NAXÇIVAN :

23 Aprel 2025, Çərşənbə

Xalqımızın qəhrəmanlıq tarixinin şərəfli səhifəsi

...

Azərbaycanın xalqı tarixən ən müxtəlif bəhanələrlə zülmə, şiddətə və faciələrə məruz qalmışdır. Bu  faciələr həm də bizim millətimizin əzminin, azadlıq ruhunun, müstəqillik arzusunun bir təcəssümüdür.  Xalqımızın qəhrəmanlıq tarixinin ən əsas və şərəfli səhifəsi kimi xarakterizə edilən  20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
1990-cı ilin 20 Yanvar   hadisəsi   Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. Eyni  zmanda xalqımızın dəyərli oğul və qızlarının  ləyaqətini qorumaq üçün ölümdən belə  qorxmadan  canını qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Azadlıq üçün öz haqq səsini ucaltmış əliyalın dinc əhalinin vəhşi sovet qoşunları tərəfindən qəddarcasına  qətlə yetirilməsi 20 Yanvar  faciəsinin yalnız Azərbaycan xalqına qarşı deyil, humanizmə, insan hüquqlarına  qarşı törədilən bəşəri cinayət olduğunu təsdiqləyir. Reallıq budur ki, Dağlıq Qarabağın Ermənistan adlı tarixən torpaqları olmayan bir qrup etnik cəmiyyətə  birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml rəhbərliyi yanvar hadisələrini törətdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi.
Öz vətənini, tarixini, xalqını, millətini canından artıq sevən, Azərbaycançılıq məfkurəsinin banmisi Ulu Öndər Heydər Əliyev bu faciə zamanı da xalqına bağlılığını bir daha nümayiş etdirdi. Xalqının səsinə hər kəsdən əvvəl səs verən  Ümummilli Lider hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, kommunist partiyası rejiminin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdi, təqsirkarların cəzalandırılmasını tələb etdi.
Azad, müstəqil yaşamaq xalqımızın ən böyük arzu və hüquqlarından biridir. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Belə çətin məqamda xalq yenə də üzünü öz xilaskarına - Ulu Öndər Heydər Əliyevə tutdu. Dahi şəxsiyyət ölkəsinin, xalqının düşdüyü ağır vəziyyətə biganə qalmadı, xalqının səsinə səs verdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi şəxsiyyət qısa zamanda düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxardı.
Artıq  20 Yanvar faciəsinin ildönümünü torpaqlarımızın işğaldan azad edilməsindən keçirdiyimiz qürur hissi ilə qeyd edirik: Bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin daimiliyi, sarsılmazlığı təmin olundu, dünyaya Günəş kimi doğdu. 
Ölkə prezidenti, Müzəffər  Ali  baş komandan, Heydər Əliyev siyasi kursunun  layiqli davamçısı, cənab İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində isə tariximizin Zəfər səhifəsi yazıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Müzəffər Ordumuzun yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu gün şəhidlərimizin ruhu şaddır. Müasir  müstəqil, qalib Azərbaycanın üçrəngli bayrağı azad Qarabağda, Şərqi Zəngəzurda dalğalanır.

Elmar Rzayev

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 19.01.2025 18:00