NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Türkiyənin “Mədəni Azərbaycan” jurnalının xüsusi buraxılışı dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunub

...

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında İstanbulda yayımlanan “Mədəni Azərbaycan” (“Kültürel Azerbaycan”) jurnalının növbəti buraxılışı dahi Azərbaycan şairi, türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunub.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Azərbaycan Mədəniyyət Mərkəzi ilə jurnalın rəhbərliyi arasında ötən ilin əvvəlində razılıq əldə edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə bağlı yazı ilə açılan jurnalda ölkə başçımızın sənəddə qeyd etdiyi “Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır” ifadəsinə xüsusi yer verilib.

“Mədəni Azərbaycan” jurnalında hər iki ölkənin Füzulişünas alimləri, o cümlədən akademik Rafael Hüseynov, professorlar Ataəmi Mirzəyev, Lalə Əlizadə, Mahirə Hüseynova, türkiyəli professorlar Cemal Kurnaz, Mustafa İse, İsmet Çetin və digərlərinin məqalələri dərc edilib.

Yazılarda dahi şairin yaradıcılığının türk dünyası ədəbiyyatına verdiyi töhfələr və onun əhəmiyyəti vurğulanıb.

Azərbaycan Mədəniyyət Mərkəzi həm çap, həm də elektron formatda yayımlanan jurnalın nüsxələrinin Türkiyənin aparıcı kitabxanalarına, elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsini planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 iliyi münasibətilə başlatdığı layihə əsasında ötən il Türkiyənin Qazi Universitetində elmi simpozium, bədii-musiqili kompozisiya təşkil olunub, türk dilində “Füzuli divanı” adlı kitab hazırlanaraq XXI Ankara Kitab Sərgisində geniş ictimaiyyətə təqdim edilib.

Nəşr edilib : 06.01.2025 17:11