NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Uşaq hüquqları aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib

...

Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin və İstintaq bölməsinin əməkdaşları tərəfindən “20 oktyabr - 20 noyabr tarixləri - Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqlarının qorunmasına dair Şahbuz şəhərində tədbir keçirilib. Şahbuz Şəhər Məhkəməsinin inzibati binasında təşkil olunan tədbirdə şəhər icra və probasiya bölməsinn icraatında olan uşaqla ünsiyyət tələbinə dair icra sənədləri üzrə tərəflər iştirak edib.
Nazirliyin İcra və probasiya şöbəsinin rəis müavini Rəşad Allahverdiyev uşaqların aliment almaq və valideynləri ilə ünsiyyət hüququ barədə qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Vurğulanıb ki, nazirlik tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq icra və probasiya qurumlarının icraatında olan aliment və uşaqla ünsiyyət tələbinə dair çoxsaylı icra işlərini daim nəzarətdə saxlayır, həmin işlərin əksəriyyətinin icrası müntəzəm olaraq təmin edilir. Aliment uşağın ehtiyaclarını qarşılamaq məqsədi ilə ödənilir. Hər bir halda valideyn məcburiyyət tədbirləri olmadan belə, imkanı çatan vəsaiti övladından əsirgəməməli, onun hüquqlarının qorunması baxımından əlindən gələni etməlidir. Aliment və uşaqla ünsiyyətlə bağlı yaranan münaqişələr ailədə uşağın psixologiyasına mənfi təsir göstərir. Natamam ailədə böyüyən uşaq nəinki maddi baxımdan, həm də mənəvi baxımdan əziyyət çəkir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə ünsiyyətinə mane olmamalıdır. 
Sonra nazirliyin İstintaq bölməsinin baş müstəntiqi Asət Mirzəyev uşaq hüquqlarının pozulması və onların mənafeyinə zidd olan əməllərin törədilməsinə görə nəzərdə tutulmuş məsuliyyət barədə çıxış edib. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə məlumat verib. Vurğulanıb ki, ailə qanunvericiliyimizə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideynlər onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla görüş və ünsiyyətdə olmaq hüququnun təmin edilməsi ilə bağlı borclu tərəf üzərinə düşən öhdəlikləri lazımınca bilməli və ona əməl etməlidir
Sonda mövzu ətrafında  fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Nəşr edilib : 01.11.2024 16:36