NAXÇIVAN :

10 May 2026, Bazar

Xalqın inamını, etimadını qazanmaq liderlik, güvənc yeri olmaq isə ən böyük xoşbəxtlikdir

...

Ulu Öndər xatirələrdə 

“Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günü dünyaya göz açmışam. Yəqin ki, dünyaya gəlişimlə beş-on, lap uzağı otuz-qırx nəfər sevinib, yaxud da biri digərindən muştuluq alıb. Bu gün, bəlkə də, bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə, Azərbaycanımız üçün dünyaya gətirib. Niyə belə qətiyyətlə deyirəm? Anamı mən cəmi Azərbaycana bənzədirəm. Ana qibləgahdır! Mənim Azərbaycanım həm qibləgahdır, həm də ziyarətgah. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm, bundan sonrakı günlərimi də ona qurban deyirəm”. Ulu Öndərin sözləridir, ömrünün, bəlkə də, ən xoşbəxt günlərini yaşayanda dilə gətirmişdi bu sözləri. Bəli, o dünyaya bütöv bir xalq üçün gəlmişdi. Zaman bunu sübut etdi və həmin dövrün insanları bu möhtəşəm tarixə şahid olmaq şərəfini qazandı. Bugünkü müsahiblərimiz onlardan bir neçəsidir . 
Babək rayon Nehrəm qəsəbə sakini Sədaqət Mahmudovun 71 yaşı var. O, Azərbaycan Respublikasının Əməkdar müəllimidir. “Tarixi oxumaq başqa, ona canlı şahidlik etmək isə tamam fərqlidir”, – deyir Əməkdar müəllim. 
“Bizim və dünyanın gözləri önündə tarix yazdı Ulu Öndər. Hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan xalqı üçün misli görünməmiş işlər görməyə başladı. Dilimiz, milli mədəniyyətimiz özümüzə qayıtdı. Azərbaycan dilinin rəsmi dil kimi qəbul edilməsi, torpaqlarımızın erməniləşdirilməsinə son qoyulması, 14 min gəncin sovet məkanının ən böyük təhsil ocaqlarına təhsil almağa göndərilməsi, zabit kadrların yetişdirilməsi dahi rəhbərin bu xalq qarşısındakı misilsiz xidmətlərindən bir neçəsidir. 1978-ci ildə Babək rayonunun yaradılması haqqında verilən qərar isə həmin dövrdə hər kəsin öhdəsindən gələ bilməyəcəyi bir qərar idi. Sovetlərin əsarət zəncirinin ən sıx vaxtında xalq qəhrəmanı, azadlıq fədaisi Babəkin adını daşıyan bir rayon yaratmağı ancaq Heydər Əliyev bacara bilərdi. Həmin görüşdə iştirak edəndə gənc bir müəllim idim və Onun dediyi hər kəlməni yaddaşıma həkk edirdim. Onun kimi bir lideri yetişdirən bir xalqın nümayəndəsi olaraq qürur duyurdum”. 
1990-cı illərin çətin günlərində O bizim ona olan inamımızı bir daha ən yüksək zirvəyə daşıdı, yurduna qayıdıb bizimlə birlikdə oldu. Çıraq işığında, odun peçinin başında bu xalq üçün mühüm qərarlar verdi. Bugünkü qalib Azərbaycan Onun əsəridir. 
Nehrəm qəsəbə sakini Tofiq Abutalıbovun 84 yaşı var. O, alim-aqronom, Yeni Azərbaycan Partiyasının Babək rayon Nehrəm qəsəbə ərazi təşkilatının sədridir. Ulu Öndərlə bağlı xatirələrini dilə gətirəndə uzaqlara dikilən baxışlarından yaxın dost, yoldaş həsrəti duyulur bu el ağsaqqalının. 
“Heydər Əliyev bir evin yox, bütöv bir xalqın atası idi. O, torpağın, elin, Vətənin qədrini bilən bir insan idi. Bütöv Azərbaycanı inşa edən, özü isə sadə həyat yaşayan bir insan. Tanrı Ona fövqəladə bir güc bəxş etmişdi ki, xalqının çətin günündə onun imdadına yetişə bilsin. Ulu Öndərin 1990-cı illərin çətin günlərində Naxçıvana gəlişi bütün naxçıvanlılar tərəfindən sevinclə qarşılandı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün mənalı ömrü boyu daim xalqımızın güvənc yeri olub. Dahi şəxsiyyət muxtar respublikamızın ən çətin günlərində – 1990-cı il iyul ayının 22-də Naxçıvana gəlib, naxçıvanlılar Onu, O da Naxçıvanı qoruyub. Həmin il 340 nömrəli Nehrəm seçki dairəsindən Ulu Öndərin Azərbaycan SSR Xalq Deputatlığına namizədliyi irəli sürüldü. Görkəmli dövlət xadimi Nehrəmə gələrək burada seçiciləri ilə görüşüb. Onun seçicilərlə görüşdüyü həmin ünvan bu gün Nehrəmdə müqəddəs bir yer sayılır. Bu ünvanda Heydər Əliyev Parkı salınıb, Ümummilli Liderin yüksəklərə qaldırdığı Azərbaycan Bayrağı parkın mərkəzində ucaldılıb”. 
Müsahibim dahi rəhbərin Nehrəmi qeyrətli insanlar kəndi adlandırdığını vurğulayır. Qeyd edir ki, Ulu Öndər Bakıya qayıtdıqdan sonrakı illərdə Naxçıvanı, xüsusilə Nehrəm kəndini diqqətdə saxlayırdı. Alim-aqronom Ulu Öndərin on nəfər Nehrəm sakinini Bakıya dəvət edib onlarla görüşdüyündən bəhs edir və diqqətə çatdırır ki, həmin görüşdə dahi rəhbər insanları narahat edən məsələlərdən danışıb, nehrəmliləri dinləyib, bu qədim kəndin sakinlərinin rastlaşdıqları çətinliklərin aradan qaldırılması üçün göstərişlər verib. 
Həmsöhbətim vurğulayır ki, Heydər Əliyev bu xalqın qəlbində daim yaşayacaq. O təkcə xüsusi günlərdə yada düşmür, hər saat, hər saniyə var və hər zaman da var olacaq. 
Sədərək rayonu, Sədərək kənd sakini Həsən Zamanovun 89 yaşı var. O, sağlamlığını Sədərək uğrunda gedən döyüşlərdə itirib. Yazın gəlişi ilə yaşıllığa bürünən Sədərək kəndində sadə kənd evinin üzü dağlara baxan eyvanında əyləşib uca dağlara tamaşa edir və Ulu Öndərin Sədərəyə gəlişi barədə danışır bizə. 
“Həmin il çox çətin keçdi qış. Dizə kimi yağan qar, qaranlıq və soyuq evlərdə başsız qalan ailələr, səngərdə ac-susuz qarın içində dayanıb düşmənə sipər olan bizlər. Mərkəzi hakimiyyət isə sanki unutmuşdu bu boyda Naxçıvanı. Düşmən Sədərəyə od yağdırır, onların buz tutmuş qəlbi heç ərimirdi. Torpağımızı canımız hesabına qoruduq və dözdük, Heydər Əliyev gələn gün isə bax bu dağların başına (əli ilə Ucu Biz dağını göstərir) günəş doğuldu. İstisi bizi isitdi, alovu isə düşməni yandırıb məhv etdi. Onun gəlişi səngərdəki döyüşçüyə də, evindən didərgin düşmüş kəndliyə də ümid oldu. Gəldi, düşmən gülləsinin qarşısında dayandı və onu öz zəkası, siyasəti ilə susdurdu. 
Heç yadımdan çıxmaz, elə söz vaxtına çəkər. İlin bu vaxtı idi. May ayı. Ucu Bizdə qanlı döyüş gedirdi, qardaşım oğlu Farizlə birlikdə bir neçə eloğlu orada şəhidlik şərbəti içdi, mən isə ağır yaralandım. Şəhidlər 18 gün düşmənin güllə yağmuru altında qaldı, götürə bilmədik. Yenə O gəldi, aldı igidlərin nəşini düşmənin əlindən, ailələrinə verdi, bizi isə Ərzuruma xəstəxanaya göndərdi. Körpü (“Ümid” körpüsünü deyir) hələ hazır deyildi, xüsusi helikopterlərlə bizi Arazın o tayına keçirib Ərzuruma müalicəyə apardılar. Günlər sonra özü də gəldi bizi görməyə. Onun qayğıkeş əlini hələ də çiynimdə hiss edirəm. 
Bəli, onu sevən hər kəs hələ də o qayğıkeş əli öz çiynində hiss edir. Heydər Əliyev bütöv bir xalqın xilaskarı, bir dövlətin memarı, bugünkü Azərbaycanın səbəbkarıdır. Vətənimizdə Onun sevgisinin qonaq olmadığı ürək yoxdur. Ancaq biz naxçıvanlıların qəlbində və xatirəsində Heydər babamızın yeri tamam başqadır. Bizi bir-birimizə bağlayan  ən möhkəm bağ isə bu qədim torpağı xilas etməyimizdir. 
Ulu Öndərin dediyi kimi: “Sizinlə məni bağlayan təkcə bu torpaqda doğulmağım, böyüyüb həyata atılmağım deyil. Sizinlə məni bağlayan Azərbaycan Respublikası, o cümlədən muxtar respublika üçün çox ağır bir dövrdə – 1990-cı ildən sizinlə bir yerdə yaşamağım, Naxçıvanı sizinlə birgə qorumağımdır”.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 10.05.2026 15:47