NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Yaddaşlarda yaşayan dastan – Zəfər dastanı

...

İndiki kimi xatirimdədir, şanlı qələbəmizin adını duyduğumuz andan yerə göyə sığa bilmirdik. O dərəcə həyəcanlı idik ki, işdə belə qərar tuta bilməyib, özümüzü bir anda əlimizdə bayraq, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim qalacaq” şüarları səsləndirən coşğun qələbəliyin içində tapdıq. Bu coşğun qələbəliklə şəhərin bir başından digər başına yürüdüyümüzü, səsimiz tutulana kimi şüarlar səsləndirdiyimizi, yaxınlıqdakı şəhid ailələrinin yaşadığı ünvanlara gedərək şəhid analarının əllərindən öpdüyümüz dəqiqələri xatırlayıram bir-bir. O gün bizim üçün unudulmaz idi. Və o gün əbədi olaraq bizim üçün unudulmaz qalacaq. Çünki 44 gün ərzində doğma diyarımıza neçə-neçə igid oğlumuzun nəşi gətirilmiş, neçə ailənin dərdinə şərik olmuş, onlarla birgə göz yaşı tökmüşdük. Axı bu igidlər, onların ailələri elə bizim də ailəmiz deyildimi. Hər biri doğmamız, hər biri canımızdan can idi. Biz üzülürdük, çünki canımızdan can getmişdi; biz qürurlu idik, çünki elimizdə-obamızda nə qədər igid, qorxmaz, mərd oğulun böyüdüyünün şahidi olmuşduq. Biz sevinirdik, çünki bu zəfər torpaqlarımızın azadlığı uğrunda qələbə arzusu ilə yaşayıb bu uğurda canını fəda edən şəhidlərimizin çin olmuş arzusu idi. Neçə illər keçsə də, neçə əsrlər ötsə də, bu dövlət, bu xalq, bu millət sizi unutmayacaq, əziz Vətən oğulları. Bu gün qələbəmizin haqlı qürurunu yaşayırıqsa, bu gün hər yerdə bayram ab-havası varsa, bu gün körpəsindən tutmuş yaşlısına kimi hər kəsin dilində Vətən nəğməsinə çevrilən “Zəfər” kəlməsi varsa, bu sizin qəhrəmanlığınız sayəsindədir. Biz sizə minnətdarıq, biz sizə borcluyuq, biz sizinlə varıq. Nə qədər ki ölkəmizin sınmaz, əyilməz, amalından dönməz, polad biləkli, dəmir yumruqlu, qorxmaz, igid oğulları var, biz tam əminliklə və qürurla deyə bilərik ki, azad Azərbaycan kimi dövlətimiz var və biz bu müqəddəs diyarın vətəndaşıyıq.  

   Könlüm keçir Qarabağdan,

   Gah o dağdan, gah bu dağdan,

   Axşam üstü qoy uzaqdan

   Havalansın Xanın səsi

   Qarabağın şikəstəsi.

Bir zamanlar görkəmli şairimiz Səməd Vurğunun qələmə aldığı bu misralar günümüzdə dilimizin əzbəridir. Artıq Qarabağımız azaddır. Artıq öz doğma yurdumuza, elimizə-obamıza, tar-kamanımıza, xarı bülbülümüzə, Cıdır düzümüzə, köhlən atımıza, səfalı yaylaqlarımıza qovuşmuşuq.

Sən ey fateh oğul, sən ey qalib sərkərdə, şanına minlərlə dastan yazılsa, mədhiyyələr düzülsə yenə də azdır. Ruhunuz şad olsun Şəhid qardaşlarım! Zəfərimiz mübarək olsun!

                    Türkanə ƏSƏDOVA

Nəşr edilib : 08.11.2024 14:01