NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Xocalıda həyat yenidən başlayır

...

Tarixin yaddaşından heç bir zaman silinməyəcək, misli görünməmiş ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı uzun illər xalqımızın qəlbində sağalmaz yara kimi yaşadı. Lakin bu gün biz Xocalıdan danışarkən artıq yalnız ağrıdan-acıdan deyil, həm də dirçəlişdən, qayıdışdan, gələcəkdən bəhs edirik.
Xocalı artıq təkcə bir soyqırımı simvolu deyil, yenidən qurulan evlərin işığı, məktəbə tələsən uşaqların sevinci, torpağa qovuşan insanların qürurudur. Bu gün Xocalıda həyat yenidən başlayır və bura qayıdan hər bir ailə tarixi ədalətin bərpasının canlı sübutuna çevrilir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Xocalı şəhəri və kəndlərində məskunlaşma prosesi uğurla və planlı şəkildə davam etdirilir. 2023-2025-ci illərdə ölkə başçısının Xocalıya 11 səfəri olmuş və bu səfərlər zamanı şəhər və kəndlərdə görülən tikinti-yenidənqurma işləri, fərdi və çoxmənzilli evlərin bərpası, sosial və infrastruktur layihələri, həmçinin Xocalı Soyqırımı Memorial Kompleksi, məktəb, yarımstansiya, Rəqəmsal İdarəetmə Mərkəzi, kənd təsərrüfatı və sənaye obyektlərinin açılışları həyata keçirilmişdir. Eyni zamanda Xocalı Hava Limanı da ölkə başçısının diqqət yetirdiyi strateji obyektlərdən biridir. 2026-cı ilin 25 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.
2026-cı il 19 yanvar tarixinədək Xocalı şəhəri və kəndlərinə, ümumilikdə, 881 ailə, 3602 nəfər köçürülmüşdür. Belə ki, Xocalı şəhərində 114 ailə, 502 nəfər, Ballıca kəndində 239 ailə, 1058 nəfər, Xanyurdu kəndində 123 ailə, 431 nəfər, Təzəbinə kəndində 139 ailə, 609 nəfər, Şuşakənd kəndində 114 ailə, 428 nəfər, Badara kəndində 58 ailə, 220 nəfər, Seyidbəyli kəndində 59 ailə, 216 nəfər, Daşbulaq kəndində isə 35 ailə, 138 nəfər məskunlaşmışdır.
Bu rəqəmlər Böyük Qayıdışın artıq real nəticələr verdiyini, illərlə həsrətində olduğumuz torpaqlarda həyatın bərpa olunduğunu nümayiş etdirir. Müasir infrastrukturun qurulması, yaşayış evlərinin tikintisi, sosial obyektlərin istifadəyə verilməsi və məşğulluq imkanlarının yaradılması qayıdan ailələrin rifahının təmin edilməsinə xidmət edir.
Beləliklə, bu gün Xocalı xalqın iradəsinin, doğma yurd sevgisinin və gələcəyə olan ümidin təcəssümüdür. Xocalı Azərbaycanın əbədi varlığının, azadlığının və suverenliyinin simvolu olaraq yenidən dirçəlir.

Orxan Məhərrəmov 
Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri

Nəşr edilib : 26.02.2026 09:42