NAXÇIVAN :

16 Iyul 2026, Cümə axşamı

Universitet tələbəsi müsabiqədə qızıl medal qazandı

...

Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Fizika müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Nuray Əhmədova Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Erudit” Beynəlxalq Onlayn Astronomiya və Astrofizika Müsabiqəsində “Günəş sistemi” mövzusu üzrə bütün 15 sualı düzgün cavablandıraraq I yerə layiq görülüb və qızıl medalla təltif edilib. Gənc tələbə qazandığı uğur və bu uğura aparan yol barədə təəssüratlarını bizimlə bölüşüb.

Nuray Əhmədova bildirib ki, astronomiyaya marağı hələ orta məktəb illərində yaranıb. Onun sözlərinə görə, astronomiya ayrıca fənn kimi tədris olunmasa da, coğrafiya dərslərində tədris olunan “Günəş sistemi” mövzusu onda kainatın sirlərini öyrənməyə böyük həvəs yaradıb: “Naxçıvan Dövlət Universitetinin Fizika müəllimliyi ixtisasına qəbul olduqdan sonra bu marağım daha elmi və sistemli xarakter aldı. Fizika və astronomiya bir-biri ilə sıx bağlıdır. Kainatda baş verən prosesləri fizika qanunları olmadan izah etmək mümkün deyil”.

Tələbə qeyd edib ki, beynəlxalq müsabiqəyə hazırlıq prosesi olduqca maraqlı keçib. Hazırlıqlar astronomiya üzrə fəlsəfə doktoru Ruslan Məmmədovla Naxçıvan Dövlət Universitetinin Batabat Astrofizika Rəsədxanasının şəhər bazasında həyata keçirilib:  “Ruslan müəllimlə həftədə 3-4 gün olmaqla, dərslərdən sonra birlikdə çalışır, mövzuları dərindən təhlil edirdik. Bu hazırlıq müddətində Ruslan müəllimdən öyrəndiyim ən dəyərli şey elmə sistemli yanaşmaq, detallara diqqət yetirmək və səbirlə çalışmaq oldu. O, sualları düzgün cavablandırmaqla yanaşı, onların mahiyyətini dərk etməyin də tərəfdarıdır”.

Nuray Əhmədova vurğulayıb ki, müəllimin ona göstərdiyi dəstək beynəlxalq müsabiqədə uğur qazanmasına mühüm təsir göstərib: “Ruslan müəllimin mənə olan inamı içimdəki tərəddüdləri yox edib, öz gücümü kəşf etdirdi və beynəlxalq müstəvidə təqdim olunan 15 sualın hamısını düzgün cavablandırmağımda həlledici rol oynadı”.

Müsabiqə barədə danışan tələbə bildirib ki, “Erudit” Beynəlxalq Onlayn Astronomiya və Astrofizika Müsabiqəsi Moskva şəhərində fəaliyyət göstərən “Erudit” Elmi-Maarif Mərkəzi tərəfindən təşkil olunur və dünyanın müxtəlif ölkələrindən gəncləri bir araya gətirir: “Müsabiqədə Rusiya da daxil olmaqla, 12 ölkədən iştirakçılar var idi. Onlayn formatın maraqlı tərəfi isə nəticənin dərhal elan olunmasıdır. Sualları cavablandırıb yekun düyməsini sıxdıqdan sonra sistem nəticəni və tutduğum yeri dərhal göstərir. Həmin an keçirdiyim sevinc hissini sözlə ifadə etmək çətindir”. Nuray Əhmədova bildirib ki, bu uğur onun üçün yeni hədəflərə aparan başlanğıcdır: “Bu nəticə mənə daha böyük məsuliyyət və motivasiya verdi. Gələcəkdə astronomiya və astrofizika sahəsində biliklərimi daha da inkişaf etdirmək, beynəlxalq elmi müsabiqələrdə ölkəmizi uğurla təmsil etmək istəyirəm”.

Nuray Əhmədovanın elmi rəhbəri, Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının müəllimi, astronomiya üzrə fəlsəfə doktoru Ruslan Məmmədov da tələbəsinin uğurundan qürur duyduğunu bildirib: “Nuray çalışqan, məsuliyyətli və məqsədyönlü tələbədir. Bu qələbə onun zəhmətinin nəticəsidir və inanıram ki, gələcəkdə daha böyük uğurlara imza atacaq”.

Əslində, Nuray Əhmədovanın astronomiya dünyasında qazandığı bu tarixi uğur həm universitetin elmi nailiyyətlərinə dəyərli bir töhfə verir, həm də elmə maraq göstərən digər gənclər üçün əsl ilham mənbəyinə çevrilir.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 16.07.2026 15:52