NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

...

Bu gün Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində yan tədbir təşkil olunub. "Böyükmiqyaslı araşdırmaların həyata keçirilməsində beynəlxalq təcrübə: Üç onillik təcrübə – mərhələlər və inkişaf edən təcrübələr" adlı tədbir İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) təşkilatçılığı ilə keçirilib.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə çıxış edən ICMP-nin baş direktoru Katrin Bomberger bildirib ki, məcburi yoxaçıxmadan danışarkən dövlət tərəfindən və ya dövlət adından fəaliyyət göstərən siyasi aktorların törətdikləri əməllər nəzərdə tutulur. O qeyd edib ki, bu hallar insan hüquqlarının pozulmasına səbəb olur: "Həm insan fəaliyyəti nəticəsində baş verən, həm də digər fəlakətlər, o cümlədən terror aktları və başqa kütləvi hadisələr zamanı itkin düşən şəxslər var. İqlim dəyişmələri və münaqişələr səbəbindən dünyada getdikcə daha çox miqrant itkin düşür. Bu gün Avropada rəqəmlər olduqca böyükdür. Hazırda Avropada 70 mindən çox ölmüş və itkin düşmüş miqrant var".

Baş direktorun sözlərinə görə, münaqişələr zamanı itkin düşənlərin əksəriyyətini getdikcə daha çox mülki şəxslər və döyüşçülər təşkil edir. Onların arasında əsasən yoxsul insanlar da var: "Bu, xüsusilə azlıq təşkil edən qrupların nümayəndələri və miqrantlarla bağlı hallarda özünü göstərir. İtkin düşən şəxslərin sayı artır. Biz itkin şəxslərin ailələrinin hüquqlarını bərpa etmək istəyirik. İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var. Onlar itkin düşmüş yaxınlarının harada olduğunu öyrənməlidirlər. Buna görə də faktları müəyyənləşdirməli və qeyri-müəyyənliyə son qoymalıyıq. Eyni zamanda, qanunun aliliyini gücləndirməliyik. Dövlət institutlarına inam yaratmalı, ədaləti və hesabatlılığı dəstəkləməli, barışığa töhfə verməliyik. İtkin şəxslərin uçotunun aparılması, həmçinin sosial həmrəyliyi və cəmiyyətin dayanıqlılığını gücləndirir. Bunlar son dərəcə mühüm səbəblərdir. Düşünürəm ki, bu səbəbdən Azərbaycanı bu gün belə yüksək səviyyədə, çoxsaylı ölkələrin iştirakı ilə hər kəsi bir araya gətirdiyinə görə təqdir etmək lazımdır. Çünki bu, yalnız bir ölkənin problemi deyil. Bu, qlobal problemdir", - deyə Katrin Bomberqer bildirib.

Bosniya və Herseqovinanın baş məhkəmə-tibb antropoloqu Draqana Vuketiç çıxışında Srebrenitsa hadisələrindən danışıb. O xatırladıb ki, 1999-cu ildə ICMP identifikasiya layihəsini yaradıb: "ICMP yerli və xarici ekspertlərə dəstək verdi. Həmçinin qalıqların yoxlanılması üçün xüsusi layihə hazırlamışdılar. Nəticələr ürəkaçan deyildi. Srebrenitsa hadisələri ilə bağlı eyniləşdirmə prosesinin başlanğıcında iki kitab hazırlanmışdı. İtkinlərin fotoları ailə üzvlərinə göstərildi və ancaq onlar tərəfindən tanınmadı. Eyni şəkil bir neçə şəxsə aid edilirdi. 2000-dən çox ailə üzvü prosesdə iştirak etsə də, 6 nəfərin şəxsiyyəti müəyyənləşdirildi. Bu gün Srebrenitsa qurbanlarının 80 faizindən çoxunun şəxsiyyəti müəyyən edilib, qalan kütləvi və gizli dəfn yerlərini tapmaq üçün axtarışlar davam edir".

ICMP-nin nümayəndəsi Adnan Rizviç isə çıxışında itkin şəxslərdən danışarkən rəqəmlər və məlumatlar haqqında düşünülməli olduğunu qeyd edib: "Məlumatların toplanması, adətən, müxtəlif qurumlar tərəfindən həyata keçirilir. Bu isə məlumatların toplanmasına, saxlanmasına, qorunmasına və paylaşılmasına imkan verən etibarlı sistemin yaradılmasını prosesin özü üçün son dərəcə vacib edir. Mənim qənaətimə görə, itkin şəxslərlə bağlı, xüsusilə də genişmiqyaslı problemlə üzləşən hər bir dövlətin atmalı olduğu əsas addımlardan biri məlumatların idarəolunmasına dair düzgün mexanizm yaratmaqdır. Bu mexanizm, əsasən, iki mühüm komponentdən ibarətdir. Bunlardan biri bütün itkin şəxslərin qeydiyyatını aparan mərkəzi reyestrdir. Məsələn, Bosniyada bütün itkin şəxslər haqqında təsdiqlənmiş məlumatların yer aldığı belə bir mərkəzi reyestr mövcuddur. Digəri isə işlərin idarəolunmasını, hesabatların hazırlanmasını və digər prosesləri dəstəkləyən vasitədir. Eyni zamanda, dövlət itkin şəxslərlə bağlı məlumatların izlənilməsini, qeydə alınmasını və saxlanmasını təmin edən effektiv məlumat idarəetmə sistemi yaratmalı və ya mövcud sistemi uyğunlaşdırmalıdır. Bununla belə, konkret məlumat dəstlərinin toplanması üçün müxtəlif texnologiyalara ehtiyac ola bilər. Həmin iki sistem bir-biri ilə rəqabət aparan sistemlər deyil. Əksinə, bir-birini tamamlayır. Ən yaxşı ssenaridə isə bu iki sistem bir-biri ilə əlaqəli və sinxron fəaliyyət göstərən iki mühərrik kimi işləməlidir".

Yan tədbir sual-cavab sessiyası ilə öz işini yekunlaşdırıb.

Nəşr edilib : 07.10.2026 17:29