NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Divarlarım arasında zaman bir-birindən ayrılmır...

...

Naxçıvan Dövlət Tarix Muzeyi

“Kim bilir neçədir dünyanın yaşı

Tarixin nə qədər yazısı vardır.

Hər saxsı parçası, hər məzar daşı,

Nəsildən-nəslə bir yadigardır.”

Səməd Vurğunun bu misralarında tarixə sığmayan bir yaddaş var. Naxçıvan Dövlət Tarix Muzeyinin 32 mindən çox eksponatı da həmin yaddaşın qorunub saxlanılan səhifələrindəndir. Burada qədim dövrlərə aid nümunələr arasında dolaşmaq bəzən adi bir muzey gəzintisindən daha çoxuna çevrilir – sanki zamanın içindən keçib keçmişə səyahət edirsən. Qarşına çıxan hər əşya isə səni başqa bir suala aparır: bunu kim hazırlayıb, kim istifadə edib, hansı dövrün nişanəsi olub? Bəlkə də, bu sualların cavabını elə muzeyin özündən eşitmək lazımdır…

Mən 1924-cü ildən bu diyarda öz eksponatlarımla bir tarix kitabı yaradan Naxçıvan Dövlət Tarix Muzeyiyəm. Divarlarım arasında zaman bir-birindən ayrılmır. Qədimlə yeni, gündəlik həyatla sənət, məişətlə mübarizə bir yaddaşın içində yaşayır. Bəzən ziyarətçimin diqqətini bir eksponat çəkir, bəzən isə heç gözləmədiyi bir detal onu keçmiş haqqında düşünməyə vadar edir. Məsələn, bir saxsı parçası qarşısında dayananda onun nə qədər sadə göründüyünü düşünə bilərsiniz. Amma mən onun sadəliyində böyük bir tarix görürəm. Çünki o, vaxtilə bir evin içində olub, bir insanın əlinə toxunub, gündəlik həyatın bir hissəsini yaşayıb. Bu gün isə həmin həyatın bizə gəlib çatan kiçik bir izidir. Məni görməyə gələn uşaqların ən çox verdiyi suallardan biri də budur: “Bunlar doğrudanmı bu qədər qədimdir?” Mən isə cavabımı sözlə yox, özümdə qoruduğum eksponatlarla verirəm. Bəzənsə bir ziyarətçi hansısa milli geyimin qarşısında dayanır və onun naxışlarına diqqətlə baxır. Həmin anda istəyirəm ki, o, sadəcə, geyimi deyil, həmin geyimi yaradan insanın zövqünü, sənətini, yaşadığı dövrü də görsün. Çünki bir xalqın tarixini yalnız tarix kitablarından deyil, onun yaratdıqlarından da oxumaq mümkündür.

Gəl sənə ən çox diqqətçəkənlər arasında yer alan məzarüstü sənduqələrdən danışım. Ölümün səssiz gəlişi kimi, onlar da səssiz dayanıblar. Amma hər biri öz dövründən bu günə bir iz gətirib. Üzərlərindəki işləmələr, forması və hazırlanma xüsusiyyətləri keçmiş insanların dəfn ənənələri, dünyagörüşü və sənətkarlıq bacarığı haqqında məlumat verir. Bir zamanlar bir məzarın başında dayanan bu daşlar indi mənim divarlarım arasında qorunur. Onlara baxan hər kəs yalnız bir məzar nişanəsi görməməlidir; burada keçmiş insanın həyata, ölümə və yaddaşa münasibətinin izlərini də görmək mümkündür.

Yaddaşıma yenicə əlavə olunan eksponatlar sırasında isə ziyalı Səkinə Rzalıya aid xalça nümunəsi də var. Yaxın qohumu tərəfindən mənə təqdim edilən bu xalçanın üzərində Səkinə Rzalının portreti təsvir olunub. İlmələrə hopan bu portret sanki bir insanın simasını deyil, onun xatirəsini də yaşadır. İndi bu xalça da mənim qoruduğum tarixin bir parçasına çevrilib. Bir vaxtlar bir evdə qorunan bu sənət nümunəsi bu gün artıq daha böyük bir yaddaşın – muzey yaddaşının içində öz yerini tutub.

Mənim hekayəm yalnız ziyarətçilərin gördüyü bu ekspozisiya zallarından ibarət deyil. Divarlarımın arxasında, aşağı mərtəbəmdə daha bir dünya yaşayır – fondum. Burada ekspozisiyada görə bilmədiyiniz çoxsaylı eksponatlar qorunur. Onların hər biri öz növbəsini gözləyən başqa bir tarix parçasıdır. Mən istəmirəm ki, həmin eksponatlar yalnız fondun sakitliyində qalsın. Ona görə də ekspozisiyamda müəyyən müddətdən bir dəyişikliklər edilir, fondda qorunan nümunələrin bir qismi nümayişə çıxarılır, əvvəl gördüyünüz bəzi eksponatlar isə öz yerini başqalarına verir. Beləcə, məni ziyarət edənlər hər dəfə eyni tarixlə qarşılaşmır, yeni bir eksponat, yeni bir hekayə ilə tanış olmaq imkanı qazanırlar. Bu dəyişiklik yalnız ziyarətçiyə yeni nümunələr göstərmək üçün deyil. Həm də mənim qoruduğum zənginliyin daha böyük hissəsinin insanlara çatdırılması üçündür. Ona görə məni görmək üçün bir dəfə gəlib getməklə kifayətlənməyin. Bəzən eyni zallara yenidən qayıdın. Bəlkə bu dəfə qarşınızda əvvəl görmədiyiniz bir eksponat çıxacaq. Bəlkə də, sizi yüz illər əvvələ aparan tamam başqa bir hekayə ilə tanış edəcək. Çünki mənim üçün hər yeni eksponat yalnız vitrində dəyişən bir əşya deyil, keçmişdən gələn yeni bir səsdir. Hər dəfə qapılarım açıldıqda həmin səslər yenidən danışmağa başlayır. Bəzən bir daş, bəzən bir xalça, bəzən də sadə görünən həvəngdəstələr…

Mən isə onları qoruyuram ki, zaman keçdikcə heç biri susmasın. Çünki tarix yalnız yaşanmış günlər deyil, bu günə çatdırılan yaddaşdır. Mən isə həmin yaddaşın əmanətçisiyəm.

Səmayə RƏSULOVA

Nəşr edilib : 30.10.2026 09:16