NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Uzunömürlü nümunəvi ailələrlə görüşlər davam edir

...

“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublika üzrə uzunömürlü və nümunəvi ailələrlə görüşlər keçirilir.
Növbəti belə görüş Kəngərli rayonunun Xıncab kəndində, 52 illik ailə həyatı yaşayan Məmmədovlar ailəsində keçirilib. Görüşdə komitənin və Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də “Ailə könüllüləri” iştirak ediblər.
Tədbirdə çıxış edən komitə aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva və Kəngərli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Havva Əsədova uzunömürlü ailələrin gənc nəslə örnək olduğunu vurğulayaraq bu cür ailələrin ailə dəyərlərinin qorunmasında mühüm rol oynadığını bildiriblər.
Məmmədovlar ailəsinin başçısı Mərdan Məmmədov və həyat yoldaşı Elmira Məmmədova 4 övlad, 8 nəvə, 1 nəticə sahibi olan böyük bir ailənin əsasını qoyublar. Onlar uzun və xoşbəxt ailə həyatının təməlində qarşılıqlı hörmət, səbir və milli dəyərlərə sadiqliyin dayandığını qeyd edərək gənc nəslə ailə həyatı ilə bağlı tövsiyələrini bölüşüblər.
Görüşün sonunda komitə tərəfindən Məmmədovlar ailəsinə hədiyyə təqdim olunub.

Nəşr edilib : 14.11.2025 20:46