NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

XII Qlobal Bakı Forumu Prezident İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir

...

Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu alimlər iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu forumun əsas məqsədi qlobal çağırışları müzakirə etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və siyasi, iqtisadi, sosial problemlərin həlli yollarını araşdırmaqdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin müzakirəsində, həlli yollarının araşdırılmasında olduqca uğurlu platforma kimi özünü beynəlxalq aləmdə təsdiq edib. Eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın üzləşdiyi problemlərin müzakirəsi baxımından ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir. Bununla yanaşı, mərkəz qlobal tədbirlərin reallaşdığı məkan olan Azərbaycanın mühüm ölkə kimi nüfuzunu artırmaqda da davam edir. Müxtəlif ölkələrin liderlərinin, ali qonaqların iştirakı ilə keçirilən XII Qlobal Bakı Forumu qeyd olunanların təsdiqi idi.

HHHər il təşkil olunan və dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin iştirakı ilə keçirilən forum qlobal problemlər üzrə müzakirələrin aparıldığı əsas beynəlxalq platformalardan birinə çevrilib. Prezident İlham Əliyevin də dediyi kimi: “Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri – xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin, həqiqətən, böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq”.

Qalib ölkə kimi bütün dünyanın diqqətində olan Azərbaycan ədalətli müharibəni Zəfərlə yekunlaşdırdı və öz torpaqlarını işğaldan azad etdi. Bu məqam da ölkə başçısı tərəfindən forum iştirakçılarının bir daha diqqətinə çatdırılıb. Müzəffər Ali Baş Komandan müharibənin ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndiyini söylədi: “İndi biz sülh haqqında danışırıq. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanıb. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanıb. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanındı. Müharibə bitdikdən sonra isə hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü”.

XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı edən   Prezident İlham Əliyev dərinməzmunlu nitqində dünya düzəninin formalaşması istiqamətində vacib tezisləri diqqətə çatdırdı, ölkəmizin beynəlxalq siyasi, iqtisadi münasibətlərə töhfələrindən, sağlam gələcək naminə həyata keçirdiyi layihələrdən danışdı, bəşəriyyəti fəlakətlərə sürükləyən rejimlərə, dairələrə qarşı sərt mesajlar ünvanladı.

Azərbaycan uzun illərdir ki, dünya düzəninin nizama salınması, qlobal problemlərin həlli istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməklə, xüsusilə kiçik dövlətlərin, xalqların hüquqlarının müdafiəçisinə, haqq səsinə çevrilib. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı COP29 çərçivəsində qazanılan uğurlara xüsusi toxundu, “Bakı sıçrayışı” adlandırılan bu konfransın mühüm olduğunu bildirdi: “Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin biz burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da biz bərpa olunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq”.

Forumun məqsədi müxtəlif ölkələrdən dövlət və hökumət başçılarını, siyasətçiləri, alimləri və ekspertləri bir araya gətirərək beynəlxalq dialoqun inkişafına töhfə vermək, Azərbaycanı qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya çevirmək və ölkənin diplomatik mövqeyini gücləndirməkdir. Bundan başqa, forum Azərbaycanın regionda və dünyada diplomatik güc mərkəzi kimi mövqeyini də gücləndirir.

Həm regionda, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini də uğurla davam etdirir. Dövlətimizin xarici siyasətinin özünəməxsus xüsusiyyətlərindən biri bu siyasətin müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Azərbaycan tam müstəqil siyasət həyata keçirir və bunun nəticəsidir ki, ölkəmizə rəğbət, maraq daim artır, yüksək hörmət və ehtiram göstərilir.

Etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən Azərbaycanda reallaşan Qlobal Bakı Forumunda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da müzakirə edildi. Qürurverici haldır ki, Qlobal Bakı Forumu dünyanı birləşdirən səmərəli platforma kimi dəyərləndirilir və yeni çağırışların müzakirəsinə şərait yaradır.

Gülxarə TARVERDİYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 19.03.2025 10:41