NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Yaddan çıxmaz Qarabağ

...

    Əzizinəm, Qarabağ, 
    Şəki, Şirvan, Qarabağ.
    Aləm cənnətə dönsə, 
    Yaddan çıxmaz Qarabağ. 

Yüz illər öncədən dillərdə dolaşan bu sətirlər nə az, nə də çox düz 29 il ürəyimizi göynədib, qəlbimizi dağlayıb. Şuşa deyəndə sevincimiz yox olub, Xocalının adı gələndə qəlbimiz qan ağlayıb, Zəngilan deyiləndə danışmağa sözümüz  çatmayıb. 
Nə vaxt ki bu sədanı eşitmişik, gözümüzdən axan yaş sel olub çayları məcrasından çıxarıb, daş olub ürəyimizə yerləşib. Bəlkə də, bu sətirlər illərin süzgəcindən süzülüb bizə gələndə, dilində bu bayatı ilə dünyadan köçən analar hiss edirmiş ürəyimizdə Qarabağ adlı bir yara açılacağını. Çünki onlar bizə zorla qonşu edilən, torpağımızdan pay verilib dövlət qurulan ermənilərin necə məkrli olduğunu yaxşı bilirdilər. Bir gün İrəvanı, səhəri Göyçəni, Zəngəzuru qanlı caynağına keçirən ermənilərin gözü Naxçıvanda və Qarabağda idi. İllər keçdikcə bu bayatını dilə gətirən insanların nə qədər uzaqgörən olduğunun da şahidi olduq. Və 29 il “Yaddan çıxmaz Qarabağ”, – deyib yaddaşımızı korlanmağa qoymadıq. Qarabağa bizsiz 29 qış gəldi, yaz keçdi biz burada onsuz buz tutduq, o bizdən ayrı külə döndü, dağıdıldı. İllər, beləcə, keçdi, biz cənnət Şuşamıza, dağlar gözəli Kəlbəcərə, Laçına həsrət qalsaq da, yaddan çıxarmadıq heç nəyi. Hər gün dinlədik Qarabağ şikəstəsini, hər sətrini qəlbimizə yazdıq. Şuşanın başı dumanlı dağları hey zümzümə etdi bu bayatını, Laçın quşu dağlara haray saldı bu sətirlərlə, sönən ocaqların tüstüsü dilə gəldi, sahibinə həsrət qalan düzlər, çəmənlərin, başqa torpağa kök sala bilməyən xarıbülbülün, dilsiz-ağızsız Qarabağ atının naləsi bu bayatının sətirlərində göylərə ucaldı. Aləm cənnətə döndü, amma Qarabağ yaddan çıxmadı, çıxmasına imkan vermədik. Çünki Qarabağ şikəstəsi bu başıbəlalı torpağın onilliklərə söykənən harayı idi. 
        Olan-qalan yayımızı
         Çox gördü zaman bizə.
         Yad ellərin qarı yağır
         Haçandan elimizə…

Vaqif Səmədoğlu deyirdi bu sözləri. Həmin vaxtlarda, Qarabağın düşmən tapdağında dağıdıldığı illərdə. Onun kimi neçə şair, neçə şuşalı, laçınlı, Qarabağ, torpaq deyə-deyə köçdü bu dünyadan. Neçə-neçə Qarabağsız qarabağlılar gəldi dünyaya. Biz hər doğulan körpənin adını azanla bərabər qulağına pıçıldayanda “Yaddan çıxmasın Qarabağ” da dedik. Düşmənin qanlı caynağında qanına qəltan edilən körpələri tez-tez yada salıb Xocalı adlı bir dərdimiz, Şuşa adlı nisgilimiz olduğunu yeritdik körpələrin beyninə. Onlar parçalanmış, yaralı Azərbaycanın dərdinə dərman olmaq üçün böyüdülər. Qarabağ sözü ilə yatıb Şuşa kəlməsi ilə yetişdilər. Və vaxt-vədə yetişəndə Şuşanı görmədən onun haqqında əfsanələr, bayatılar dinləyib böyüyən oğullar sərt qayaları aşıb qəhrəmanlıq dastanı yazıb cəmi 44 gündə azad etdi Qarabağı. Bu qisas təkcə 29 illik həsrətə son qoymadı, həm də 200 il öncədən parçalanan, yarımcan edilən Azərbaycanın, Pənahəli xanın qürbətdə dayanan ürəyinin, siyasi səbəblərdən İran şahına ərə verilmiş Ağabəyim ağa Cavanşirin Vətən həsrəti ilə yanan qəlbinin qisasını aldı. Və həmin gün Şuşa dağlarına yayılan Qarabağ şikəstəsinin səsi daşı da, torpağı da sevindirdi. Və Qarabağın heç vaxt yaddan çıxa bilməyəcəyini xain qonşulara sübut etdi. Artıq beş ildir ki, əzəli, əbədi torpağımıza qayıdan hər kəsin dilində bu cümlə var: “Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ”.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 06.10.2025 11:30