Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edib...
20:48 03.12.2024
0
0
0
NAXÇIVAN :
03 Dekabr 2024, Çərşənbə axşamı
Yaşıl dünya bəşəriyyət və təbiət arasında harmoniyanın əldə edildiyi davamlı təcrübələrlə inkişaf edən planetimizin vizyonunu təmsil edir. Bu, “yaşıl enerji”nin, mühafizənin və ekoloji cəhətdən təmiz texnologiyaların normaya çevrildiyi və hamı üçün daha sağlam ətraf mühiti təmin edən gələcəkdir. İlk dəfə ədəbiyyatşünas Northrop Frye ədəbiyyatda təkrarlanan xüsusi mühiti təsvir etmək üçün “Yaşıl dünya” terminini işlətdi. Məhz ədəbiyyatda da “Yaşıl dünya” nizamlı dünyaya tarazlığı bərpa etmək üçün vacib amil kimi göstərilir.
Qloballaşan dünyanın qloballaşan problemləri artdıqca yaşıl dünya naminə həmrəylik, birlik aktual məsələyə çevrilib. İqlim dəyişiklikləri su, torpaq və atmosfer havasının çirklənməsi, qlobal istiləşmə, ozon qatının zədələnməsi, su ehtiyatlarının tükənməsi, təbii fəlakətlər ümumbəşəri problemə çevrilib. Ölkə başçısı cənab İlham Əliyevin ötən il dekabrın 25-də iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı Sərəncam dünyanın qlobal ekoloji problemlər və iqlim dəyişikliyi ilə mübarizə apardığı bir vaxtda səylərin birləşdirilməsinin, beynəlxalq əməkdaşlıq və həmrəyliyin, bu mənada, böyük roluna diqqəti çəkdi.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə”, “Təmiz ətraf mühit və “Yaşıl artım ölkəsi” başlığı ilə ölkəmiz üçün gələcəyə dair mühüm prioritetlər müəyyənləşdirilib. Burada qeyd edilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu prioritet daxilində məqsədlərə nail olunması üçün yüksəkkeyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı formalaşdırılmalı, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir....
Müvafiq Sərəncamda da qeyd edilir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan olunmuşdur. Dövlət başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamına əsasən qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 4.1.6. maddəsində elektrik enerjisi istehsalının və ixracının artırılması, Türkiyə ilə quru sərhədin mövcudluğu, həmçinin Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi imkanı, Türkiyəyə elektrik verilişi xəttinin çəkilməsi, elektrik enerjisi ixracı məqsədilə tezlik tənzimlənməsinin Türkiyə Respublikasının enerji sistemi vasitəsilə aparılması və Naxçıvan Muxtar Respublikasının enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması üçün tədbirlər görülməsi əsas prioritetlər kimi qeyd edilir. Bütün bunların həlli gələcəkdə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalı və ixracı potensialını artıracaq.
Prezident cənab İlham Əliyev ötən il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı bildirib ki, Naxçıvan Muxtar Respublikasında böyük bərpa olunan enerji potensialı mövcuddur və burada 500 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisinin mümkünlüyü nəzərdən keçirilir. Bu məqsədlə ötən il aprelin 5-də Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanovun rəhbərlik etdiyi işçi qrupu Naxçıvana səfər zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi ilə görüşmüş, “yaşıl enerji” konsepsiyasının muxtar respublikada tətbiq imkanları müzakirə olunmuş, bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. İyunun 3-də “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan şəhərində Bakı Enerji Forumunun “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiyasının təşkili də bu baxımdan böyük əhəmiyyət kəsb etdi. Burada Naxçıvanın zəngin bərpa olunan enerji potensialının ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə və karbon emissiyasının azaldılmasına mühüm töhfə verəcəyi vurğulandı, muxtar respublikada günəş və külək enerjisi stansiyalarının inşası, alternativ enerji istehsalı və ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olundu. Həmçinin ötən il Azərbaycan Respublikasının Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında Anlaşma Memorandumunun, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Management” MMC arasında “Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bu istiqamətdə atılan mühüm addımlardır.
Ötən il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması da gələcəkdə Naxçıvanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayacaq. Həmin gün dövlət başçısı mətbuata çıxışı zamanı dedi: “Naxçıvanın qazı, nefti olmasa da, Günəşi var və Naxçıvanda Günəş Elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan “yaşıl enerji zonası”na çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində “yaşıl enerji” ixracı da mümkün olacaqdır”. Bu, bir daha onu göstərir ki, gələcəkdə Naxçıvan elektrik enerjisi ilə özünü təmin etməklə yanaşı, xaricə də bu enerjini ixrac edəcək.
Ötən il sentyabrın 29-da Naxçıvanda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” beynəlxalq konfransın keçirilməsi bu sahədə vacib qərarların müəyyənləşdirilməsində mühüm addım idi. Azərbaycan-Türkiyə III Enerji Forumunun açılış sessiyasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışı zamanı xüsusi olaraq vurğuladı ki, yaxın perspektivdə qarşıya qoyulan əsas hədəf Naxçıvanda alternativ və bərpa olunan enerji potensialından maksimum istifadə olunması, elektrik enerjisinin Türkiyəyə ixrac edilməsi və Avropaya ötürülməsindən ibarətdir. Həmçinin səlahiyyətli nümayəndə jurnalistlərə müsahibəsində də qeyd edib ki, Naxçıvanda “yaşıl enerji”yə keçidlə bağlı layihələr artıq işlənilib. Aparıcı şirkətlərlə ilkin memorandumlar bağlanılıb. Hazırda layihələrin icrası ilə bağlı işçi layihələr hazırlanır. 2024-cü ilin ikinci yarısında bu layihələrin icrasının şahidi olacağıq... Bütün bunlar göstərir ki, müvafiq Sərəncam Naxçıvan üçün xüsusi əhəmiyyət kəsb edir və “yaşıl enerji zonası” elan olunan diyarımız bu sahədəki uğurları ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə öz töhfələrini verəcək.
Qeyd edək ki, bu il ölkəmiz dünya ölkələrinin yekdil qərarı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində ölkəmizin həyata keçirdiyi fəaliyyətə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymətdir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə təşkil ediləcək bu nüfuzlu sessiyanın ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlşacağına əminik.
Güntac ŞAHMƏMMƏDLİ
Digər xəbərlər