NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Uşaq hüquqlarının qorunması və təbliği diqqətdə saxlanılır

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, 23 sentyabr 2024-cü il tarixdə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə cəmiyyətin həssas qrupu olan uşaqların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması üçün icra işlərində uşaq hüquqlarının qorunması və təbliği məqsədilə növbəti maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyətinin əməkdaşı Rəfail Əhmədov açıb.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli bildirib ki, uşaqların qanunla tənzimlənən və əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları hüquqlar insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı vardır. Ona görə də bu sahədə maariflənmənin əhəmiyyəti böyükdür.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Esmira Həsənova uşaqların təhsil almaq hüququnun qorunması və onların təhsildən yayınmalarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
30 nəfərin yararlandığı tədbirdə maarifləndirici broşürlər paylanılıb.

Nəşr edilib : 23.09.2024 20:38