Состоялась церемония официальной встречи Президент...
11:37 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Raya Əbdulovanın həyat yoldaşı Xocalı döyüşlərində şəhid olub, oğlu itkin düşüb. O, qəlbində həm şəhid olan ömür yoldaşının, həm də hələ də sorağı gəlməyən oğlunun nisgilini daşıyır. O, Xocalıdan son çıxan ailələrdəndir. Xocalıya ilk qayıdan insanlardandır.
Onun söhbəti: "Hər tərəfdən mühasirəyə alınan şəhərin müdafiəsi çətinliklə aparılsa da, igid oğullar son qanına kimi döyüşməyə söz vermişdi. Yoldaşım da döyüşdə idi. Şəhər hər tərəfdən mühasirəyə alınmışdı. Çıxış ancaq hava yolu ilə idi. Xocalı şəhərindəki hava limanı Əlif Hacıyev kimi qəhrəmanların sayəsində qorunurdu. Qadın və qocaların, uşaqların şəhərdən çıxarılması üçün helikopterlər gəlsə də, sakinləri daşımağa yetmirdi. Torpaqlarımız işğalda olanda tək arzum bir də buraya qayıdıb dağdan-daşdan oğlumu soraqlamaq olub. Həmin gün gələndə, Xocalıda ucalan bayrağı görəndə hər bir döyüşçümüzə, Müzəffər Komandanımıza minnətdar olduq. Xocalıya qayıdan gün oğlumu harayladım, çağırdım dayanmadan. Amma dağ da, daş da, ucsuz-bucaqsız çöllər də susmuşdu. Səsim dağlara dəyib bir də özümə qayıdanda gördüm ki, lal olub onlar da 30 il öncəki faciəni görəndə. Qəlbimin yarası heç vaxt sağalmayacaq, bircə təsəllim var Xocalı azaddır və mən həyat yoldaşımla, oğlumla birgə yaşadığım evdəyəm. Onların xatirələrini yaşadıram. İki nəvə böyüdüb təsəlli tapıram".
“Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”
Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırdıqdan sonra müsahibələrinin birində Prezident İlham Əliyevin yurdundan didərgin salınmış vətəndaşlarımızla bağlı kövrək şəkildə ifadə etdiyi bu fikirlərdə olduğu kimi onlar həm yurd həsrəti həm də yaxınlarını itirmək həsrəti, çəksələr də, dövlətimizin qayğıkeş əlini daim öz çiyinlərində hiss etdilər və bu onlara güc verdi. Sınmadılar, biz xalq olaraq qəbul etmədik torpağımızın işğalda olmağını, birləşdik, “dəmir yumruq” olub, şimşək kimi çaxıb düşmənin canına vəlvələ saldıq. Bu gün biz öz yurdumuza geri dönmüşük. Bundan sonra biz burada əbədi yaşayacağıq. Çünki biz bu torpaqların əsl sahibləriyik.
Digər xəbərlər