NAXÇIVAN :

10 Mart 2026, Çərşənbə axşamı

“Uşaq bağçalarında sanitar-gigiyenik vəziyyət" mövzusunda seminar keçirilib

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhər 10
nömrəli uşaq bağçasında “Uşaq bağçalarında sanitar-gigiyenik vəziyyət" mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun aktuallığından və seminarın əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova çıxış edərək bildirib ki, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət sağlam mühitin formalaşmasında əsas şərtlərdən biridir. Təmizlik, havalandırma və digər qaydalara əməl olunması uşaqların sağlamlığının qorunmasına xidmət edir. Otaqların və avadanlıqların  mütəmadi təmizlənməsi infeksiyaların yayılmasının qarşısını alır. Sanitariya qaydalarına riayət edilməsi uşaqlar üçün təhlükəsiz və rahat mühit yaradır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Qurbani İbrahimov çıxış edərək qeyd etmişdir ki, sanitar-gigiyenik normalara riayət olunması uşaqlar arasında xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Təmiz su, düzgün qidalanma mühiti və dezinfeksiya tədbirləri sağlamlığın qorunmasına təsir göstərir. Xəstəliklərin yayılma riskinin azalması üçün mütəmadi tibbi nəzarət və profilaktik tədbirlər vacibdir. Gigiyena qaydalarına əməl olunması uşaqların immun sisteminin qorunmasına kömək edir.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə Ağayeva vurğulayıb ki, təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyət təlim prosesinin keyfiyyətinə mühüm təsir göstərir. Təmiz və səliqəli mühit uşaqların diqqətinin yayınmasının qarşısını alır və öyrənməyə marağı artırır. Gigiyena qaydalarının öyrədilməsi uşaqlarda düzgün vərdişlərin formalaşmasına kömək edir. Sağlam mühitdə təhsil alan uşaqlar daha aktiv və məhsuldar olurlar.
Seminar diskussiya şəklində davam etmiş, iştirakçılara mövzu ilə əlaqədar broşürlər paylanılıb.

Nəşr edilib : 10.02.2026 20:49