NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşüb

...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirləri ilə görüş keçirib.

"Şərq qapısı" “Akorda”ya istinadla xəbər verir ki, bu, təşkilata üzv ölkələrin daxili işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan görüşü çərçivəsində reallaşıb.

Kasım-Jomart Tokayev ilə görüşdə Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov, Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi, Özbəkistanın daxili işlər naziri Əziz Taşpulatov və Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov iştirak ediblər.

Qazaxıstanın dövlət başçısı bildirib ki, türk dövlətlərini tarixi keçmiş, oxşar dil və ənənələr, eləcə də ümumi maraqlar birləşdirdiyindən onlar arasında əməkdaşlıq ildən-ilə möhkəmlənir:“Türk Dövlətləri Təşkilatı dostluğumuzun möhkəmləndirilməsinə böyük töhfə verir. Qazaxıstan bu nüfuzlu təşkilatla hərtərəfli əməkdaşlığın dərinləşdirilməsinə prioritet əhəmiyyət verir. Təşkilata üzv dövlətlər müxtəlif sahələrdə, o cümlədən güc strukturları arasında əlaqələri genişləndirir. Bu baxımdan daxili işlər nazirlərinin görüşü xüsusi əhəmiyyət daşıyır”.

Kasım-Jomart Tokayev, həmçinin dünyada baş verən genişmiqyaslı dəyişikliklərin doğurduğu müasir təhdid və çağırışlara diqqət çəkib.

Görüşün sonunda Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrinin liderlərinə səmimi salamlarını çatdırıb və dostluq münasibətlərinin daim qorunub saxlanılmasına çağırıb.

Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev də çıxış edib.

Nəşr edilib : 10.09.2026 18:44