NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Xocalıya ədaləti təmin edən güclü lider və müzəffər Azərbaycan Ordusu

...

XX əsrin sonlarında Azərbaycanda baş verən hadisələr təkcə regional münaqişələr deyil, həm də beynəlxalq hüquq, humanitar dəyərlər və insanlıq anlayışı üçün ciddi sınaq oldu. Bu hadisələr sırasında Xocalı faciəsi təkcə bir şəhərin taleyi deyil, bütövlükdə, insanlığın vicdanına yönəlmiş ağır zərbə kimi tarixə düşdü. Bu hadisənin mahiyyəti yalnız tarixi faktların sadalanması ilə bitmir; onun nəticələri bu gün də regionun siyasi münasibətlərində, informasiya müharibəsində və kollektiv yaddaş siyasətində özünü göstərir. Müasir dövrdə Xocalı hadisələrinə baxış artıq yalnız xatirə və yas kontekstində deyil, həm də hüquqi, siyasi və informasiya təhlükəsizliyi aspektindən aparılır. Tarix göstərir ki, yaddaş qorunmadıqda ədalət zəifləyir. Buna görə də Xocalı mövzusu yalnız keçmişi anmaq deyil, həm də gələcəyi qorumaq məsələsidir.

Xocalı hadisələrinə hüquqi baxış

1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq mühasirədə olan Xocalı şəhərinin dinc sakinlərinə qarşı ağır hərbi texnikadan istifadə edərək görünməmiş qəddarlıqla repressiyalar həyata keçirib.

Bu gün artıq danılmaz faktdır ki, 34 il əvvəl Xocalı şəhərində törədilmiş soyqırımı aktının əsas təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, Ermənistan silahlı qüvvələri və 366-cı motoatıcı alayın şəxsi heyətidir. Onların hərəkətləri insan hüquqlarının kobud şəkildə pozulması, Cenevrə Konvensiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, Fövqəladə Hallar və Silahlı Münaqişələr zamanı Qadın və Uşaqların Müdafiəsi haqqında Bəyannamə və digər beynəlxalq hüquq aktlarına  məhəl qoymamaq kimi   qiymətləndirilir.

Cinayətə ilk siyasi qiymət və Xocalıya ədalət!

Ümummilli Lider Heydər Əliyev ovaxtkı ölkə rəhbərliyinin mövqelərinə kəskin etirazını bildirərək demişdir: “Azərbaycanın və xalqımızın milli müstəqilliyi ilə bağlı xəyanətkar mövqeyi, öz konstitusiya borcuna cinayətkarcasına biganəliyi, siyasi hakimiyyət uğrunda aramsız oyunlar, respublikamızda bilavasitə hakimiyyətdə olanlar bu tarixi faciənin törədilməsinə, Xocalını xilas etmək üçün real imkanların olmasına baxmayaraq, uzun müddət düşmən mühasirəsində taleyinə buraxılmış, günahsız əhali qəsdən qırğına buraxılmış vətəndaşlarımızın kömək çağırışlarına biganəlik göstərilib. Erməni faşizminin əsl simasını bir daha ortaya qoyan və göstərən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquq normalarına uyğun olaraq sivil dünya tərəfindən pislənilməlidir”.

Ümummilli Lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada mədəni abidələrin məhv edilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.

Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı hadisələri müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytı yaradılmışdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası başlanmışdır. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı aktında iştirak etmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Xocalı: tarixin yaddaşı və müasir dövrün siyasi dərsləri

Xocalı üçün ədaləti Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bərqərar etdi. 31 ildən sonra Xocalı qurbanlarını artıq başıuca, qalib ölkə kimi anırıq. Təqvim vərəqlərimizdə qara dairəyə alınmış o faciəvi tarixin, hüznlə, kədərlə, qəzəb hissi ilə andığımız o dəhşətli zamanın qisası alındı. Qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək minbir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içmişdik. And içmişdik ki, qisasları qiyamətə qalmayacaq.

Andımızı, mənəvi və hüquqi öhdəliyimizi yerinə yetirdik. 2020-ci ilin Vətən müharibəsi həm də şəhidlərimiz qarşısında verdiyimiz o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixinə həkk olundu. Müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident  İlham Əliyevin 10 noyabrda verdiyi qələbə müjdəsindən sonra insanlar əllərində al-qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi – “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb...” – dedilər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə başlayan, 44 gün davam edən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu. Bununla da ölkə özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı tətbiq edilən uğurlu strategiya və ən müasir silahlardan istifadə nəticəsində ordumuzun bölmələri işğal altındakı əraziləri düşməndən təmizlədi. Düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikaları və təminatı sıradan çıxarıldı, düşmən faktiki olaraq iflic vəziyyətinə gətirildi.

Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirdi. 44 günlük əks-hücum əməliyyatları bizim böyük zəfərimizlə başa çatdı. Zəfərimizə mənəvi məna verən isə işğal altında olan torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin döyüşlərlə azad edilməsi oldu. Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu müharibədən qalib çıxan xalqımız öz haqqı uğrunda əvvəldən-axıra kimi ləyaqətlə, inamla mübarizə apardı. Bu qələbə respublikamızın nəinki Cənubi Qafqazda, həmçinin bütün dünyada mövqelərini daha da möhkəmləndirdi, nüfuzunu yüksəltdi.

2023-cü ilin sentyabr ayında keçirilmiş birgünlük antiterror əməliyyatından sonra Xankəndidə, Xocalıda və digər tarixi torpaqlarımızda suverenliyimiz tam təmin olundu. Prezident İlham Əliyev dövlət başçısı seçilməsinin 20 ilinin tamamında - 2023-cü il 15 oktyabr tarixdə Xocalıda Azərbaycan Bayrağını ucaltmaqla bütün dünya azərbaycanlılarına sonsuz sevinc və qürur hissi yaşatdı.

Xocalıya həyat gətirdik!

Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir. Bu şəhərin küçələrindən yenə də uşaq səsləri, evlərdən şənlik sədası gəlir, toy-büsat qurulur. Prezident İlham Əliyev antiterror əməliyyatından dərhal sonra, ilk növbədə, Xocalının bərpa edilməsi ilə bağlı xüsusi tapşırıq verdi və tapşırıq uğurla yerinə yetirildi. Xocalı rayonunun inzibati mərkəzi olan Xocalı şəhərinin Baş planı hazırlanaraq mühüm işlərin həyata keçirilməsinə başlanıldı. Ağdam-Xankəndi-Şuşa marşrutu üzərində yerləşən bu şəhər davamlı inkişaf edən canlı regional mərkəz, strateji yaşayış məntəqəsi rolunu oynayacaq. Hava limanının mövcudluğu, şəhər ətrafından keçən respublika əhəmiyyətli avtomobil və dəmir yolları Xocalını həm işgüzar, həm də turizm məqsədləri üçün rahat təyinat nöqtəsinə çevirəcək. Sənaye, təhsil və mədəniyyət mərkəzlərinə yaxınlığı, zəngin tarixi irsə malik olması isə şəhərin müxtəlif istiqamətlərdə paralel inkişafına töhfə verəcək.

Xocalının “Böyük Qayıdış” proqramı çərçivəsində dirçəlişi, bərpası və yenidən qurulması bu torpaqları inkişaf etmiş bölgəyə çevirir. Bu gün Xocalıdan olan sakinlər ermənilərin törətdikləri dəhşətli fevral faciəsini unutmasalar da, öz doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar. Xocalıya qayıdış həm də xalqımızın dünya erməniliyi üzərində zəfəridir. Xocalıya qayıdış əcdadlarımızın ruhunun şad olmasıdır. Xocalı bu gün ən gözəl günlərini yaşayır. Bundan sonra şəhərin torpağının üstündə Xocalının doğma sakinləri addımlayacaqlar. Havasını da onlar udacaq, suyunu da köçkünlüyə son qoymuş insanlar içəcəklər. Burada üçrəngli Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Xocalının gözəlliyinin üstünə gözəllik gələcək.

Xocalı ilə dərinləşən Vətən sevdası nəsildən-nəslə ötürülür

Xocalı  faciəsi nə qədər acı olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi və bu gün tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Xalqımızın mübarizə əzmini möhkəmləndirdi, gənc nəslin vətənpərvərlik tərbiyəsini formalaşdırdı. Əminliklə demək olar ki, həmin dövrdə qaçqın düşən uşaqlar, yaxınları faciə qurbanı olan gənclər sonralar həmin ərazilərin düşmən tapdağından azad edilməsində qəhrəmanlıq göstərdilər. Bu gün bütün bu tarixi faktların gələcək nəsillərə çatdırılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik tariximizin bu təbəqə tərəfindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır.

Qürurla deyirik ki, artıq Vətənimiz Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkə kimi ildən-ilə daha da qüdrətlənir, iqtisadi gücünü artırır, siyasi arenadakı mövqeyini gücləndirir, gələcəyə sülh və əmin-amanlıq şəraitində irəliləyir. Bu gün hər bir Azərbaycan gənci də ölkəmizin gücünü, qüdrətini dərindən dərk etməli, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Fəxrlə demək olar ki, dövlətimizin başçısı İlham Əliyevin liderliyində yetişən Azərbaycan gəncliyi  bu missiyanı şərəflə daşıyacaq, Vətəninə, elinə qırılmaz tellərlə bağlanacaqdır.

 

Məcid SEYİDOV

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini, “Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı” İctimai Birliyinin sədri

Nəşr edilib : 26.02.2026 00:10