NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Xocalı qələbənin və Böyük Qayıdışın rəmzi oldu

...

Tarix heç vaxt cinayəti və cinayətkarı unutmur və bağışlamır. Əlləri günahsız insanların qanına batan zalımlar gec-tez ədalətin qarşısında diz çökürlər. Zaman hər şeyi yerinə qoyur, haqsızlığa göz yumanları və zülm edənləri unutqanlığın qaranlığına gömür. Tarixin hökmü qaçılmazdır – ədalət bərqərar olur və cəlladlar öz layiqli cəzalarını alırlar.

XX əsrin sonlarında dost bilib əl uzatdığımız, süfrəmizin ən ləziz nemətlərinə qonaq etdiyimiz xain erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal etdilər. Günahsız azərbaycanlıları amansız bir qətliama məruz qoyaraq misli görünməmiş vəhşilik törətdilər. Həmin gecə Xocalının göyləri fəryad sədaları ilə sarsıldı. Qocaların, cavanların, günahsız körpələrin ah-naləsi havaya qarışdı, insan qanına bələnmiş şəhər qırmızı laləyə bənzədi. Təbiət belə bu faciəyə laqeyd qalmadı – buludlar göz yaşına döndü, qışın sərt şaxtası, qar-boranı və düşmənin amansız hücumları birləşərək xocalılıları öz doğma yurdlarından didərgin saldı. O gecə Xocalı yalnız bir şəhər kimi yox, bütün xalqın taleyində sağalmaz yaraya çevrildi.

Fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tamamilə alova büründü. Mühasirəyə alınmış 2500-ə yaxın Xocalı sakini Ağdama çatmaq ümidi ilə şəhəri tərk etsə də, düşmənin amansız gülləsinə tuş gəldi. Bu soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, ümumilikdə, 613 Xocalı sakini həyatını itirdi. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Düşmənin açdığı atəş nəticəsində 487 nəfər yaralandı, onlardan 76-sı uşaq idi. Həmçinin 1275 Xocalı sakini əsir götürüldü, 150 nəfər isə itkin düşdü.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımının bütün dəhşətlərini və miqyasını dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Bu cinayətlərin soyqırımı siyasəti kimi tanınmasına nail olmaq əsas hədəflərdən biri idi. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etdi. Bu sənəddə Xocalı faciəsinin başvermə səbəbləri və günahkarları ətraflı şəkildə açıqlandı. Eyni zamanda Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və erməni qəsbkarlarının beynəlxalq miqyasda ifşa edilməsi mühüm vəzifələrdən biri kimi ön plana çəkildi.

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm və təsirli tədbirlər həyata keçirildi. Bu addımlar təkcə tarixi ədalətin bərqərar olması üçün deyil, həm də Xocalının günahsız müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuz idi. Uzun illər düşmən tapdağı altında qalan Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Bu təkcə bir şəhərin azad edilməsi deyil, həm də Xocalı qurbanlarının qanının yerdə qalmadığını, Azərbaycan xalqının əzmini və haqlı mübarizəsinin nəticə verdiyini bir daha sübut etdi.

Bu gün Xocalıda Azərbaycan Bayrağı qürurla dalğalanır. Bu bayraq təkcə bir şəhərin azadlığını deyil, həm də 1992-ci ildə Xocalıda törədilmiş soyqırımına verilən tarixi cavabı simvolizə edir. Azərbaycan dövləti və xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq, onun qurbanlarının xatirəsini daim yaşadacaq və bu faciənin dünya səviyyəsində tanınması istiqamətində mübarizəsini davam etdirəcək.

Artıq beş ildir ki, Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə ruhu ilə anılır. İllər boyu ürəklərdə ağrı və nisgil yaradan bu gün indi sevinc və qürur hissi ilə qeyd edilir. Vaxtilə məcburi köçkün və qaçqın adlandırılan soydaşlarımız üçün yeni bir dövr başlayıb – bu, Böyük Qayıdış dövrüdür. İşğaldan azad edilmiş torpaqlarımıza qayıdış, Azərbaycan xalqının sabahına açılan əbədi günəşdir. Bu parlaq günəş, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sarsılmaz iradəsinin, düşmənin başı üzərində daim hazır olan “dəmir yumruğ”unun və güclü Azərbaycan Ordusunun sayəsində doğmuşdur.

Xocalı artıq yalnız bir faciənin simvolu deyil, həm də Azərbaycanın gücünün, xalqımızın yenilməzliyinin, dövlətimizin əzmkarlığının göstəricisidir. Bu gün Xocalıda açılan hər səhər yeni bir ümid, yeni bir başlanğıc deməkdir. Bir zamanlar qanla yoğrulmuş torpaqlarda indi həyat yenidən canlanır. Xocalıda yeni körpələr dünyaya göz açır, dağıdılmış evlərin yerində müasir şəhər salınır, illərlə həsrət çəkən xocalılılar öz doğma yurdlarına qayıdırlar.Vaxtilə ata-baba torpağından didərgin düşənlərin ruhu bu gün Xocalıda rahatlıq tapır. Azərbaycanın cəsur və uzaqgörən lideri, Prezident cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Xocalı yenidən dirçəlir, xoş günlərini yaşayır. Xocalı artıq məğlubiyyətin deyil, qələbənin, Böyük Qayıdışın və gələcəyə ümidin simvoluna çevrilib. Bu gün biz yalnız Xocalını yad etmirik, həm də onun bərpasını, dirçəlişini, tarixə yazılan yeni şanlı səhifələrini qeyd edirik. Azərbaycan xalqı üçün Xocalı faciəsi heç vaxt unudulmayacaq, bu torpaqda yenidən həyatın bərqərar olması, haqlı mübarizənin zəfərlə nəticələnməsi tariximizin ən böyük ədalət qələbələrindən biridir.

Yurdundan didərgin düşənlərin ruhları indi Xocalının azad və dinc gündəlik həyatında rahatlıq tapır. Bu gün Xocalı xalqımızın, ordumuzun və birliyimizin möhkəm təməli, igid əsgərlərimizin fədakarlığı və rəşadəti sayəsində azad və işıqlı bir gələcəyə doğru yol alır. Həmin günlərin acı xatirələri, igid döyüşçülərimizin canı bahasına qazandıqları zəfərin və millətimizin gücünün təcəssümü olaraq tarixdə qalacaq. Xocalı artıq bir yara deyil, xalqımızın qalibiyyətə olan inamının və həmrəyliyinin simvoluna çevrilib. Bugünkü firavan həyatımız, o igidlərin mübarizəsinin və şücaətinin nəticəsidir. Bu qələbə, yalnız bizə deyil, bütün dünyaya göstərdi ki, heç bir güc xalqın azadlıq və müstəqillik arzusunu sarsıda bilməz. Artıq, keçmişin ağrılarını unutmaq, sabahın parlaq ümidlərinə doğru addım atmaq mümkündür. Xocalı bu gün yalnız bir məğlubiyyətin yox, qalibiyyətin və əbədi dirçəlişin simvoludur. Xocalı qələbənin və Böyük Qayıdışın rəmzi oldu.

Gülxarə ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Nəşr edilib : 25.02.2025 17:01