NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Vəli Baxşəliyev: Dərsliklərimizdəki indiyədək mövcud olan qüsurların aradan qaldırılacağına əmin deyiləm

...

“Son zamanlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tarix dərsliklərinin dəyişdirilməsi ilə bağlı məsələ qaldırmışdır. Əlbəttə ki, bu çox yaxşıdır. Ancaq məsələ burasındadır ki, dərsliklərimizdəki indiyədək mövcud olan qüsurların aradan qaldırılacağına nədənsə əmin deyiləm”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri öz sosial şəbəkə hesabında tanınmış arxeoloq alim, professor Vəli Baxışəliyev yazıb. Alim paylaşımında qeyd edib ki, vaxtilə Azərbaycanı imperiyalar bölmüşdü. İndi isə tarixçilərimiz tariximizi yazarkən Azərbaycanın Arazdan şimalda və cənubda olan torpaqlarına fərq qoyur, bu bölgələrdə sosial-iqtisadi quruluşun fərqli olduğunu yazırlar: “Hörmətli dostlar, tariximizlə bağlı bəzi fikirləri sizinlə paylaşmağı özümə borc bilirəm. Əlbəttə ki, bunları yazarkən ziyalılarımızın və xalqımızın sağ duyusuna güvənirəm. Son zamanlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tarix dərsliklərinin dəyişdirilməsi ilə bağlı məsələ qaldırmışdır. Əlbəttə ki, bu çox yaxşıdır. Ancaq məsələ burasındadır ki, dərsliklərimizdəki indiyədək mövcud olan qüsurların aradan qaldırılacağına nədənsə əmin deyiləm. Vaxtilə Azərbaycanı imperiyalar bölmüşdü. İndi isə tarixçilərimiz tariximizi yazarkən Azərbaycanın Arazdan şimalda və cənubda olan torpaqlarına fərq qoyur, bu bölgələrdə sosial-iqtisadi quruluşun fərqli olduğunu yazırlar. Arxeoloji tədqiqatlar göstərir ki, e. ə. VI minilliyin sonlarından başlayaraq Azərbaycanın Araz çayından şimalda və cənubda yaşayan insanlar vahid mədəniyyətə sahib olmuşlar. Dalmatəpə mədəniyyəti, Kür-Araz mədəniyyəti, Orta Tunc dövrünün Boyalı qablar mədəniyyəti, Xocalı-Gədəbəy mədəniyyəti Arazın həm şimalında, həm də cənubunda yayılmışdır. Bu mədəniyyətlərin yayılmasında Azərbaycan torpaqlarının təbii sərvətləri, yaylaq və qışlaq maldarlığı üçün əlverişli olması şərait yaratmışdır. Araşdırmalarımız mədəniyyətlərin yayılmasında köçmə maldarlığın mühüm rol oynadığını göstərir. Ölkəmizin ərazisində, dəniz səviyyəsindən 1400-2400 m yüksəklikdə yerləşən mövsümi yaşayış yerləri e. ə. VI-V minilliklərdə köçmə maldarlığın geniş inkişaf etdiyini göstərir. Şübhəsiz ki, eyni mədəniyyəti paylaşan tayfalar fərqli ictimai quruluşda yaşaya bilməzdilər. Digər tərəfdən, hələ XX əsrin 70-80-ci illərində aparılan arxeoloji  tədqiqatlar Azərbaycanın Arazdan şimalda yerləşən torpaqlarında, xüsusilə Naxçıvan və Qarabağda, e. ə. III-II minilliklərdə şəhərlərin yarandığını sübut edir. Naxçıvanda aparılan arxeoloji araşdırmalar isə ölkəmizin bu bölgəsində e. ə. III-II minilliklərdə Qızqala, Göynükqala, Çalxanqala, Qurddağ, Bəzəkli və digər qala tipli yaşayış yerlərinin mövcud olduğunu göstərir. Belə hesab edirik ki, şəhərlərin və müdafiə tikintilərinin olduğu bir bölgədə ibtidai icmadan danışmaq elmi baxımdan düzgün deyildir. Buna görə də Azərbaycanın şimalında sinifli cəmiyyətin yaranması e. ə. III-II minilliklərdən, dövlətlərin yaranması da elə bu dövrdən götürülməlidir. Azərbaycan ərazisində ən qədim dövlət isə Manna deyil, Aratta dövləti olub”.

Nəşr edilib : 08.10.2025 11:25