Milli Məclisin sədri Sahibə Qafarova Kamerunun Baş...
22:45 01.09.2026
0
0
0
NAXÇIVAN :
01 Sentyabr 2026, Çərşənbə axşamı
Şərur Rayon Mədəniyyət Sarayında Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid baş leytenant Əliyev Əli Cavad oğlunun doğum günü münasibətilə onun xatirəsinə həsr olunmuş “Əfsanəyə dönən ömür – Əli” kitabının təqdimat mərasimi keçirilib.
“Şərq qapısı” qəzetinin Humanitar-siyasət şöbəsinin müdiri, jurnalist Ramiyə Əkbərovanın qələmə aldığı kitab şəhid Əli Əliyevin həyat və döyüş yoluna həsr olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "Qurani-Kərim"dən ayələr oxunaraq şəhidlərimizin ruhuna dualar edilib.
Mərasimdə Şərur Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Çıxışlarda qəhrəman zabitin şərəfli ömür və döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1997-ci il sentyabrın 1-də Şərur rayonunun Yengicə kəndində anadan olan Əli Əliyev ilk təhsilini doğma kəndində alıb. 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2019-cu ildə leytenant hərbi rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb.
Qeyd olunub ki, Əli Əliyev 2020-ci il Vətən müharibəsində Tərtər, Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə, 2022-ci ilin martında Fərrux kəndi istiqamətində keçirilən əməliyyatlarda iştirak edib.
Həmin ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması məqsədilə keçirilən “Qisas” əməliyyatı zamanı 3099 yüksəkliyinin azad olunması uğrunda gedən döyüşdə kəşfiyyat qrupunun komandiri kimi qəhrəmancasına şəhid olub.
Şəhid Əli Əliyev göstərdiyi şücaətə görə sağlığında “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Cəsur döyüşçü” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Tədbirdə çıxış edənlər Əli Əliyevin yüksək vətənpərvərlik duyğularından, Vətənə və dövlətə sədaqətindən, zabit şərəfini hər zaman uca tutmasından söz açıblar. Ölkəmizdə formalaşan xalq-ordu birliyinin əhəmiyyəti vurğulanıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs edilib.
Anım mərasimində şəhid Əli Əliyevin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra şəhidin valideynləri övladlarının ömür yolundan bəhs edən kitabın ərsəyə gəlməsinə, Əlinin əziz xatirəsinin yaşadılmasına görə Ramiyə Əkbərovaya təşəkkürlərini bildiriblər.
Sonda yeni nəşr olunan kitab tədbir iştirakçılarına təqdim olunub. Xatirə fotosu çəkdirilib.
Digər xəbərlər