədi inamlı qələbə qazanıb, bələdiyyə seçkilərində Naxçıvan bələdiyyəsi üzrə 17 yerdən 13-nü, Qaraçuq bələdiyyəsi üzrə isə 13 yerdən 9-nu partiya namizədləri tutub.   

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev çıxışında bildirib ki, YAP iqtidarının quruculuq salnaməsinin ən yaxşı nümunələrindən biri də Naxçıvan Muxtar Respublikası və onun inzibati mərkəzi olan Naxçıvan şəhəridir. Ölkəmizdə həyata keçirilən siyasi islahatlar 2022-ci ilin dekabrından başlayaraq Naxçıvanda da öz əksini tapmağa başlayıb. Son illərin ən əlamətdar hadisələri isə Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan şəhərinə 2023-cü ilin sentyabrında və 2026-cı ilin avqustundakı səfərləri olub. Səfərlər zamanı təməli qoyulan iri layihələr qarşıdakı illərdə sosial-iqtisadi inkişafın daha da sürətlə gedəcəyinə möhkəm əminlik, Zəngəzur dəhlizinin ən yaxın perspektivdə açılacağına olan inam naxçıvanlılarda böyük ruh yüksəkliyi yaradıb.

Hesabat məruzəsi ətrafında Ali Məclisin deputatı Zeynəb Quliyeva, partiya veteranı, Əməkdar müəllim Nazim Bayramov, Naxçıvan Dövlət Universitetinin IV kurs tələbəsi Yusif Mirzəzadə, Heydər Əliyev Muzeyinin ekskursiyaçısı Aygül Xəlilova çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycanın uğurlu gələcəyinə hesablanmış dövlətçilik konsepsiyasını özünün əsas fəaliyyət istiqaməti kimi müəyyən edən partiya hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni geosiyasi epopeya yaşayan Azərbaycanın yeganə ümummilli partiyası kimi ölkədə bütün nəsillərin intellektual və ictimai-siyasi potensialını öz ətrafında səfərbər edib. 

Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov bildirib ki, milli quruculuq və tərəqqi dalğası ölkəmizin bütün regionlarını, o cümlədən strateji əhəmiyyətə malik Naxçıvan Muxtar Respublikasını da əhatə edib. Prezident İlham Əliyev tərəfindən regionun “yaşıl enerji zonası" elan edilməsi, infrastrukturun yenilənməsi və xüsusilə Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində atılan tarixi addımlar Naxçıvanın beynəlxalq nəqliyyat və ticarət qovşağına çevrilmək perspektivini yaradıb.

YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsi müdirinin müavini Asif İmaməliyev çıxış edərək YAP-ın öz fəaliyyəti ilə Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinin təmin olunmasının qarantı olan əsas ümummilli siyasi təşkilat olduğunu qeyd edib. Prezident İlham Əliyevin liderliyində partiya bu gün yalnız regionun ən güclü siyasi təşkilatına çevrilməklə qalmayıb, beynəlxalq əlaqələrini də genişləndirərək əsl dövlətçilik partiyasına çevrilib. 

Çıxışlardan sonra səsvermə keçirilib və YAP Naxçıvan Şəhər Təşkilatının fəaliyyətinə dair hesabatın qənaətbəxş qiymətləndirilməsi haqqında qərar yekdilliklə qəbul olunub.

Daha sonra YAP-ın VIII Qurultayına Naxçıvan Şəhər Təşkilatından nümayəndələrin seçilməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Naxçıvan Şəhər Təşkilatının XII Konfransı YAP himninin səsləndirilməsi ilə öz işini başa çatdırıb.

Nəşr edilib : 10.09.2026 18:58