NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

...

Azərbaycan ilə Ermənistan arasında aparılan sülh prosesində bu günədək əldə edilmiş irəliləyişləri məmnuniyyətlə qarşılayırıq. Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının regionun sabitliyinə və rifahına mühüm töhfə verəcəyinə inanırıq.

"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zəfər Tarıkdaroğlu Bakı Dialoqu formatında IV beynəlxalq konfransın plenar sessiyasında çıxışı zamanı deyib.

"Sülh və normallaşma proseslərində irəliləyiş əldə edilərkən keçmişdə baş vermiş münaqişələrin geridə qoyduğu humanitar nəticələrin də nəzərdən keçirilməsinin böyük əhəmiyyət daşıdığını düşünürük. Davamlı sülhün bərqərar olması yalnız gələcəyə yönəlmiş siyasi tənzimləmələrin yaradılması ilə təmin edilə bilməz. Keçmişin geridə qoyduğu humanitar məsələlərin də mümkün qədər həll olunması böyük əhəmiyyət daşıyır. Bu baxımdan, bu gün burada itkin şəxslər məsələsini müzakirə etməyimiz xüsusi məna kəsb edir. Çünki bu məsələ yalnız keçmişdə baş vermiş bir hadisənin aydınlaşdırılması deyil. Hər bir itkin şəxsin arxasında illərlə davam edə bilən qeyri-müəyyənlik və yaxınlarından xəbər gözləyən ailələr dayanır. İtkin şəxslərin taleyinin aydınlaşdırılması, ilk növbədə, bu ailələrin qeyri-müəyyənliyinə son qoymaq baxımından hamımızın humanitar məsuliyyətidir. Bununla yanaşı, bu istiqamətdə atılacaq addımların cəmiyyətlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə və davamlı sülhün ictimai əsaslarının möhkəmləndirilməsinə də töhfə verəcəyi bir həqiqətdir", - deyə nazir müavini bildirib.

Nəşr edilib : 07.10.2026 15:51