İrakli Kobaxidze: Enerji sahəsində əməkdaşlıq stra...
11:39 30.10.2026
0
0
0
NAXÇIVAN :
30 Oktyabr 2026, Cümə
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhərində infrastruktur yenilənməsi həyata keçirilir. Hazırda əsas diqqət qazanxanaların əsaslı təmirinə, köhnəlmiş avadanlıqların yeniləri ilə əvəzlənməsinə, əhalinin fasiləsiz və keyfiyyətli istiliklə təmin olunmasına yönəldilib.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi İlqar Hacıyev “Şərq qapısı”na müsahibəsində bildirib ki, Naxçıvan şəhərində, ümumilikdə, 44 qazanxana fəaliyyət göstərir. Onlardan 39-u fərdi, 5-i isə mərkəzi qazanxanadır. Bu qazanxanalar vasitəsilə 172 binada yerləşən 7753 mənzilə, 39 idarə, təşkilat və müəssisəyə, eləcə də 353 kommersiya obyektinə istilik verilir. Müsahibimiz qeyd etdi ki, beş mərkəzi qazanxana 1983-cü ildə tikilərək istifadəyə verilib və həmin vaxtdan indiyədək istismar olunur.
Onun sözlərinə görə, uzun müddət istismar nəticəsində bu qazanxanaların, demək olar ki, bütün avadanlıqları yararsız vəziyyətə düşüb. İstilik xətlərində yaranan korroziya səbəbindən tez-tez qəzalar baş verib. Bu isə həm su itkisinin artmasına, həm də enerji sərfiyyatının yüksəlməsinə səbəb olub. Nəticədə, istehlakçıların keyfiyyətli və fasiləsiz istiliklə təmin edilməsində müəyyən çətinliklər yaranıb.
İdarə rəisi bildirib ki, mövcud problemlər dövlət tərəfindən nəzərə alınıb. Belə ki, 12 avqust 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Sərəncamın müvafiq bəndində Naxçıvan Muxtar Respublikasında 45 qazanxananın əsaslı təmiri nəzərdə tutulub. Müsahibim qeyd edib ki, sənəddən irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə icrası məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
İlqar Hacıyevin sözlərinə görə, artıq Naxçıvan şəhərinin Əcəmi məhəlləsində yerləşən 141 nömrəli qazanxanada əsaslı təmir işlərinə başlanılıb: “Qazanxananın köhnə avadanlıqları tamamilə sökülərək yeniləri ilə əvəz olunur. Köhnə su qazanlarının əvəzinə müasir texnologiyalar əsasında işləyən üç yeni suqızdırıcı qazan quraşdırılıb və hazırda son tamamlama işləri aparılır. Həmçinin yeni nasoslar quraşdırılıb, su, kanalizasiya, qaz təchizatı və avtomatika sistemlərinin də tamamilə yenilənməsi nəzərdə tutulub. Yeni qazanların əsas üstünlüyü faydalı iş əmsalının yüksək olmasıdır. Bu, əhalinin lazımi səviyyədə istiliklə təmin edilməsinə, eyni zamanda elektrik enerjisi və qaz sərfiyyatının azaldılmasına imkan verəcək. Qazanxanada yenidənqurma işləri başa çatdıqdan və istilik xətləri də yeniləndikdən sonra qəza hallarının aradan qaldırılması, istehlakçılara keyfiyyətli və fasiləsiz istiliyin verilməsi təmin olunacaq”.
İdarə rəisi qeyd edib ki, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində yerləşən 57 nömrəli qazanxanada da yenidənqurma işlərinə başlanılıb. Burada köhnə qazanlar sökülərək ərazidən götürülüb, nasoslar yeniləri ilə əvəz edilib. Eyni zamanda su kollektor sistemi yenidən qurulub. Babək məhəlləsində yerləşən mərkəzi qazanxanada da əsaslı təmir işlərinə start verilib və binanın fasadı tamamilə yenilənir.
İlqar Hacıyev sonda onu da bildirib ki, növbəti mərhələdə qış mövsümü başa çatdıqdan sonra Yeni Naxçıvan yaşayış massivində, Babək məhəlləsində və Heydər Əliyev prospekti 21 ünvanında yerləşən mərkəzi qazanxanalarda əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulur. Hazırda bununla bağlı materialların satın alınması istiqamətində işlər davam etdirilir. Mövsüm başa çatan kimi həmin qazanxanalarda da yenidənqurma işlərinə başlanılacaq.
Səmayə RƏHİMQIZI
Digər xəbərlər