Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası, vətənpərvərlik təlimi ölkəmizi əbədi müstəqillik yoluna çıxarmaqla həm də bugünkü reallıqların etibarlı təminatçısına çevrildi. Otuz il ərzində Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində elə bir gənc nəsil yetişdi ki, Azərbaycanın haqq səsini dünyaya bəyan etdi, torpaqlarımızın azadlığı uğrunda zəfər yürüşünə çıxdı, Vətən yolunda gözünü qırpmadan ölümə getdi. Ölkə başçısının da dediyi kimi: “Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular”.
Bəli, Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının müqəddəs tutulduğu ailədə tərbiyə alıb, Prezident İlham Əliyevin “Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər” ideyasına əsaslanan məktəbə qədəm qoyan uşaqlar, yeniyetmələr böyüdü, parlaq gələcəyimiz olan gənclərə çevrildilər. Hər biri bir Azərbaycan, hər biri bir Vətən daşı oldu. Tariximizi, mədəniyyətimizi, milli kimliyimizi yaşatdılar, yaşatdırdılar, ən yüksək şəkildə təbliğ etdilər dəyərlərimizi, adət-ənənələrimizi. Xocalının fəryadını, Laçının harayını, Füzulinin imdad səsini, Ağdamın Xirosimanı xatırladan sinəsini, İsa bulağının zümzüməsini, Xarıbülbülün nəğməsini unutmadılar, unutdurmadılar, daim car çəkdilər, bəyan etdilər dünyaya Qarabağın əzəli Azərbaycan torpağı olduğu həqiqətini. Qəlbləri “Müharibə başlasaydı, soydaşlarımızın, atalarımızın, analarımızın qisasını alardıq, milli ləyaqətimizi, milli qürurumuzu bərpa edərdik” nidaları ilə döyündü, alovlandı daim. Vətənə məhəbbət eşqi, vətənpərvərlik ruhu ilə kükrədi, pərvaz etdi könüllər.
Və həmin tarixi gün – 2020-ci il sentyabrın 27-si yetişdi. Minlərlə, on minlərlə gəncimiz səfərbərlik xidməti idarələrinin qarşısına toplaşaraq könüllü formada müharibəyə yollanmağa can atdılar. Böyükdən-kiçiyə hər kəs bir məqsəd uğrunda – “dəmir yumruq” ətrafında birləşməyə amadə dayanmışdı. Vəzifəsindən, statusundan, mövqeyindən asılı olmayaraq, hər kəs Ali Baş Komandanın əmrinə müntəzir əsgər idi. Damarında azərbaycanlı qanı axan hər kəsi bir amal – Azərbaycançılıq ideyası, vətənpərvərlik ruhu, təlimi, tərbiyəsi birləşdirirdi. “Ya Qarabağ, ya ölüm!”, “Öldü var döndü yoxdu!” şüarları duyulurdu kəndin, şəhərin küçələrindən, elin, obanın hər qarışından. Üçrəngli bayrağa bürünmüşdü evlərin eyvanları, küçələrin, prospektlərin, meydanların ən hündür guşələri.
Ən gənc də “Yaşasın Ali Baş Komandan”, “Var olsun ordumuz”, “Qarabağa azadlıq”, – deyirdi, ən qocaman da. Yetər artıq haqsızlıq, ədalətsizlik, nəhayət ki, son qoyulmalıdır dövranın bu amansız gərdişinə amalı ilə 50 milyon ayaqlanmışdı. Əzmlə, iradə ilə əl-ələ verib sentyabrın 27-dən zəfər yürüşünə çıxaraq 44 gündə dünyanı silkələyən, qəflət yuxusundan oyadan, haqq çırağını alovlandıran 50 milyon. Hər birinin ürəyi cəbhədə döyünür, hər birinin qəlbi səngərdə çiyin-çiyinə vuruşan Vətən sevdalılarıyla bir vururdu. Füzuli səddini yarıb keçərək Şuşada zəfər bayrağını qaldırmaq inamı ilə irəli atılmışdı Azərbaycanın qeyrətli, mərd oğulları. Qəzəbli baxışlar, qətiyyətli addımlar qarşısında heç bir maneə, heç bir səngər, sədd, qaya, dağ dayana bilməzdi. Və dayana da bilmədi. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” mübarək kəlamı ilə hər gün torpaqlarımızın bir-bir azadlığa qovuşmaq müjdəsini aldıq. İllərin həsrəti, hicranı, nisgili, kədəri sona yetdi. Sevinc göz yaşları bərq vurdu çöhrələrdə, xoşbəxtlik ab-havasına büründü ev-eşiyimiz. Üçrəngli bayrağımız bəzədi əzəli, əbədi yurd yerlərimizi. Qarabağımızın qaranlıq gecələrini aydın sabahlar əvəzlədi, əbədi bahar gəldi qış ömrünə yurdumuzun.
Bəli, bu gün əbədi qalib, əbədi müstəqil, əbədi suveren dövlətik. Başımız dik, alnımız açıqdır. Haqlı olaraq öyünürük, fəxr edirik. Xoşbəxt xalqıq. Müzəffər ölkəyik. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub Ali Baş Komandanın siyasi iradəsi, ordumuzun qüdrəti, əsgər-zabitlərimizin şücaəti, birliyimiz, bərabərliyimiz, həmrəyliyimiz sayəsində. Həm müharibə qalibi, həm sülh müzəffəriyik. Qələbə, zəfər sədaları dünyanın dörd bir tərəfindən – Vaşinqtondan, Pekindən, əzəli-əbədi yurd yerlərimiz Xankəndidən, Şuşadan, Laçından, Zəngilandan, Naxçıvandan, bütöv Azərbaycandan ucalır göylərə. Azərbaycançılıq, milli həmrəylik, milli birlik sədalarının Naxçıvanı Azərbaycanımızın əsas hissəsi ilə birləşdirən Zəngəzur dəhlizindən eşidilməsi diləyi ilə şəhidlərimizin əziz xatirəsinə sonsuz, dərin hörmət və ehtiramlar olsun!
Nail ƏSGƏROV
Digər xəbərlər