Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu o...
18:19 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas şəkildə yanaşan azsaylı ölkələrdəndir. Ona görə azsaylı deyirik ki, ölkəmiz qlobal səviyyədə müzakirə edilən ekosistem problemlərinə hər zaman şifahi çağırışlarla yox, əməli yanaşması ilə seçilib. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildiyi rəsmi səviyyədə qəbul olunub. Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu baxımdan dekabrın 25-də Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təsadüfi sayılmamalıdır.
Sərəncamda Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi bildirilir, eyni zamanda bir sıra hədəflərin müəyyənləşdirildiyi diqqətə çatdırılır. Məsələn, bu sənəddə Azərbaycanın baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını, bundan başqa, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəf kimi götürdüyü, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunduğu bir daha xatırladılıb.
Xüsusi olaraq vurğulamalıyıq ki, Azərbaycan son 30 ildə məlum münaqişə səbəbindən ekosisteminin mühüm bir hissəsi dağıdılmış, ətraf mühitinin müxtəlif çirklənmələrə məruz qaldığı azsaylı ölkələrdəndir. 3 il bundan əvvəl torpaqlarımız işğaldan azad olunsa da, həmin ərazilərdə yayılmış mina terroru hələ də bu sistemi təhdid edir. Üstəlik, işğal dövründə həmin ərazilərdə su mənbələrindən kortəbii istifadə, meşə və qiymətli ağac növlərinin kütləvi məhv edilməsi, fauna-flora disbalansının yaranması ölkəmizə yüz milyonlarla dollar həcmində ekoloji ziyan vurub. Amma bütün bunlara baxmayaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra Azərbaycan Prezidenti tərəfindən bu bölgələrin dirçəldilməsi üçün çox mühüm və innovativ konsepsiyalar ortaya qoyulub. Yaşayış məntəqələrinin “ağıllı şəhər”, “ağıllı kənd” layihələri üzrə yenidən qurulması, təbiət ərazilərinin sürətli və ən yüksək səviyyədə bərpa olunması, eləcə də getdikcə artan enerji tələbatının daha çox “yaşıl enerji” mənbələrindən istifadə olunaraq təmin edilməsi qlobal iqlim dəyişikliyinə verilən ən böyük töhfədir. Sadalanan layihələr təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, ümumilikdə, ölkənin digər regionlarında da tətbiq edilir. Məqsəd qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsinin qəti vəzifə olaraq müəyyənləşdirilməsidir.
Yuxarıda adıçəkilən Sərəncamda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsinin də ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Qeyd edək ki, beynəlxalq birliyin belə bir qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eyni zamanda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı isə 120 ölkənin dəstəyini qazanmasından və etimadı tam doğrultmasından, Prezident cənab İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmasından irəli gəlir. Və belə bir mötəbər tədbirin postsovet məkanında ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq uğuru, dünyada güclənən mövqeyi, artan nüfuzunun göstəricisidir.
Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz deyil, bütün dünya üçün qlobal çağırışdır. Məqsəd gələcəkdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, sağlam həyat konsepsiyasının yaradılmasıdır.
Səbuhi HƏSƏNOV
Digər xəbərlər