NAXÇIVAN :

13 Iyun 2025, Cümə

TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib - YENİLƏNİB

...

İyunun 12-də Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclası keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, iclasda TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova çıxış edərək, bu toplantıda aparılacaq fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

O, çıxışında Milli Məclisin təşkilata sədrliyi dövründə görülən işlər haqqında hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Spiker Sahibə Qafarova deyib ki, Milli Məclisin quruma sədrliyi 13-cü Şura iclası zamanı qəbul edilən Fəaliyyət Planı əsasında həyata keçirilib. Ötən dövrdə daimi komissiyaların iclasları Fəaliyyət Planına uyğun olaraq müntəzəm şəkildə keçirilib, üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması istiqamətində fəaliyyət davam etdirilib.

Hesabatda həmçinin ölkələrimizdə qadınların və gənclərin rolunun artırılması, üzv parlamentlərimizin qadın və gənc təmsilçiləri arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun işi əhəmiyyətli qiymətləndirilib və bu sahədə keçirilən tədbirlər təqdir edilib. TÜRKPA çərçivəsində ayrı-ayrı parlament komitələrinin çoxtərəfli əməkdaşlığı və dialoqu da ümumi işimizə mühüm töhfə kimi qiymətləndirilib.

Qeyd olunanlarla yanaşı, Milli Məclisin təşkilata sədrliyi dövründə TÜRKPA-nın beynəlxalq əlaqələrinin inkişafı və gücləndirilməsi, digər təşkilatlarla münasibətlərinin daha da təkmilləşdirilməsi işinin də uğurla davam etdirildiyi qeyd olunub.

Daha sonra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul olunub, həmçinin təşkilata sədrlik Qazaxıstana keçib.

09:56

Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Azərbaycandan Qazaxıstana keçib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə TÜRKPA Şurasının Astanada keçirilən 14-cü iclasında qərar qəbul edilib.

Belə ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova sədrliyi qazaxıstanlı həmkarına təhvil verib.

Nəşr edilib : 12.06.2025 12:00