Naxçıvan Şəhər İcra Hakimiyyətində Qurban bayramı ...
17:05 06.06.2025
0
0
0
NAXÇIVAN :
06 Iyun 2025, Cümə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şərur rayonu Yuxarı Havuş kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova cəmiyyət üçün sözügedən mövzunun aktuallığına diqqəti çəkmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişaf və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur. Qadınlar təkcə ailə institutunun deyil, eyni zamanda cəmiyyətin mənəvi dayaq sütunlarından biridir. Tarixboyu Azərbaycan qadını öz müdrikliyi, fədakarlığı və vətənpərvərliyi ilə xalqımızın inkişafında mühüm rol oynamışdır. R.Seyidova qeyd edib ki, komitə fəaliyyətə başladığı gündən bəri muxtar respublikanın kəndlərinin 70-80 faizində əhalini maarifləndirməyə yönəlmiş tədbirlər təşkil edib. Bu tədbirlərin əsas məqsədi erkən nikahın və erkən evliliyin qarşısının alınması, təhsildən yayınma hallarının azaldılması və uşaqların hüquqları barədə ictimai məlumatlılığın artırılmasıdır. Komitə sədri vurğulayıb ki, erkən nikah hallarının qarşısının alınması üçün yerlərdə ailələrlə, məktəblərlə və ictimai təşkilatlarla sıx əməkdaşlıq qurulub. Təhsildən yayınan uşaqların yenidən təhsil sisteminə cəlb olunması istiqamətində tədbirlər görülür, valideynlərlə və təhsil müəssisələrinin rəhbərliyi ilə maarifləndirici görüşlər təşkil olunur. Sağlamlıq imkanları məhdud uşaqların da cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır, onların tibbi, psixoloji və sosial dəstəklə təmin olunması üçün müvafiq layihələr icra olunur.
Maarifləndirici tədbirlər çərçivəsində uşaqların hüquqları, gender bərabərliyi, ailə dəyərləri kimi mövzularda interaktiv müzakirələr və təlimlər keçirilir. Yerli icmalarla mütəmadi əlaqələr yaradılaraq onların sosial problemləri yerindəcə öyrənilir və həlli yolları təklif olunur.
Komitə uşaq hüquqlarının qorunması və hər bir uşağın təhlükəsiz, rifahlı cəmiyyətdə böyüməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Daha sonra Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva çıxış edərək reproduktiv sağlamlıq mövzusuna toxunmuşdur. O, vurğulamışdır ki, reproduktiv sağlamlıq həm fərdi, həm də ailə müstəvisində mühüm əhəmiyyət daşıyır və bütövlükdə, cəmiyyətin, eləcə də millətin sosial-iqtisadi inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biridir. Dosent Gültəkin Əliyeva qeyd etmişdir ki, hamiləlik dövrünün sağlam və təhlükəsiz keçməsi üçün gələcək analar, ilk növbədə, öz sağlamlıqlarına xüsusi diqqət göstərməli, bu dövrə dair zəruri bilik və məlumatlarla maarifləndirilməlidirlər.
Çıxışının davamında G.Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məsələlərə də toxunmuşdur. O, bildirmişdir ki, bu kateqoriyaya aid uşaqlar fiziki, psixoloji və ya əqli imkanlarına görə bəzi fəaliyyət sahələrində məhdudluq yaşayırlar. Onların sağlamlıq durumunun formalaşmasında əsas səbəblər kimi genetik amillər, hamiləlik və doğuş zamanı baş verən travmalar, yoluxucu xəstəliklər, eləcə də ətraf mühit faktorları xüsusi rol oynayır. Qeyd olunub ki, bu uşaqların erkən diaqnostikası və reabilitasiya tədbirlərinin vaxtında həyata keçirilməsi onların cəmiyyətə inteqrasiyası və funksional inkişafı baxımından olduqca vacibdir.
Diskussiya formatında keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sonda mövzu ilə bağlı broşürlər paylanılıb.
Tədbirin sonunda R.Seyidova Şərur rayonunun Yuxarı Havuş kənd məktəbi ilə tanış olub, şagirdlərlə və müəllim kollektivi ilə görüşüb. Komitə sədri müəllimlərlə şagirdlərin qəbul imtahanlarının nəticələri ilə bağlı söhbət aparıb.
Digər xəbərlər