Ermənistan XİN: İrəvan Bakı ilə dərhal sülh sazişi...
14:50 14.05.2025
0
0
0
NAXÇIVAN :
14 May 2025, Çərşənbə
Cəmiyyətin tərəqqisi üçün yalnız bilikli deyil, eyni zamanda yaradıcı və fərqli düşünmə qabiliyyətinə malik olan şəxslərə ehtiyac var. Bu baxımdan, istedadlı şagirdlər hər bir xalqın gələcəyinin parlaq ümidləridir. İstedadlı şagirdlərin inkişafı üçün şərait yaratmaq cəmiyyətin gələcəyini düşünməkdir. Belə şagirdlərimizdən biri də Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Səid Qasımovdur. Onunla redaksiyamızda həmsöhbət olduq. Səid deyir ki, zamanla hər çətinliyin arxasında bir fürsət gizləndiyini öyrənmişəm. Daha çox məntiqi məsələlər həll etməyi və riyaziyyatı sevirəm. Eyni zamanda bədii ədəbiyyat oxumaq, yeni sözlər öyrənmək və şahmat oynamaq da mənə böyük zövq verir. Hazırda ingilis dili öyrənirəm və gələcəkdə informasiya texnologiyaları sahəsində mütəxəssis olmaq istəyirəm.
Öyrəndik ki, o, dəfələrlə məktəbdaxili və məktəblərarası sınaqlarda, olimpiadalarda iştirak edib və yüksək nəticələr qazanıb. Hər uğur Səid üçün həm motivasiya, həm də növbəti hədəfə gedən bir addım olub: “Məncə, uğurun sirri nizam-intizamda, davamlı çalışmaqda və heç vaxt ruhdan düşməməkdədir. Hər gün müəyyən bir vaxtımı dərslərə, oxumağa və məşğələlərə ayırıram. Ailəm və müəllimlərim də mənə daim dəstək olurlar. Hər kəsin güclü və zəif tərəfləri var, amma əgər istək və əzmkarlıq varsa, istənilən hədəfə çatmaq mümkündür. Kitab oxumaq, maraq dairəsini genişləndirmək və özünü daim inkişaf etdirmək çox vacibdir. Çünki uğur heç bir sərhəd tanımır.
Xüsusilə qeyd edək ki, Səid 2022-ci ilin SASMO olimpiadasında gümüş medal (IV sinif), 2023-cü ilin SASMO olimpiadası gümüş medal (V sinif), həmin ilin AMO olimpiadasında gümüş medal, 2024-cü ilin SASMO olimpiadasında (VI) bürünc medal, həmin ilin Copernik olimpiadasında gümüş medal, şəhid Qoşqar Ömərov adına olimpiadada gümüş medal, 2025-ci il UAMO olimpiadası bürünc medal, 2025-ci ilin Copernik olimpiadası bürünc medal, 2025-ci ilin TİMO olimpiadasında gümüş medal, 2025-ci ilin FİSO olimpiadası qızıl medal, bu il isə SASMO olimpiadasında bürünc medala layiq görülüb.
Əlavə olaraq da Naxçıvan şəhərində keçirilən müxtəlif olimpiadalar və sınaqlarda iştirak edərək müxtəlif (qızıl, gümüş, bürünc) medallar qazanıb.
Bülbül QULİYEVA
Digər xəbərlər