NAXÇIVAN :

03 Oktyabr 2026, Şənbə

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Texnofest-Cənub-Şərq” festivalının keçirildiyi Şanlıurfaya səfəri çərçivəsində Azərbaycan bulvarında yeni körpülü yol qovşağının açılışını edib.
Mərasimdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanov iştirak ediblər.
Yeni körpülü yol qovşağı şəhərin nəqliyyat sisteminə düşən yükü əhəmiyyətli dərəcədə azaldacaq, şəhər mərkəzi ilə GAP hava limanı arasındakı yolun müddətini qısaldacaq.
Azərbaycan bulvarı Şanlıurfada 2 min çarpayılıq yeni şəhər xəstəxanasına aparır.
Şəhər sakinləri, bələdiyyə strukturlarının əməkdaşları və yol polisi əməkdaşları infrastrukturun fəal inkişaf etdirilməsindən məmnunluqlarını ifadə edərək, yeni körpülü yol qovşağının Şanlıurfa ilə Diyarbəkir arasında nəqliyyat əlaqəsinin asanlaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Yeni yol ötürücüsünün uzunluğu 200 metr, yerdən hündürlüyü 5,75 metr, hərəkət zolağının eni isə 7,5 metrdir. Qovşağın tikintisi 2023-cü ildən davam edib.
Şanlıurfa bələdiyyəsi gələcəkdə körpülü yol qovşağı boyunca tramvay xəttinin çəkilməsini planlaşdırır.
Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar mətbuata müsahibəsində Azərbaycan bulvarının mövcudluğunun Türkiyənin cənub-şərqində yaşayan vətəndaşların ölkəmizlə əlaqələrinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətini vurğulayıb.
“Azərbaycan bulvarı böyük simvolik əhəmiyyət daşıyır. Bu, “Bir millət, iki dövlət” kəlamı fonunda Azərbaycanla birliyimizi bir daha xatırladır”, – deyə o, ölkəmizlə əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinə hazır olduqlarını vurğulayıb.
Bələdiyyə sədri “Türkiyə və Azərbaycan Sahibkarları və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizin işgüzar dairələrinin nümayəndələrini tezliklə Şanlıurfaya səfər etməyə çağırıb.

Nəşr edilib : 03.10.2026 21:10